“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şəlalə Camalın şeirləri təqdim edilir.
Həsrətdən buz kimiyəm,
Az qaldım ki, əriyəm.
Eşqindən lap dəliyəm,
Mən səni sevmirəm ki...
Yana-yana kül oldum,
Xəzan kimi sovruldum.
Sevincim də yarımdı,
Mən səni sevmirəm ki...
Qəlbimdə qəm bitirdim,
Gözümdə nəm yetirdim.
Bədənə ruh gətirdim,
Mən səni sevmirəm ki...
***
Demədim "yuxuma gəl gecə yarı",
Gördüyüm kabuslar çin olar birdən.
Mənim də, şairin dediyi kimi:
"Dəli bir ağlamaq keçir könlümdən".
Sənsizlik içimdə qopan fırtına,
Sənsizlik içimdə çökən sükutdur.
İnsan ürəyini daşa döndərən,
De, kimi qınayım, bu gedişdə mən?
İllər ovundurmur könlümü, bilsən,
Haçandır aparır məni dərd, fikir.
Xeyri yoxdu artıq nəsə edəsən,
Hər kəs öz dərdinin yükünü çəkir.
***
Mən də cavan idim,
Nə tez qocaldım,
Məni qocaldanlar utanmadımı?
Mən çiçək kimiydim, mən gül kimiydim,
Məni solduranlar utanmadımı?
Mən günəş kimiydim,
Şəfəq saçardım,
Mən bulud kimiydim, dolub qaçardım
Mən ulduz kimiydim, göyün üzünə
Gecə düşən kimi səpələnərdim,
Mən səma kimiydim, mavili-ağlı...
Mən necə gözəldim, necə ağıllı.
İçimdə bağ saldı qaranquşlar da,
İçimdə uçuşdu kəpənəklər də…
Qəlbimi buz edib soyuqlatdılar,
Məni daş edənlər utanmadımı?
İndi cavanlığım qalıb arxada,
Daha dalaşmadım, susdum axırda –
Barışdım taleyin oyunu ilə...
Ömürdü də...
Keçdi, getdi.
İndi geriyə baxanda
Yadıma düşür…
Gələcəyə ha boylansam,
Ümidlərim o vaxtdadı...
Bilirəm, qayıdan deyil
O yaz ətirli günlərim.
Mən ki bu dünyada doğan günəşdim,
Məni söndürənlər utanmadımı?
***
Sən mənim içimdə açan bir çiçək,
Mən sənin ömründə tufan, çiskinəm.
Sən mənim dünyama nur ələyərkən,
Mən hələ də səndən yaman küskünəm.
Sən ümid dünyama gün kimi doğan,
Mən sənin dünyanın qaranlığıyam.
Sən gülüş içində bahar çağıran,
Mən sənin qəlbində qarlı boranam.
Günəştək dünyama işıq saçanda
Mən o işığına kölgə olmuşam.
Bakı küləyitək o yan-bu yana
Daha mən əsməkdən çox yorulmuşam.
Gəl əl çək, bu sevda əbəsdir mənə,
Mən belə sevgidən pay götürmürəm.
Sənin gələcəyin ümidli sabah,
Mənim səhərlərim zülmət gecə tək.
***
Bağışla, kədərin içindən düşüb
Mən sənin yolundan aza bilmədim.
Sənə milyonlarla cızmaqaram var,
Mən öz hekayəmi yaza bilmədim.
Dərib gətirmişdin bənövşələri,
Mən də sanırdım ki, mənə də düşə.
Nə mən düşmən idim, nə mənə düşdü,
Mən öz oyunumu yoza bilmədim.
Uşaqtək gülürdüm eşqin üzünə,
Sanırdım cahan da, dünya da yazdır.
Ağlatdı üzümü gülən görənlər,
Mən belə dövranı sezə bilmədim...
GÜNƏŞ MƏNİM İÇİMDƏDİR
Gözlərimi yumuram,
Günəş öpür üzümdən
Nur doğulur içimdən,
Dünya gülüşümdən pay alır.
Mənəm –
Bütün güllərin rəngi,
Baharın nəfəsi,
Sevincin ən saf halı.
Mənəm –
Torpağın bərəkəti,
Səməni çiçəyi,
Cahanın ən xoşbəxt insanı.
Dodaqlarımda günəş gülür,
Kölgələr uzaqlaşır,
Mən varam,
İşıq mənim içimdədir.
Gözlərimi yumuram,
Dinləyirəm quşların səsini
İlıq bir meh kimi içimdən keçir
İçimdə toz basan xatirələrim.
Təkcə səmada deyil,
Günəş qəlbimdə oyanır.
Bahar əllərimə toxunur,
Yaşıl xəyallarla bəzənir günüm.
Kölgələr unudulmuş bir nağıl,
keçmiş uzaq bir səsdir indi.
Mən varam,
Mən işığam,
işıq mənin içimdədir.
***
Güvəndiyim dağlara,
Qar olmaq imiş arzum.
De, indi hansı dağa
Söykənim mən, əzizim?
Söndürdün ocağımı,
Boş qoydun qucağımı,
Aldım alacağımı,
Daha nə var, əzizim?
Tutunduğum budaqlar
Qırıldı bir-bir, bax gör.
Sən əsən soyuq yeltək
Sovrulub getdin, nə qor?
***
"Həyat necə xoşdu" – dedim,
"Bu nə cavan yaşdı" – dedim,
Sənə "qəlbim boşdu" – dedim,
Demədim, gir ürəyimə,
Demədim, qır ürəyimi.
Tale məni sənə yazdı,
Ömrüm sənsiz yarım qaldı,
Sönən ümid külə döndü,
Demədim, yan ürəyimə,
Demədim, sar ürəyimi.
Ürək sənsiz boş divardı,
Gözlərimdə payız vardı,
Qış da gəldi, hər yer qardı,
Demədim, don ürəyimə,
Demədim, al ürəyimi.
Bir nisgildi həyat yolum,
Bağlanıbdı əlim-qolum.
Yaşa, nolar, qurban olum,
Demədim, öl ürəyimə,
Demədim, böl ürəyimi.
***
Mən darıxan adamam,
Baxma ki, üzüm gülür.
Sanki zamana yadam,
Vaxt adamı öldürür.
Mən darıxan adamam,
Sükut çöküb ömrümə,
Hər şey içimdə ölür,
Həyat məni güldürür.
Mən darıxan adamam,
Xəyallarım solub tək.
Keçmiş mənə əl edir,
Gələcək susur, demək.
Mən darıxan adamam,
Dünyam qaranlıq, soyuq.
Ümidlərim bir kölgə,
Arzularımsa yorğun.
Mən darıxan adamam,
Ümidlərim qırılır...
Üzümü güldürənlər
Qəlbimdə ağrı qurur.
***
Allah, ürəyim darıxır,
Yer tapmıram özümə.
Allah, saçım ağarır,
Baxmıram üz-gözümə.
Görəsən, illər məni,
Qocaldıb hara gedir?
Nə ölüdən ölüdü,
Nə də diridən diri.
Gözlərimin sevinci
Qalıb körpə çağımda.
Kədərimin gülüşü
Həkk olub yanağımda.
Körpə çağım uzaqda,
Əl çatmayan yerdədi.
Gülüşümün kölgəsi
İndi qara pərdədi.
Allah, ürəyim darıxır,
Bu yaş, bu baş ürküdür.
Nə olar, gəl söhbət edək,
Hava da çox bürküdür.
“Ədəbiyyat və incəsənət”
(09.10.2025)