Alla Axmatovanın azərbaycanlı qarşılığı – Alla Axundova Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əlbət ki cəsarətli bir bəyanatdır - Alla Axmatovanın azərbaycanlı qarşılığı – Alla Axundova. Rus qadın poeziyasının zirvəsi olub Alla Axmatova. Dərin lirika, ruhi sarsıntılar, sevgi iztirabları, ayrılığa təşnə ürək – hamısı birləşib də müdhiş poeziya yaradıbdır. Elə rusdilli Azərbaycan qadın poeaziyasının parlaq nümayəndəsi olan - əlbət ki bu poeziyada sevimli şairəmiz Nigar Həsənzadənin dominantlığı da öz yerindədir – Alla Axundovanın da poeziyası üçün bunlar səciyyəvidir.

“Həsrət” şeirinə baxmayaqmı, baxaq.

 

HƏSRƏT

Yoxsan...

Qəribə işdir

Danışıram yenə mən

Əlim qələm də tutur,

Durub şeir yazıram

Səhər-səhər sənə mən.

Sən həm mənim kədərim,

Sən həm də şadlığımsan.

Sən mənim əsarətim,

Həm də azadlığımsan...

Yoxsan...

Qəribə işdir

Qəlbim, hissim, düşüncəm,

Axı, oyaqdır mənim

Necə nəfəs alıram -

Havam ki, yoxdur mənim?

Yoxsan...

Sən mənim üçün

Xoş arzularsan, demək,

Baharda qarsan, demək,

Qışda baharsan, demək.

Yoxsan...

sən mənim üçün

Daha çox varsan, demək.

Sevilənlər, sevənlər

Ayrılığın, həsrətin

Əlindən dad çəkdi, dad.

Eşq - həsrətin anası,

Həsrət - aşiqə ustad.

Ömrün boyu qaçmısan

Arxanca yüyürmüşəm.

Səndə imkansızlığı,

Uzaqlığı görmüşəm.

Həsrət öyrətdi mənə

Hardayam...

indi hardan

Hara gedəcəyəm mən.

Nəydim, indi nəyəm mən?

Həsrət öyrətdi, həsrət

Vaxtın hardan başlayıb,

Haraya vardığını.

Həsrət öyrətdi

mənlə

Başlayan bir həyatın

Səndə qurtardığını.

Həsrətinin gözüylə

Mən dünyaya baxanda,

Gecələr gündüz olur.

Həsrətinin zülməti

Gözlərimə nur verir,

İdrakıma göz olur.

Həsrətim başlananda

Başlanır bu cahana

Sonsuz heyrətim mənim.

İdrakımla yaşıddır

Eşqim, həsrətim mənim...

Böyük bir şair dünən

Vaxtın qısalığından

Dad çəkib "uzan!" - dedi,

Anın qısa ömrünü

O, uzatmaq istədi.

"Ey an, sən uzan" deyib

Vaxta böhtan yazdı o.

Əgər həsrət çəksəydi

Ana yalvarmazdı o.

Onda o bilərdi ki,

Həsrətin bircə anı

Bərabərdir illərə.

Bircə günlük ayrılıq

Neçə illik vüsaldan

Uzun olur yüz kərə.

Bircə günlük ayrılıq

Bir ömürlə tən olur;

Həsrət vaxtı uzadan,

Səbri gödəldən olur.

Həsrətin - məhək daşım,

Həsrətin - yol yoldaşım.

Yanır başım üstündə

O, ulduz tək, o, gün tək.

Mərdanədir, böyükdür

Həsrətin də özün tək...

 

Alla Axundova 27 oktyabr 1939-cu il oktyabr ayının 27-də Moskvada qulluqçu ailəsində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. 1957-ci ildən etibarən şeirlərini dövrün qəzet və jurnallarında nəşr etdirməyə başlayıb. A. Axundova "Ağ şəfəq", "Bazar günü bağçası", "Həvvanın sözü", "Təbiət mənzərələri", "Pillələr", "İstirahət bağı", "Üzün cizgiləri, beş povest" kimi şeir kitabları ilə yanaşı, qədim türk eposları ilə birlikdə ingilis, ərəb və gürcü dillərindən nümunələri rus dilinə peşəkarlıqla tərcümə edib, əsərləri bir çox dünya xalqlarının dillərində nəşr olunub.

Həmçinin Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Fikrət Xoca, İsa İsmayılzadə və digər Azərbaycan ədiblərinin əsərlərini rus dilinə çevirib. A. Axundovanın şeirləri ingilis, rumın, fransız, Azərbaycan, ərəb və yapon dillərinə tərcümə olunub. "Sirr. Sirr. Sirr" pyesi, "Çöhrənin ifadəsi" nəsr əsəri onun qələminin məhsuludur. Alla Axundova bir sıra qısametrajlı, eyni zamanda cizgi filmlərinin müəllifidir. "Şərikli çörək" onun ilk ekran işidir.

 

Tərcümələri

1. "Nəvazişli nəğmələr. Azərbaycan xalq poeziyasından." — M.: Uşaq ədəbiyyatı, 1967.

2. N. Bakozoda. "Gör necə də dəcəlsən!" / Tacik dilindən tərcümə edən Alla Axundova. — M.: Uşaq ədəbiyyatı, 1974.

3. "Şən bahar. Azərbaycan folklorundan." — M.: Uşaq ədəbiyyatı, 1975.

4. "Gül deyərəm, lalə deyərəm: Azərbaycan xalq mahnıları, bayatılar, saymacalar, təmsillər və tapmacalar." — Bakı: Gənclik, 1987

5. Qədim türklərin eposunu, ingilis, ərəb və gürcü şairlərinin şeirlərini tərcümə etmişdir. Türkdilli xalqların epos abidəsi "Kitabi-Dədə Qorqud" əsərini rus dilinə çevirib.

6. Hamlet İsaxanlı. "Kontrastlar" / Alla Axundovanın tərcüməsində şeirlər kitabı (Azərbaycan dilindən). — M.: İzograf, 2006.

 

Filmoqrafiya

1. Biz oynadığımız dəniz sahilində (1967)

2. Cırtdan (film, 1969)

3. Şərikli çörək (film, 1969)

4. Var olun, qızlar... (film, 1972)

5. Şahzadə-qara qızıl (film, 1974)

6. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-ssenari müəllifi

7. Avtomobil, skripka və xallı it (1975)

8. Şir evdən getdi (film, 1977)

9. Bizi bağışlayın (film, 1979)

10. Uşaq və külək (film, 1982)

 

Mükafatları

1. Azərbaycanın SSR əməkdar incəsənət xadimi (1988)

2. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970)

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.