“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şiringül Musayevanın tamaşa mətnləri təqdim edilir.
Şiringül MUSAYEVA
Kiçik süjetli tamaşa üçün mətnlər
TƏRCÜMƏÇI VƏ YAZIÇI
Yazıçı pırpız saçlı tərcüməçiyə yaxınlaşır:
– Siz tərcüməçisiniz? İstəyirəm hekayəmi tərcümə edəsiniz.
– Sən məni tanımırsan? Necə yazıçısan, məni hamı tanıyır. Əmrahov mənim tərcümələrimlə dünya miqyasında tanındı.
– Üzrlü sayın. Bundan sonra tanıyaram.
– Hansı dilə tərcümə etdirirsiniz?
Yazıçı təəccüblə:
– Neçə dil bilirsiniz?
– Mənim bilmədiyim dil yoxdur. Əsas dillərin hamısını bilirəm.
– Əhsən! Mən sizi necə tanımamışam. Hələlik ingiliscəyə çevirin.
– Pulu bəri başdan ödəyin. Mən hər tərcüməçinin tayı deyiləm. Bahalıyam.
– Əlbəttə, buyurun.
Üç gün sonra tərcüməçi zəng edir:
– Hekayəndə ana soruşur:
– Qız, məcməyi haradadır? Qız ona nə cavab verir?
– Ay, üzrlü sayın. Hekayəyə baxım. Əzbər yadımda deyil.
Üç gün sonra tərcüməçi zəng edir:
– Tərcümə hazırdır.
– Təşəkkürlər.
– Tərcüməni redaktə elətdir.
– Nədən?
– Necə nədən? Sən hələ redaktə nədir bilmirsən. Bütün yazılar redaktə olunmalıdır. Əmrahov da tərcümələrimi redaktə etdirirdi. Düzdür, heç bir tərcümədə adımı qeyd etməyib. Amma tərcümə yazıçıdan irəlidir. Bunu hamı bilir.
– Mən rus dilinə tərcümə etdirdim. Belə söhbət olmadı. Tərcümə də, oxuyanların fikrincə, mükəmməl idi.
– Nə çərənləyirsən? Mənim kimi tərcüməçi var? Sən hələ tərcümə, redaktə nədir, bilmirsən. Hekayəni də özün yazmamısan.
– Nədən? Özüm yazmışam.
– Dedim, özün yazmamısan. Sən mənim kimi tərcüməçiyə irad bildirirsən?
– Nə üçün bu fikrə gəldiniz?
– Mən səndən soruşdum: ana deyəndə məcməyi haradadır, qız nə dedi? Sən cavab verməliydin. Cavab verə bilmədin. Normalda bilməliydin. Sənsə, telefonu bağlayıb əsəri yazan adamdan soruşdun. "Hekayəyə baxım" deməyin sənin hiylən idi. Sən hekayəni yazan adamdan məcməyinin yerini soruşurdun.
– Ah, əfəndim ...
– Mən elə-belə tərcüməçi deyiləm, Əmrahov mənim tərcüməmlə dünya çapında tanınır.
Yazıçı dəhşətə gəldi... Tərcüməçi bu vəziyyətdədirsə, görən tərcümə nə haldadır?
BACILAR
Gözəl mənzərəli bir kənd. İki bacı əllərində su qabı bulağa gedir. Böyük bacı on iki yaşlarında. Kiçik bacı doqquz yaşında. Böyük bacı bir qədər qüsurlu: ayaqları əyri, boyu qısa, gözləri çəp.
Kiçik bacı göyçək, suyuşirin.
Böyük bacı yolda tez-tez büdrəyib yıxılır. Hər yıxılanda ayağa durub kiçik bacıya çımxırır:
– Səməçə, ayaqlarını düz at, yeriyə də bilmirsən.
– Mən yaxşı yeriyirəm.
– Yeriyirsən... Ayaqlarıma dolaşıb məni yıxırsan.
– Sən özün yıxılırsan. Mən sənə heç nə etmədim.
Bulağa çatırlar. Bulaqda bir neçə qadın var. Bulaq başı sulu və palçıqlıdır.
Cavan bir qadın bacılara müraciət edir:
– Verin qablarınızı doldurum. Qabları doldurub kiçik bacıya vermək istəyəndə böyük bacı irəli atılıb qabı alır. Yerimək istəyəndə ayaqları dolaşıb palçığın içinə yıxılır. Ayağa durub palçıqlı əlləri ilə kiçik qızı vurur və deyinir:
– Bu belədir. Həmişə buna görə əziyyət çəkirəm. Halhop!
– O heç nə etmədi, sən özün yıxıldın ki... Gəl əllərini yu, – cavan qadın deyir.
