Bir Ağamalı Sadiq keçdi bu dünyadan Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qazağın İncə dərəsindən çıxıb dünyaya pərvazlanan, şeirləri ilə qəlbləri riqqətə gətirən, milli azadlıq hərəkatında öncüllərdən olan, amma ürəyi sözünə baxmayan, qəfil aramızdan gedən bir Ağamalı Sadıq Əfəndi keçdi bu dünyadan...

 

Sən əylənmə, Aylı dağda qar azdı,

Mənim yolum Həkəridi, Arazdı,

Görən yazan taleyimə nə yazdı,

Göz yaşımı silə-silə yaşadım...

Ağamalı Sadiq 1947-ci ilin mart ayının 8-də Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirib. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlayıb (1964–1972). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış, jurnalistika istisasına yiyələnib (1972–1977).

Universiteti bitirdikdən sonra "Yazıçı" nəşriyyatında korrektor (1978–1981), "Maarif" nəşriyyatında redaktor (1983–1986), "Ulduz" dərgisində ədəbi işçi (1986–1990), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993) vəzifələrində çalışıb. Ağamalı Sadiq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə fəal iştirak edib, 1988-ci ildə başlayan Meydan hərəkatının öncüllərindən biri olub. 1991-ci ildə "Müxalifət" qəzetini yaratmış və qəzetin ilk baş redaktoru olub.

Şeir, hekayə, povest və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış edib. "Mənə ümid verin" adlı ilk şeirlər kitabı 1982-ci ildə "Yazıçı" nəşriyyatında yayımlanıb. Vəfatından sonra yayınlanan "Əyil səndən keçim dünya" adlı kitabına isə şeirləri və poemaları daxil edilib. Poeziya yaradıcılığında imtimai mövzular ağırlıq təşkil etməkdədir. Onun bədii nəsr sahəsində ədəbi uğuru "Başsız" povesti ilə bağlıdır. İlk dəfə "Ulduz" dərgisində böyük ixtisarla yayınlanan bu əsər geniş oxucu kütləsinin marağına səbəb olub

 

Kitabları

Mənə ümid verin (Şeirlər və poema)

Əyil səndən keçim dünya (Şeirlər və poema)

Başsız (povest)

 

Əsərləri türk, özbək və rus dillərinə tərcümə olunub. 1995-ci ilin dekabr ayının 24-də vəfat edib, vəsiyyətinə uyğun olaraq doğulduğu Qaymaqlı kəndində dəfn olunub

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.