Sağlığında qiymət verin insanlara! Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sağlığında qiymət verin insanlara!

Bunu bir vaxtlar Cabir Novruz demişdi. Amma tanınmış şairimiz sağlığında əlbət ki öz qiymətini aldı. Oxucu rəğbəti, fəxri ad, cild-cild dövlət nəşrləri...

Bu gün şairin anım günüdür.

 

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikomunda Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirib.

1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilib.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, "Azərbaycan SSR əməkdar incəsənət xadimi" (30. iyul 1979), "Azərbaycan Respublikasının xalq şairi" (9. dekabr 1999) fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində Bakı şəhərində vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.