İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet dönəmində bir ədəbiyyatda məşhurluq kultu var idi, məsələn, Vevgeni Yevtuşenko, Boris Oleynik, Nodar Dumbadze, Səməd Vurğun... Bu sırada bu gün anım günü olan Dağıstan şairi Rəsul Həmzətov da yer almışdı. Rəsulun Həmzətovun poeziyası – əsrin böyük hadisəsi, əsrin böyük möcüzəsi hesab edilir. Onun anadan olduğu gün - 8 sentyabr Rusiya Xalqlarının Dilləri Günüdür.
Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açıb. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olub. Rəsul Həmzətov özünün ilk şeirini 11 yaşında yazıb. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdıb. Ancaq burada o, uzun müddət işləməyib. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləyib.
1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunub. 1945–1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunub.
Rəsul Həmzətov Dağıstan Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, "XX əsrin ən yaxşı şairi" beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O həmçinin Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükafların laureatıdır.
2003-cü ilin sentyabrın 8-də şairin 80 illiyində Rusiya prezidenti Vladimir Putin ona vətən qarşısındakı xüsusi xidmətlərinə görə, ölkənin ən böyük mükafatını bağışlayıb. Mahaçqala və Moskvanın teatr və konsert zallarında, həmçinin Sofiya, Varşava, Berlin, Budapeşt və başqa mədəniyyət mərkəzlərinin zallarında Rəsul Həmzətovun poetik gecələri müvəffəqiyyətlə qeyd olunub. Öz doğma avar xalqının böyük oğlu olan Rəsul Həmzətov Dağıstan dağlarındakı kiçik Sada auluna da və bütün yer kürəsinə də eyni dərəcədə mənsubdur.
Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr edib. Bakıya, neftçilərə, dəniz şəhərimizə və özü "böyük ustadım" deyə çağırdığı Səməd Vurğuna. Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürüb, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşıb. Sirli sükut içində onunla danışıb söhbət edib, ondan sonra – oğulluq borcunu yerinə yetirən sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanıb. Rəsulun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib.
Rəsul Həmzətov 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbiristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)


