Bu dünyadan bir Abbas Abdulla keçdi... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sonadək milli, xəqli, folklora, kökə bağlı bir Abbas Abdulla gəlib keçdi bu dünyadan.

Bu gün onun yubiley günüdür, sağ olsaydı 85 illiyi qeyd edilərdi. Tribunalardan çıxıb bol-bol tərif edər, haqqında televiziyalar verilişlər göstərər, saytlar, qəzetlər yazardı. Amma dünyadan köçüb deyə bütün bunlar yoxdur. Səssizlik, sükut içində bir ustad şairin, yurd və el şairinin, bir türk oğlu türkün doğum günü ötüşməkdədir.

Bizsə yazdıq, hamıya bir çağırış etdik, milli dəyərlərimiz olan heç kəsi unutmağa haqqımız yoxdur deyə.

 

Bu dünyanın işlərinə
Çözüm varsa, gözüm çıxsın.
Giclərinə, biclərinə
Dözüm varsa, gözüm çıxsın.

Canım üzdüm haqdan yana,
Sözü dedim, anlayana.
Anlamayan hər nadana
Sözüm varsa, gözüm çıxsın.

Ömrüm keçdi qeylü-qalda,
Adım çıxdı sağda, solda.
Arsız, hırsız gedən yolda
İzim varsa, gözüm çıxsın.

Çocuqkən qoştum əməyə,
Varmadım haram yeməyə,
Xalqa yalan söyləməyə
Üzüm varsa, gözüm çıxsın.

Ölüm-qalım bazarında
Can bu gündə, göz yarında.
Fani dünyanın varında
Gözüm varsa, gözüm çıxsın.

 

Bax belə şeirlər yazardı Abbas Abdulla.

Bioqrafiyasına göz gəzdiririk, 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Orta təhsili Bolus Kəpənəkçisi (I-VIII), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində alıb. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik edib.

Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını, Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini  bitirib, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.

Universitetdə tələbəlik illərində həm də işləyib: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olub. "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir, baş redaktorun müavini, "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru,  Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu olub.

Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. İ. Draç, İ. P. Kotlyarevski, M. Rılski, T. Şevçenko, L. Ukrainka, L. Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə edib.

26 Bakı komissarı rayonu (indiki Səbail rayonu) xalq deputatları Sovetinin deputatı seçilib. Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.

Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil edib. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

Abbas Abdulla uzun sürən xəstəlikdən sonra 4 sentyabr 2019-cu ildə axşam saatlarında Bakıda yaşadığı mənzilində vəfat edib.

5 sentyabrdaq Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn edilib.

 

Kitabları

1. Ata yurdu (şeirlər)

2. Ağlı-qaralı dünya (şeirlər)

3. Azərbaycan-Ukrayna ədəbi əlaqələri

4. Üzü dan yerinə (şeirlər və poemalar)

5. Sonsuzluğa gedən karvan (şeirlər və poemalar)

 

Ukrayna dilindən və ruscadan tərcümələri

1. İ. Draç. Könlümün harayı

2. V. Leqkobit. Hərə bir şəkil çəkir

3. İ. P. Kotlyarevski, Natalka Poltavka

4. M. F. Rılski. Yanğı (şeirlər və poema)

5. M. Şapoval. Son görüş

6. Bayraq və günəş (Ukrayna sovet şairlərinin şeirləri)

7. T. Şevçenko. Fikirlərim, düşüncələrim (şeirlər və poemalar)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.