Bu dəfə qabları doldurub kənara çıxardır. Ağzı bağlı balaca qabı böyük qız, o birini kiçik qız götürür.
Bacılar yollarına davam edirlər. Kiçik qız qorxudan qabaqda gedir ki, böyük bacı yıxılarsa, onu təqsirləndirib vurmasın.
Birdən böyük qız yenə yıxılır.
Elə yerindəcə bağırmağa başlayır:
– Halhop, səməçə, sənə görə yıxılıram. Yüz dəfə demişəm, əl-ayağıma dolaşma. Nə faydası ...
İMKANLI KİŞİ AXTARIŞINDA
Çox kök, hardasa yüz iyirmi kiloluq qadın, altmış yaşlarında və zərif, incə qadın əlli yaşlarında həyətdə ağac kölgəsində qoyulmuş skamyada əyləşiblər. Söhbət edirlər.
Zərif qadın deyir:
– Qızımın padruqası ad günü keçirdir. Qızım axşam orada olacaq.
– Harada? – gombul soruşur.
– Gənclik molda
– Ora çox bahalıdır.
– Bilirəm. Bunların imkanı yaxşıdır.
Gombul böyük maraqla:
– Anası kimdir qızının padruqasının? Mən tanıyıram?
– Yox, anası rəhmətə gedib.
– Bəs kişi neynir, subaydır?
– Subaydır, arvadının ili təzə çıxıb.
– Bura bax, Gülü, gəl o kişini mənə düzəlt.
Gülü heyrətini büruzə verməyərək deyir:
– Kişinin əlli beş yaşı var, səndən kiçikdir.
– Nə olsun? Yaşa baxan var? Artistlər özlərindən otuz yaş kiçiklə hərlənir.
– Cavanlar da otuz yaş böyüklə, – Gülü etiraz etmək məqsədi ilə deyir.
– Mənə nə olub? Kimdən əskiyəm, – gombul hikkədən qaralır.
Gülü gülür, söhbəti zarafata yozub dəyişir.
...
Aradan bir müddət keçi. Qadınlar həmin yerdə oturub.
Gombul:
– Gülü, qızının padruqasının atasına de, bizi kafeyə, restorana dəvət etsin.
Gülü bir müddət cavab verə bilmir. Handan-hana:
– Kişiyə elə söz demək olar? O bizə necə baxar? Ayıbdır axı.
– Nədən ayıbdır?
– Arvadı ölüb. Ağırxasiyyət adamdır. Hər adamla oturub-durmur.
– Sən hər adamsan?
– Yox. Elə bizimlə ağırtəbiət olduğumuz üçün münasibət saxlayırlar. Həm də yerliyik. Ona elə desəm, mənə dəvə nalbəndə baxan kimi baxar. Mən heç vaxt kiməsə belə söz demərəm və kimləsə restorana getmərəm. Sənə də məsləhət görmürəm.
...
Gülü gombuldan gen gəzməyə başlayır. Gombul isə hər həyətə düşəndə ona zəng edir, qapısını döyür. Gülü müxtəlif bəhanələrlə ondan gen gəzir. Aradan bir müddət ötür.
Bir dəfə Gülü həyətdə bir dəstə arvadın söhbət etdiyini görüb yaxınlaşır. Arvadlar nə barədəsə danışıb gülürlər.
– Nə olub? – Gülü maraqla soruşur.
– Binanızda yaşayan gombulu tanıyırsan?
– Tanıyıram.
– Eşitməmisən, nə edib?
– Nə edib?
– Gedib təzə binada yaşayan Əflatunun – imkanlı kişinin qapısını döyüb.
Gülü:
– Sonra?
– Sonra deyib ki, sən dul, mən dul, gəl mənə bənd ol.
– Kişi bənd olub?
– Yox ey, deyib, ay xala, get o yanda hərlən. Bu da deyib: onda qızım var, onu al.
– Vay-vay ...
– Kişi deyib p...nu o yana elə. Qızı da yüz otuz kilo olar. Bunlar nəsillikcə çox gombuldur.
– Yazıq neyləsin bunlar onun varına daraşsa, bircə ilə bitirərlər, – qadınlardan biri dedi.
– Bəs bunu sizə kim dedi? – Gülü saralaraq soruşdu.
– Kim olacaq Mədinə xala. Səsə-küyə çıxıb.Yazıq kişi qapını güclə bağlayıb, gözətçini çağırıb gombulu qapıdan uzaqlaşdırıb.
– Qadında üzə bax.
– Varlı hər bunun kimisinə varını qapdırsaydı, varlı olmazdı, – Mədinə xala söhbəti kəsdi, – daha bu barədə danışmayın, qızlar, siz də qadınsınız, söhbəti bitirin. Ayıbdır.
“Ədəbiyyat və incəsənət”
(08.10.2025)