“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Adil Quliyevin “Təpələr” hekayəsi təqdim edilir.
Adil QULİYEV
Sankt-Peterburq
TƏPƏLƏR (XƏYALİ CƏNNƏT)
"Bizim özümüzə ən çox oxşayan
nəsnələr – xəyallarımızdır".
Viktor Hüqo
İstidir. Sanki bu dəqiqə başımın içində beynim qaynayacaq. Od üstündə pıqqıldayan çaydanın lüləyindən havalanan buxar kimi burnumun deşiklərindən qaynar buğ çıxacaq.
Avqust Azərbaycanda ilin ən isti ayıdır. Günortalar insanlar, adətən, evdən bayıra çıxmırlar, ya da ağacların və ya binaların kölgəsində daldalanmağa çalışırlar. Bəzən heç bu da onları dözülməz istidən qorumur. Günəş osminoq kimi yandırıcı şüaları ilə sürünərək hər yerə sirayət etməyə, ondan gizlənən bütün canlıları tapmağa çalışır.
Mən kəndimizin kənarında bitən qocaman, qollu-budaqlı çinar ağacının kölgəsində gizlənmişdim. Ağacın torpaqdan çıxan, damara bənzəyən köklərinin üstündə yerimi rahatlayıb tarlaya tərəf baxırdım. Əkin sahəsinin qurtardığı yerdə kiçik təpəciklər sıra ilə dəvə karvanı kimi düzülmüşdülər. Təpələr gur işıq selinin fonunda qırıq-qırıq əks olunur, ilğım adlanan optik görüntü yaradırdılar.
Bizim kəndimiz düzənlikdə yerləşir. Onu yovşan, dəvətikanı, saksaul bitən ucsuz-bucaqsız sahələr dövrəyə alıb. Səhra bitkisi adlandırılan saksaul şoran torpaqda yetişən, quraqlığa dözümlü, balıq pullarına oxşayan boz yarpaqlı, ağac gövdəli xırda koldur.
Yayda biz tərəflərdə, adətən, yağış yağmır. Bütün yaşıllıqları – otları, kolları günəş yandırıb külə döndərir. Boz təpələrin fonunda qurumuş sahələr kədərli bir mənzərə yaradır. Uşaq vaxtı bir dəfə fikrimə gəldi ki, görəsən, o sirli boz təpələrin arxasında nə var? Bu təpələr insan gözündən inadla nəyi gizlədir? Bəlkə, orda xurma ağacları bitən yaşıl çiçəkli çəmənliklər var?
İnsan hər şeyi bilməyə can atan varlıqdır. Mənə elə gəlir ki, meymunun pəncəsində tutduğu ağac onu insana çevirməyib. Əksinə, bu heyvanın hər şeyi sınamaq və öyrənmək istəyi zaman keçdikcə onu şüurlu varlığa çevirib.
Mən, bəlkə də, yüz dəfə kəndin kənarda dayanıb o cansıxıcı təpələrə baxmışam. Təsəvvürümdə o dağların arxasında yaşıl düzləri, meşələri, gur sulu çayları, güzgü kimi gölləri olan bir dünya canlandırırdım: orda quşlar cəh-cəh vurur, rəngbərəng tovuzquşları gəzir, maraqlı, görmədiyim heyvanlar yaşayırdı.
Ordakı təpələr məni maqnit kimi özünə çəkirdi. Mən ora tək getməyə qorxurdum. Təpələr çox uzaq idi. Həmin yerə gedib çatmaq üçün tikanlı kolluqlarla dolu çöllükdən keçmək lazım idi. Oralarda, yəqin ki, vəhşi heyvanlar da vardı. Lakin dünyanı gəzmək, öyrənmək istəyi mənim uşaq qəlbimə rahatlıq vermirdi. O məchul yerlər barədə suallarıma atam həmişə eyni cavabı verirdi: “Oralarda elə bir maraqlı şey yoxdur. Təpənin bu tərəfindəki kimi, ora da düzənlikdir. Böyüyəndə gedib özün görərsən”. Ancaq mən ona inanmırdım. O oğlunun – balaca uşağın o uzaq səfərdə azmağını istəmirdi.
Nə qədər çalışsam da, sehrli təpələrin arxasında gizlənən, xəyalımda yaratdığım və canlandırdığım cənnəti görmək arzumu boğa bilmədim. O kiçik dağların arxasına gedən yol nə qədər təhlükəli və çətin görünsə də, mənim yel qanadlı xəyallarımın qarşısını heç nə ala bilməzdi. Uşaq fantaziyasının və arzularının sərhədi yoxdur. Xəyallarımız ən uca dağların zirvəsinə qalxar, saniyədə on kilometrlərlə yol qət edib öz ünvanına çata bilər. Uşaq təsəvvürümdə canlandırdığım dünyanı görmək arzusu saksaul kolluqları basmış çöllərdə azmaq qorxusundan və yolda vəhşi heyvana, qurd-quşa rast gəlmək təhlükəsindən güclü idi.
