“Biri ikisində” – Taleh Mansurun şeiri ilə Featured

              

                  

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeiriləri təqdim edilir.

                  

 

Taleh  MANSUR

(Azərbaycan)


İLAHİ XƏYAL

 

Şeir qəlbi şah tutasan, şax qala,
Söz başını düz önündə əyəsən.
Qoşulasan ilahi bir xəyala,
Aradabir gedib ərşə dəyəsən.

 

Azıb yolu duman-çənə düşəsən,
Qızılgülə, yasəmənə düşəsən,
Dönüb şehə – göy çəmənə düşəsən,
Leysan olub çiçəkləri döyəsən.

 

Şahlar dönür, qullar dönür Allaha,
Qağayılar, qular dönür Allaha.
Ay göz yaşım, sular dönür Allaha,
Bəs nə üçün qayıtmırsan göyə sən?

 

Batıb-çıxan Günəş insan, Ay insan,
Toparlanıb il olmadın, ay insan,
Cavab axtar, sual vermə, ay insan,
Sən dünyada ən cavabsız niyəsən.

 

Doğma cismi özgə bilməz kəfənin,
Dirildəcək səni ölməz kəfənin.
Ölüb geysən, əynə gəlməz kəfənin,
Gərək onu dirigözlü geyəsən.

Yalan oldu düzdə qaçan xəyallar,
Qanad saldı quştək uçan xəyallar.
Yer üzünə ayaq açan xəyallar
Göy üzünü unutdular, deyəsən.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.