“Dünyadan gör necə insanlar gedib" - Hüseyn Abbaszadənin anım gününə Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadənin anım günüdür.

 

Hüseyn Abbas oğlu Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılıb. O, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, birinci və dördüncü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçib.

Müharibədən qayıtdıqdan sonra 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil alıb.

Yazıçı bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlayıb, daha sonra poeziya ilə başladığı bu mövzunu nəsrlə davam etdirib. Onun iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış general Həzi Aslanova həsr etdiyi “General” romanı çox böyük oxucu rəğbəti qazanmaqla yanaşı, müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını əks etdirib.

Əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958-1964-cü illərdə “Göyərçin” jurnalı redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin, 1972-1975-ci illərdə isə yenidən “Göyərçin” jurnalının baş redaktoru olub. O, 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb.

Yazıçı 2007-ci il dekabrın 12-də 86 yaşında vəfat edib.

Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə Hüseyn Abbaszadə bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.