“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yunis Səfdəridir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.
Yunus Səfdəri
Təbriz
I
Vağzalda durmuşuq indi bu axşam,
Payızın içində əsir səsimiz.
Durnalar uçuşur mavi səmada,
Payız yarpağı tək ayrılırıq biz.
Vağzalda durmuşuq indi bu axşam,
Donub əllərində sarımtıl güllər.
Tale qarşımıza vaqonlar düzüb,
Bir də sabahsıza uzanan reyllər.
Vağzalda durmuşuq, sən gedəcəksən,
Dolur boş salona qatarın fiti.
Məndə bir ömürlük acı xatirə,
Səndə bir nəfərlik qatar biliti.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)