Qulu Ağsəsin Xankəndiyə ithafən yeni şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalı sevimli şairimiz, sevimli jurnalımız “Ulduz”un baş redaktoru Qulu Ağsəsin Zəfər günümüzlə səsləşən, Xankəndiyə ithaf edilmiş yeni şeirini təqdim edir.

 

Xankəndi və M.Zəkiyə

 

Tavanı – göy şüşəli,

Döşəməsi – meşəli...

Ovçunun yuxusunda

Marala bənzəyir o.

Dağların yaxasında

Medala bənzəyir o.

Burda bahar payızı,

Qış yayı məst eləyir.

Bu yerlərin havasın,

Bu göylərin yağışın

Üzeyir bəstələyir.

Burda doğulmur adam

Əkilir şitil kimi.

Adladım yurddan yurda

Şütüyən sətir kimi.

Gəzdim düzü, dunyanı

Bu düz – dünya tükəndi.

Sənə dönmüşəm, Xanım,

Sənə dönmüşəm, kəndim.

Dünyada nələr gördük

Həyatımız baş-ayaq:

Yaşamaq vaxtı öldük,

Ölmək vaxtı yaşayaq!

Tavanı – göy şüşəlim,

Döşəməsi – meşəlim...

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.