İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan ədəbiyyatına şərəflə xidmət etmiş, repressiyalara məruz qalmış özbək əsilli Məqsud Şeyxzadənin bu gün doğum günüdür, qərara gəldim ki, tanımayanlara onu tanıdım. Bu cür fədakar insanları unutmağa haqqımız yoxdur.
Məqsud Şeyxzadə 1908-ci il noyabr ayının 7-də Yelizavetpol quberniyasına daxil olan Ağdaş kəndində dünyaya gəlib. O, ilk təhsilini Ağdaşda "Rüşdiyyə" məktəbində alıb. Şair 1966-cı ildə azərbaycanlı ədəbiyyatçı Cəmil Məhərrəmliyə yazdığı məktubunda ilk müəlliminin Muxtar Əfəndizadə olduğunu bildirib.
Azərbaycan yazıçısı və ictimai xadim Nəriman Nərimanov 1918-ci ildə Ağdaşda ezamiyyətdə olarkən təşkil edilən bir tədbirdə 10 yaşlı Məqsud öz şeirini səsləndirib. Bu hadisə Nəriman Nərimanovun diqqətini cəlb edib və onun təşəbbüsü ilə “Kommunist” qəzetinin 1921-ci il 21 dekabr tarixli sayında 13 yaşlı Məqsudun üç şeiri dərc olunub.
Şeyxzadə, təhsilini davam etdirmək üçün 1921-ci ildə Ağdaşdan Bakıya gələrək Darülmüəllimində oxumağa başlayıb. Bu illərdə Darülmüəllimində məşhur şair və yazıçılar, məsələn, Abdulla Şaiq və Hüseyn Cavid müəllim kimi şəxslər dərs deyiblər. Məqsud Şeyxzadə də məhz bu şəxslərdən dərs dinləyib.
Bu dərslər onun millət, ədəbiyyat və türkçülüklə bağlı fikirlərini formalaşdırıb. Şeyxzadə, 1925-ci ildə Darülmüəllimini bitirdikdən sonra Azərbaycan Maarif Komissarlığı tərəfindən Dərbənd şəhərinə müəllim olaraq təyin edilib. Onun buraya təyin edilməsi təsadüfi olmayıb. Bunu səbəbi Dağıstan əhalisinin mühüm bir hissəsini azərbaycanlıların təşkil etməsi olub.
Dərbənd, Tabasaran, Samur, Buynak və Hacıtərxan kimi şəhərlərdə müəllimlərə böyük ehtiyac olub. Buna görə də Azərbaycan hökuməti, bu muxtar bölgənin razılığı ilə Bakıdakı məktəblərdən məzun olan gəncləri Dağıstana göndərib. Məqsəud Şeyxzadə, Dərbənd şəhərindəki ilk məktəblərdən birində türk dili və ədəbiyyatı dərsləri tədris edir.
Şeyxzadə yaradıcılığında Türkiyə ədəbiyyatının təsiri də özünü göstərib. Şair "Azərbaycan", "Çeçenlər", "İnquşlar", "Osetinlər", "Kabardinlər", "İranlılar", "Əfqanıstanın istiqlalı" kimi şeirlərlə yanaşı, ingilis müstəmləkəçiliyinə qarşı mübarizə aparan türk xalqına həsr olunan, "Türkiyə qəhrəmanı Kamal yoldaş" adlı şeirini yazıb.
Şeyxzadənin yalnız Türkiyə haqqında yazdığı "İkinci marş", "Üçüncü marş", "Beşinci marş" kimi şeirləri ilə yanaşı, eləcə də ana vətəninə ithaf etdiyi əsərlərində də Türkiyə ədəbiyyatının təsiri hiss olunmaqdadır. Məsələn, onun "Azərbaycan" şeiri, Namiq Kamalın "Vətən Şərqisi" şeirinin "Əməlimiz, əfqərimiz iqbali-vətəndir; Sərhədimizə qala bizim xaki-bədəndir." misraları ilə başlanan hissəsinə nəzirədir.
Məqsud Şeyxzadə 1964-cü ildə Özbəkistan SSR Əməkdar İncəsənət xadimi adına layiq görülüb. 2001-ci ildə (ölümündən sonra) "Fəxri Xidmətlərə görə" ordeni, "Şərəf nişanı" və medallarla təltif edilib
Bəli, qeyd etdiyimiz kimi, o da repressiyaya tuş gəlib, həbsxanalara düşübdür. İlk tutulduğu günlərdən bəri davam edən xəstəlikləri səbəbindən həyatının son on ilini çətinliklərlə keçirən Məqsud Şeyxzadə 19 fevral 1967-ci ildə xəstəxanada vəfat edib. Naim Kərimov, eyni gün şairin evinin talan edildiyini və “Biruni” əsərinin də bu ərəfədə itirildiyini bildirib. Məqsud Şeyxzadə, vəfatından sonrakı gün Daşkənddəki “Fərabi” məzarlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)


