ŞEİR SAATI - Əli Tacəddinin şeirləri Featured

 

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”  portalının Cəlilabad təmsilçisi

 

Portalımızın Şeir saatı rubrikasında bu gün sizlərə Əli Tacəddin Süleyman oğlunun şirləri təqdim edilir. O, Qafqaz Universitetinin Filologiya fakultəsinin məzunu, Cəlilabad ədəbi mühitinin şair nümayəndəsidir.

 

OLAN, OLMAYAN

 

Kəlməsinin tamlığı,

Olan var, olmayan var,

Azacıq adamlığı

Olan var, olmayan var.

 

Gözlərinin işığı,

Ömrünün yaraşığı,

Qucağında uşağı

Olan var, olmayan var.

 

Haqqın haqdır tərəfi,

Nahaqq onun hədəfi,

Şəxsiyyəti, şərəfi,

Olan var, olmayan var.

 

Sinəsində ürəyi,

Gözündə gözbəbəyi,

Süfrəsində çörəyi,

Olan var, olmayan var.

 

Uzun sözün qısası,

İnsanlıq ən əsası,

Üzərində libası,

Olan var, olmayan var.

 

 

TƏBİB

 

Ürəyim ağrıyır, çarə et təbib,

İnsanlar vəfasız, həyat nanəcib,

 

Mənim min günahım bir günahdadır,

Ağrım bədənimdə deyil, ruhdadır,

 

Fərz et bədənimdən ruhu çıxardın,

Ruhumun ağrısın nə cür tapardın?

 

Bilirəm, dərdimə dərmanın olmaz,

Ölümdən o yana fərmanın olmaz,

 

Bu qədər dərd ilə bu yer üzündə,

Bu qədər şərt ilə bu yer üzündə,

 

Yaşamaq yaratmaq ən sonuncu şey...

Bir ümid yanardı gözlərimdə hey

 

Artıq o da yanmır çünki sönükdür

O da həyat kimi üzü dönükdür.

 

 

ADAM YANAR

 

Adam yanar içindən,

Hər şey gələr üstünə.

Doğma gələr üstünə,

Ögey gələr üstünə.

 

Başımızda bəlalar,

Canımızda xəstəlik,

Gələcək qayğılar da,

Sıxır bizi üstəlik.

 

Bu qədər dərd içində

“Ümidli ol!”- deyirlər

Bizə ümid verənlər,

Ömrümüzü yeyirlər.

 

Ən sevdiyim mahnı da,

Bəzən tökər zəhləni,

Çıxmaz küçə sanarsan

Yaşadığın məhləni.

 

Ruhun kabab tək çıxar

İçindəki təndirdən.

Çıxıb yüksək bir yerə

Hayqırasan hündürdən.

 

 

QORXURAM

 

Qorxuram ki bir gün yadından çıxam

Yayın istisində, qışın qarında

Bax onda söyərəm gəlib keçmisin,

Eşqin, sədaqətin, etibarın da.

 

Eşqinin oduna mən az yanmadım,

Əritdin qəlbimi həsrət şamında,

Qorxuram ki bir gün yadından çıxam,

Payız səhərində, yaz axşamında.

 

Qorxuram ki bir gün yadından çıxam,

Məni gördüyündə dönüb kiməsə

Uzaqdan uzağa baxıb deyəsən:

“Mənə tanış gəlir bu adam nəsə”

 

Qorxuram ki, bir gün yadından çıxam,

Sənin yaddaşından silinəm tamam,

Yüz adam içində sənə yad ola,

Sənə illərini verən bir adam

 

 

MƏN ÖLƏNDƏN SONRA

 

Mən öləndən sora qəbrim üstə gəl,

Bəlkə günahından onda keçəm mən.

Mən səndə tapmışam bütünlüyümü,

İnan qəbirdə də sənsiz heçəm mən.

 

Səndən istəmirəm ətirli güllər,

O solğun, pərişan saçını gətir.

Mənim taleyim tək qarma-qarışıq,

Çiynində dolaşan saçını gətir.

 

Cavabsız qoyduğun suallarıma

Qəbrimin üstündə gəlib cavab ver.

De ki, “həsrətimdən çox üşüyərdin,

Bəs indi necədir yatdığın bu yer?”

 

De ki "sən demişdin bu sevgi ancaq

Məzarda bitəcək - "bitdimi burda?"

Qayıdıb deyərəm sənin sevgini

Sığdıra bilməzdim bu dar çuxurda.

 

Deyərdim sevgimi göylərə verdim.

Buludlar ovcunun içində tutsun.

Yarım o qədər də vəfasız deyil

Mən öləndən sora məni unutsun.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.