“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Fərid Hüseynin şeiri təqdim edilir.
Fərid HÜSEYN
YUXU HƏSRƏTİ
Yataq dustağıydı atam çoxdandır,
səhhət böhranları kəsdi kələyin.
Yanından bir an da ayrılmadım ki,
bəlkə, az yaşımla, uşaqlığımla
axır utandıram zalım fələyi.
Səhəri açamaqdan mən dirigözlü,
ölüm əzbərimə döndü – şifahi.
yuxusuzam, yuxusuzam, İlahi.
Öldü atam, əl götürdü dünyadan,
əcəl gəlib öz payını apardı.
İntizarım yollara cığır saldı,
atı öldü xoş soraqlı çaparın.
Mənsə onu ha gözləyə-gözləyə
pərdə kimi sıyırmışdım sabahı.
Yuxusuzam, yuxusuzam, İlahi.
Mən məhbusdum dörd divar arasında
saat yatdı, əqrəbləri lilləndi.
Elə susdum, elə susdum, Xudaya,
sükutumdan bütün lallar kefləndi..
Yamsıladım göz qırpmayan Allahı.
Yuxusuzam, yuxusuzam, İlahi.
Çatdı axır səadətin növbəsi –
mən sükutu qovdum evdən, eşikdən.
Gah ağlayır, gah kiriyir, gah dinir,
oğlum yatmır, – səsi gəlir beşikdən.
Öləziyib daha yatmaq tamahım...
Yuxum gəlmir, yuxum gəlmir, İlahi...
“Ədəbiyyat və incəsənət”
(23.10.2025)