Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Şeir çələngimi təqdim edirəm. Əlbət ki bu şeirlərdə bədbinlik notu aşkar duyulacaqdır. Məsələn, bu bənddəki kimi.
Yaşarkən baş daşını,
Mən gəzdirən adamam.
Özümü öz canımdan,
Mən bezdirən adamam.
Amma onu da nəzərə alaq ki payız ovqatı daha çox bədbinliyə köklənmiş olur. Xoş mütaliələr.
SALAM
Göydə bir Allahım var,
Yerin yeddi qatından
Bir aciz bəndəsini
Eşidərmi, görəsən?
Hələ çovğun gəlməmiş,
Bu yerlərin soyuğu
Bəs adamı bu qədər
Üşüdərmi, görəsən?
Mənim ahım yağışı
Sel edəcək, tələsmə,
Küləklərə sözüm var:
Əsmə, insafsız, əsmə!
Yenə nəsə istədim,
Yarımçıq bir kəsimdən.
Qulaqlarım tutulur
Maşınların səsindən.
Əzabların canı üçün,
Yol verin, mən gəlirəm.
Çarəm olan ölümün
Qoynunda dincəlirəm.
DEYİLMƏMİŞ ƏLVİDA…
Biryolluq mən gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.
Yaşarkən baş daşını,
Mən gəzdirən adamam.
Özümü öz canımdan,
Mən bezdirən adamam.
Bax, taqətim qalmayıb,
Təmiz ruhdan düşmüşəm.
Həyat, həyat söyləmə!
Əlimi ondan üzmüşəm.
Hesaba qatmamışdım,
Fələyin bu işini.
Qazandığım birdisə,
İtirmişəm beşini.
Həqiqəti göstərmir,
Saxtadır güzgülər də.
Mən bir adam itirdim,
Tapmadım güzgülərdə.
Hələ körpə ümidlərin
Məndən sonra,
İsinməyə bir yeri var.
Daha solmuş ümidlərə,
Söz deməyin nə yeri var?
İndi daha gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.
BİLMƏRƏM
Nə Bakı qayıtmaz köhnə halına,
Nə də mən xoşbəxtlik tapa bilərəm.
Qaranlıq çökübdür güzəranına,
Şairəm kədərdən qopa bilmərəm.
Doymuşam yalançı, haqsız qəhərdən,
Gözlərim intizar çəkir səhərdən.
Ömürdü fərqi yox acı zəhərdən,
Gözlərim yumulur, yata bilmərəm.
Tozlanıb kitablar həyat rəfində,
Yolumu gözləyir ölüm qəfildə.
İzləri bu evin hər tərəfində,
Yuxuma mən haram qata bilmərəm.
Tənhalıq köksümü sıxıb, sarsıdır
Qırılmış aynalar məni yansıdır.
Bəlkədə taleyin bu son şansıdır,
Fikrini başımdan ata bilmərəm.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)


