“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Həsən Kürün şeirləri təqdim edilir.
CƏBHƏDƏN MƏKTUB
Mənə şərifini göndərmə daha.
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyu şirindi.
Hamını özünə istədir, qızım.
Görsən darıxırsan, şəkillərə bax.
Körpə əllərini boynuma dola.
Boylan pəncərədən getdiyim yola,
Bu məni görməyə bəs edir, qızım.
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir.
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir.
Allah başımızın üstədir, qızım.
Allah üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım.
Əgər günün biri geri dönməsəm,
Eşidə bilməsən atanın səsin,
Qorxma, ürəyinə qorxu düşməsin,
Atan ölməyibdi, xəstədi, qızım.
“Ədəbiyyat və incəsənət”
(22.10.2025)