Bir dəfə səhər tezdən bir şüşə su götürüb xəyalımda yaratdığım möcüzələr ölkəsinə yollandım. Əvvəlcə heç nədən qorxmurdum, hər şey yaxşı idi. Görünür ki, insanlar açıq, geniş yerlərdə özlərini daha güvənli hiss edirlər.
Bu təpələrə yol yox idi. Mən yovşan, sıx dəvətikanı kolluqları basmış və ara-sıra cırtdan saksaul kolları bitən düzənliklə addımlayır, arzuma doğru inamla gedirdim. Susuzluqdan cadar-cadar olmuş torpağı ağ duz təbəqəsi örtmüşdü. Hər nəfəs aldıqca torpaqdan gələn duz iyini dodaqlarımda və ciyərlərimdə hiss edirdim. Yerdəki dərin çatlar susuzluqdan ciyəri yanan insan dodaqlarına bənzəyirdi. Hərdən özümlə götürdüyüm içməli suyu bu suya həsrət qalmış, çat-çat olmuş torpağa tökmək istəyirdim. Heyhat, bu bir şüşə su onun dərdinə çarə olmazdı.
Yolumu bir azdan sıx saksaul kolluqları kəsdi. Əvvəllər mən bu cırtdan ağacların belə qol-budaqlı və böyük olduğunu görməmişdim. Bu qorxunc, sıx meşəliyə girməzdən əvvəl dincəlməyi qərara aldım. Ayaqlarım yorğunluqdan göynəyirdi. Ağcaqanadlar bədənimdə sağ yer qoymamışdı, hər yerim bərk qaşınırdı.
Günəş artıq ən yüksək nöqtəsinə çatmışdı, onun qızmar şüaları amansızlıqla hər yeri qarsmağa başlamışdı. Bu dözülməz istiyə baxmayaraq, hər yandan quşların cəh-cəhi, həşəratların ciyiltisi gəlirdi. Təəssüf ki, bir hovur dincələ bilmədim. Yorğun yolçunu görən ac ağcaqanadlar və mığmığalar qurbanlarına hər tərəfdən hücum etməyə başladılar. Saksauldan qopartdığım budaqla ora-buramı yelləyir, özümü onlardan qorumağa çalışırdım. Ancaq həyasız həşəratlar, görünür məndən əl çəkmək istəmirdilər. Yoluma davam etməyim lazım idi, yoxsa bu azğın qaniçənlər mənim qanımı son damlasınadək soracaqdılar.
Yolu azmamaq üçün saksaul meşəsinin dərinliyindən yan keçib məqsədimə doğru inamla getməyə başladım. Bir azdan cırtdan ağac meşəsini yarıdan bölən arxa rast gəldim, onun aşağısında bir cığır vardı. Mən ilan kimi qıvrılan əyri-üyrü, ensiz yolla çox getdim. Yolun sonu görünmürdü.
Artıq peşman olmaq üzrəydim. Birdən qarşımda heyrətamiz, gözəl bir mənzərə açıldı. Saksaul kollarının qurtardığı yerdə geniş yaşıl çəmənlik uzanırdı. Yaşıl otluğun o biri tərəfində isə həmin əlçatmaz təpəciklər sıralanmışdı.
Təpələrin ətəyində iki göl görünürdü: biri kiçik, o birisi ondan bir qədər böyük. Onları balaca bir boğaz ayırırdı. Həmkəndlilərim bu göllərə “ağ göllər” deyirdilər. Mən onlar haqda çox eşitmişdim, amma görməmişdim. “Ağ göllər”i ilk dəfə idi görürdüm.
Göllərin ikisi də hər tərəfdən sıx qamışlıqla dövrələnmişdi. Göllər gözə, qamışlar isə onların kirpiklərinə oxşayırdı. Adama elə gəlirdi ki, yer arxası üstə uzanıb bir gözünü qıyaraq günəşə, o biri gözü ilə səmaya baxır. Hər tərəfi səs-küy bürümüşdü. Qazlar, ördəklər çığırışır, qurbağalar quruldayırdı. Sanki böyük bir simfonik orkestr nataraz, qeyri-ahənglə alətlərini kökləyirdi. Mən göllərin kənarında durub təbiətin bu əsrarəngiz gözəlliyinə tamaşa etmək, bu yerlərin gözəlliyindən zövq almaq istəyirdim. Lakin hava qaralmamış evə dönməliydim. Ona görə də vaxt itirmədən sürətli addımlarla yoluma – xəyali məkanıma doğru irəliləməyə başladım.
