İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet dönəminin bir nəğməkar şairi vardı – İslam Səfərli. Müharibə görmüşdü, dinc quruculuq görmüşdü, amma bəxti gətirmişdi ki, repressiya illərində hələ yeniyetmə idi, qırmızı terroru öz üzərində yaşamamışdı. Düzdür, sosializm realizmi onun da yaradıcılığına xas idi, dövrün qaydaları bu cür idi, bununla belə, poeziyasında xəlqilik çox güclü duyulurdu. Bu da onu sevdirirdi.
İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib.
Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranıb
Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkib, yaddaqalan olub.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınan sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib.
Filmoqrafiya
- Ulduzlar sönmür
- Göz həkimi
Kitabları
- "Ordumuza ithaf" (şeirlər)
- "Naxçıvan gənclərinə məktub"
- "Məktub"
- "Biz kəşfiyyata necə gedək" (oçerklər)
- "Biri ailənin üzvləri" (oçerklər)
Təltif və mükafatları
1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
2. 3-cü dərəcəli "Şöhrət" ordeni
3. "İgidliyə görə" medalı
4. "Qafqazın müdafiəsinə görə" medalı
İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)


