“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında sizlərə Cavidan Hacıyevin “Bəlkə” adlı şeiri təqdim edilir.
Həyat — qədəh hər insanın əlində,
Saqisi var bir gün qəflətdən gələr.
Heç bilmədən içər nə var badədə,
Kimə zəhər, kimə şərbətdən gələr.
Kimə zəhər ilac olar dərdinə,
Kimə şərbət şəkər olub, dərd edər.
Bəzən isə alma düşər bəxtinə:
Kimə lənət, kimə rəhmətdən gələr.
Alma görüb, axtarar son nağılda,
Amma fikri ağacdakı ilanda.
Bir kağızı sol əlindən alanda,
Anlayar ki, qədər — niyyətdən gələr.
Və bir də mən, bu ömrün bir çağını
Zənn etdim ki, bildim həyat ağını.
Bu şeir də adicə söz yığını --
Həyat özü ulu hikmətdən gələr.
Dünya — Ümman, bizlər kiçik qayıqdıq.
Uzaqlarda Vətən qoyub, ayrıldıq.
… «Bəlkə bu yerlərə bir də qayıtdıq»:
Mən uzaqdan, babam — Cənnətdən gələr.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)