Təpələr kəndin kənarından göründüyü kimi deyildi və onlar bir neçə cərgədə sıralanmışdı. İlk cərgələr çox da hündür deyildi, o biri cərgə bir az onlardan hündür, daha sonrakı cərgələr daha uca idi – təbiətin yaratdığı amfiteatr. Adamlar da şəkil çəkdirəndə fotoqrafın önündə belə dayanırlar.
Birinci cərgəni tez adladım, sonra ikincini, daha sonra üçüncünü... Mən tezliklə axırıncı – ən hündür təpənin zirvəsinə çatmağa çalışırdım. Elə tələsirdim ki, gözüm ayağımın altını görmürdü, bununla da həyatımı çox böyük riskə atırdım. Yüksəkliklərin üçüncü cərgəsində ayağımı az qala nəhəng bir gürzənin üstünə basacaqdım. Bəxtim gətirdi, bu zəhərli ilanı tez gördüm, növbəti addım üçün qaldırdığım ayağımı havada saxladım.
Qorxudan az qaldı ürəyim dayansın. Gürzə başını qaldırdı, hücuma hazır vəziyyət aldı. Lakin nədənsə fikrini dəyişdi, dəcəl qız kimi mənə dilini çıxartdı və sürünüb öz işlərinin dalınca getdi. Şokdan özümə gələndən sonra yenidən yoluma davam etdim. İndi hər tərəfi – tikanlı, kollu yerləri diqqətlə nəzərdən keçirir, ehtiyatlı olmağa çalışırdım.
Daha bir sıranı ötüb buranın ən uca zirvəsi olan təpəyə çatdım. Səfərimin ali məqsədinə çatmağına iyirmi-otuz metr qalmışdı. Çox isti idi, susuzlamışdım. Şüşəni başıma çəkdim. Öz “Everest”imi fəth etməyə başladım. Son addımlarımı çətin atırdım. Təpənin başına çatanda gözlənilməz mənzərədən yerimdə donub qaldım, gözlərimdən yaş axdı.
Bu məyusluq göz yaşları, peşmançılıq göz yaşları idi. Qarşımda tikanlarla örtülmüş, yovşan, cırtdan saksaul ağacları bitən boz çöllük vardı. Təpələrin o biri üzündəki kimi. Mənə elə gəldi ki, kiminsə məkrli əli mənim xəyalımda yaratdığım cənnətimi oğurlayıb apardı. Xurma ağacları bitən, yaşıl gölləri olan vahə bir ilğım kimi yoxa çıxdı. Özümü insafsızcasına aldadılmış kimi hiss etdim. Taqətim kəsildi, yerə oturdum, dizlərimi qucaqlayıb gözümü uzaqlara dikdim. Birdən ayağımın altındakı boz, darıxdırıcı, hamının tərk etdiyi bu ölü torpağa yazığım gəldi.
İsti külək öz nəfəsi ilə sifətimi dalayır, saçlarımı sığallayır, köynəyimin içinə girib mənim uşaq bədənimi qıdıqlayırdı. Yəqin, külək də gənc səyyahın əhvalını anlayır, onunla oynamaq istəyirdi. Külək sanki mənim gözləmədiyim mənzərədən məyus olduğumu hiss eləyirdi.
Bir qədər təpədə oturandan sonra kəndə qayıtmağı qərara aldım. Evə gedəndə yolda güclü yağışa düşdüm, qəfil başlayan yağış tez də kəsdi. Halbuki bayaqdan səmada bir dənə də olsun bulud yox idi. Cənubda belə təbiət hadisələri tez-tez baş verir. Yağış nəfəsimə sərinlik və rahatlıq gətirdi. Yaş köynəyimdən bədənimə yayılan sərinliyi hiss etdim. Yağış qızmar havadan sonra lap ləzzət elədi. Hətta yorğunluğum da keçdi.
Kəndin qırağına çatanda günəş də dincəlməyə gedir, hava qaralmağa başlayırdı. Mən dayandım, cansıxıcı, boz təpələrə sarı baxdım. Yeddi rəngli göy qurşağı təpələrin üstündə körpü salmışdı. Uşaq xəyallarımın yaratdığı gözəl nağıllar aləmi, sanki mənə dostcasına salam göndərirdi.
Rus dilindən çevirdi: Dürdanə İbrahimova-Hüseynbəyli
“Ədəbiyyat və incəsənət”
(07.10.2025)