Şeir saatı Təranə Dəmirlə Featured

“Ədəbiyyat və incəsənət” 2 gün dalbadal – bu gün və sabah sizlərə Təranə Dəmirin yeni şeirlərini təqdim edir.

 

 

YENƏ PAYIZ...

 

Yenə payız, yenə şəhər,

 qarışıq küçələr,

 yarıçılpaq ağaclar,

 yiyəsiz skamyalar,

üstündə göyərçin ləpirləri-

bir az da xəzəl qırıntıları.

Addım səsləri, maşın siqnalları,

benzin qoxusu.

Küləkdən asılan adamlar,

Yelləncək qollardan yapışan

boş ümid çantası.

Parıltısı uzaqdan vuran mağazalar,

qandonduran qiymətlər,

Yoldan keçənlərin  bədduası.

Endirimdəki növbələr, 

Sırasını gözləyən qadınların gecikmək qorxusu.

Pıçıltılar, yalvarışlar, şikayətlər-

Yol verin, yol verin, Allah rizası.

Siqaret tüstüsündə boğulan sərxoş kafelər,

Köhnə binaların pəncərəsindəki lal sükut,

Nazlı, qəmzəli göydələnlərin göyə dırmaşmaq iddiası,

Gəlib keçən boyalı xanımların selikon ədası 

Və biz--

Sən, mən və dəniz.

Bir də...

Bir də ruhumuzda tərtəmiz payız havası..

 

 

ÖZÜMDƏN TUTDUM...

 

Həmişə qaçdım özümdən,

Qaçdıqca yolum uzandı.

Əlimi səmaya açdım,

Açdıqca qolum uzandı.

 

Günahdan günaha düşdüm,

Batdıqca batdım günaha.

Özümə gücüm çatmadı,

Çatdıqca çatdım günaha.

 

Aldandım Ol yiyəsinə,

Öldüm ölümdən qayıtdım.

Ürəyimdə ocaq çatdım,

Yandım, külümdən qayıtdım.

 

Heç kimə deyə bilmədim,

İçimdə sözüm qaraldı.

Baxdım ömrümün dalınca,

Baxdıqca gözüm qaraldı.

 

Hər şey özümdə başladı,

Tükəndim, bitdim özümdə.

Əlim heç nəyə yatmadı,

Əl atdım, tutdum özümdən.

 

 

BAŞ AÇAMMADIM...

 

Qulağıma səda gəldi,

Küyündən baş açammadım.

Bağladılar sirr qapısın,

Düyündən baş açammadım.

 

Özüm özümlə yarışdım,

Gah küsdüm, gah da barışdım,

Axır qaynayıb qarışdım,

Oyundan baş açammadım.

 

Buğda səpdim, alaq çıxdı,

Kök bildiyim calaq çıxdı,

Yaxınlar da uzaq çıxdı,

Soyundan baş açammadım.

 

Yelə verdim döz ömrümü,

Yola verdim söz ömrümü,

Yaşamadım öz ömrümü,

Huyumdan baş açmadım.

 

Qartal küsdü yuvasından,

Bülbül düşdü avazından,

Azadlığın havasından,

Suyundan baş açammadım.

 

Çörək tapdım yavanından,

Qaçammadım zavalından,

Zurnasından, qavalından,

Neyindən baş açammadım.

 

Zülməti boğa bilmədim,

Söykəndim yoxa, bilmədim,

Yerimə sığa bilmədim,

Göyümdən baş açammadım.

 

 

DAĞLARA, DAŞLARA…

 

Döndüm dəli küləklərə,

Əsdim dağlara, daşlara.

Səs saldım, haray qopardım,

Susdum dağlara, daşlara.

 

Səsimə gələn olmadı,

Dərdimi bilən olmadı,

Eşqimdən ölən olmadı,

Dözdüm dağlara, daşlara.

 

Aşa bilmədim kədəri,

Bu qisməti, bu qədəri,

Ürəyimdən keçənləri

Yazdım dağlara, daşlara.

 

Ömrümü çəkdim payıza,

Ruhumu bükdüm payıza,

Hirsimi tökdüm payıza,

Küsdüm dağlara, daşlara.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.