“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktub Aytən Ağasıyevadan gəlib. O, “Boş skamya” adlı hekayəsinin dərcini istəyir. Buyurun, siz də tanış olun.
Hər gün fərqli saatlarda həmin skamya dolub, boşalırdı. Bu gün də qonağı Xəyal idi. Xəyal indi bura təkcə gəlmişdi.
İlk dəfə dostu ilə gəldiyi günü xatırladı.
Qızmar günəşin altında küləyin nəfəsi ilə sərinləmək üçün bu skamyada oturmuşdular. Bir az söhbət elədilər.
Oturduqları yerdə ağacın titrəyən budağında Kuku və Sarının yuvasını gördülər. (Xəyal və dostu quşları bu adlarla səsləyirdi.)
Kuku Sarının yuvaya gəlməyinə icazə vermirdi. Bəlli ki, gərgin küskünlüyə səbəb olan bir hadisə baş vermişdi. Bir yabancı kimi Kuku Sarıdan uzaq dururdu. Bir az keçdikdən sonra onların səsi o qədər qulaqbatırıcı oldu ki, qorxulu yuxu görən adamın qışqıran səsini belə kölgədə qoya bilərdi..
Sanki aralarındakı savaş hekayəsi bitdi və səssizlik çökdü. Gözləri bir biriylə görüşüb qucaqlaşdı.
Xəyal dostuna dedi:
-Onlar həm sevməyi həm də tərk etməyi yaxşı bacarırlar. Bəzən heyvanlardan götürəcəyimiz nümunələr olur. Amma biz onları sadəcə yedirib, içirməklə məşğuluq. Hətta əlimizin tərsi ilə də özümüzdən uzaqlaşdırırıq. Onları incidirik, baharda, qışda özlərini bizə sevdirməkdən yorulmayan heyvanlar bizim tərəfdən hər zaman sevgi gözləyir. Bizdə isə şeytan tükü olduğuna görə onlara istədiklərini verə bilmirik. Oynaq ruh halımızla hər zaman idarəedici olmağa çalışırıq. Bir gün yığıb, bir gün açaraq qəlbimizin tam orta yerində özümüzə görə bir cumhuriyyət qururuq. Və sonra da özümüzü anlamağa çalışırıq. Utancaq insanların da qəlbində qurulan bu cumhuriyyət ilin ən böyük, əyləncəli, geniş, qarışıq konsertinə yığılmış izdiham kimidir.
-Maraqlıdır.. Sözlərindəki dərinliyi hiss edə bilməyən biri, durğu işarələri olmayan, intonasiyasız, qolu-qanadı qırılmış şeir oxuduğunu düşünər.
Xəyalın yanına balaca bir qız yaxınlaşdı. Qız ona Qaracaqızı xatırladırdı. Deyəsən, Qaracaqızın ondan xoşu gəlmişdi. Yoldan gələrkən aldıqları meyvələrdən Qaracaqıza da verdi. Qız qara gözlərini Xəyala dikib, təşəkkür etdi, sıra ilə əkilmiş ağacların altından qaçaraq uzaqlaşdı. Dostu uşağın xoşuna gəldiyini Xəyala gülərək pıçıldadı. Bu doğru idi, uşaq Xəyalı çox sevmişdi, Xəyal da ümumiyyətlə həyatda ən çox uşaqlarla yola gedə bilirdi.
Dostu ona uşaqlıqdakı oynadıqları oyunları xatırlatdı:
-Yadında? Dar, ensiz və asvaltsız küçələrdən qaçanda yıxılıb dizlərimizi qanatmağımız? Hər gün yeni bir yara yaranırdı dizlərimizdə, dünənki yara qaysaq bağlamamış yenidən yıxılırdıq, köhnə yaranın yanından da yeni yara yaranırdı. Sənə nə qədər desək də qaçma, ehtiyatlı ol, yenə də qaçırdın.
-Hə yadımdadı, qaçanda özümü çox azad hiss edirdim, hər gün göydəki ay bir az parlamağa başlayanda dizlərim yaralı evə qayıdırdım. Bəzən elə olurdu ki, heç yaranı harda, necə aldığımı belə bilmirdim. Yaxşı tərəfi bilirsən nə idi ? O yaralar qaysaq bağlayıb tez sağalırdı. Keçici idi..
-Hə, kaş elə indi də aldığımız yaraların hamısı dizlərimizdə yaranan yaralar kimi olsaydı..
-Mən düşünürəm ki, həyatda aldığımız yaralar bizi tamamlayır. Onlar olmasa əskik qalarıq.
-Nə demək istəyirsən ?
-Demək istəyirəm ki, əgər hər dəfə dizimiz qanayanda qaçmaqdan əl çəksəydik, yeni yara almaqdan qorxsaydıq, heç qaçmayacaqdıq. Uşaqlığımız tam olmayacaqdı. Biz qaçaraq böyüyüb, yara alaraq sağalırdıq və yenə xoşbəxt olurduq.
Xəyal xatirələrdən ayrılıb skamyanın boş olduğunu gördü. Yanında nə dostu, nə də Qaracaqız var idi. Kuku və Sarıdan da xəbərsiz idi. İndi o tam idi, yoxsa yarımçıq, heç özü də bilmirdi.
Şəhriyar del Geraninin şerində də deyildiyi kimi - para buğdasına söykənib yatan qarışqa misalı, o qədər yorğun hiss edirdi ki özünü, skamyadan qalxıb uzaqlaşdı.
Boş skamya isə hər gün usanmadan növbəti qonağını gözləyirdi.
Görəsən Xəyaldan sonrakı qonağı kim olacaqdı?
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)