Ölkədə ən zövqoxşayan ədəbi nümunələri ortaya çıxaran hekayə müsabiqəsinə start verildi Featured

BU, MİR CƏLAL ADINA ƏNƏNƏVİ HEKAYƏ MÜSABİQƏSİNİN SAYCA 5-CİSİDİR

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Budur, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb. Mir Cəlal adına V hekayə müsabiqəsi qələm sahiblərindən yeni işlər gözləyir. 2026-cı il fevralın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır. Hekayə müsabiqəsinin şərtləri bu dəfə də dəyişməz qalır.

 

Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı,

-həcmi 1500 sözdən çox olmamalı,

-yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı,

-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  ünvanına göndərilməlidir.

-hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2026-cı il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

I yer üçün 3000 manat,

II yer üçün 2000 manat,

III yer üçün 1000 manat nəzərdə tutulub.

 

Ən obyektiv seçimə əsaslanan, ölkənin ədəbi xəritəsinə daim yeni-yeni ünvanlar həkk edən müsabiqə ilk dəfə 2017-ci ildə elan edilibdir, müsabiqəyə bu günə qədər iki mindən çox hekayə təqdim olunubdur.

Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının inkişafına və gənc qələm sahiblərinin təşviqinə töhfə vermək məqsədilə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, hakayə janrının ustadı Mir Cəlal adına müsabiqə keçirərkən, həm də Mir Cəlal ədəbi irsinin yaşadılması, klassik və müasir ədəbiyyat arasında körpü qurulması, eləcə də hekayə janrının populyarlaşdırılması məqsədini də güdür.

 

-Müsabiqə gənc və peşəkar yazıçıları, həmçinin ədəbiyyata marağı olan hər kəsi qısa hekayə yazmağa ruhlandırır. Layihə çərçivəsində orijinal, bədii dəyəri və ədəbi dili ilə seçilən əsərlərin üzə çıxarılması, onların ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

-Qiymətləndirmə münsiflər heyəti tərəfindən həyata keçirilir və əsas meyarlar bədii dil, ideya orijinallığı, kompozisiya bütövlüyü və obrazların canlılığıdır.

-Müsabiqənin qalibləri hər il Mir Cəlalın doğum günü ərəfəsində elan edilir. Qaliblər diplom, pul mükafatı və “Ədibin Evi”nin dəstəyi ilə əsərlərinin toplusu şəklində nəşr olunmaq imkanı qazanırlar. Bundan əlavə, seçilmiş hekayələr “Ədibin Evi”nin rəsmi saytında və ədəbi jurnallarda dərc edilir.

-Mir Cəlal adına hekayə müsabiqəsi artıq illərdir ki, ölkəmizdə gənc yazıçıların ədəbi sferaya çıxış nöqtəsinə çevrilib. Bu layihə sayəsində bir çox gənc müəlliflər ilk dəfə oxucu auditoriyasına tanıdılıb, ədəbiyyat aləminə addım atıblar.

Beləliklə, 5-ci müsabiqəyə start verildi. Biz həm müsabiqənin təşkilat komitəsinə, həm də öz gücünü sınayacaq yazarlara uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.