“Ədəbiyyat və incəsənət” portalının Redaksiya poştundakı növbəti məktub daimi oxucumuz Nurlanə Cərullaqızından gəlib. O bir hekayə göndərib.
Gəlin birlikdə oxuyaq.
Günün ikinci yarısı idi. Hamı kimi Şahin də havanın sərinləşməyindən istifadə edib Qəbələdən Bakıya qonaq gələn bacısı oğlu Fəridlə birgə dəniz sahilində gəzişirdi.
-Necədir, dəniz xoşuna gəlir? - Şahin üzünü Fəridə tutub mehriban səslə soruşdu.
Fərid məyus halda başını buladı:
-Hə, amma təəssüf ki, tezliklə bu gözəl mənzərəyə vida edəcəm. Məktəb açılacaq, mən də evimizə qayıdacağam.
Fərid 8-ci sinif şagirdi idi.
-Niyə, oğlum, tətil vaxtı yenə gələrsən, - Şahin gülümsəyərək dedi və əlavə etdi,- bir də ki hər musiqi alətinin öz səsi, hər gülün öz ətri olduğu kimi hər yerin də öz gözəlliyi var. Bakının Xəzəri varsa, Qəbələninn də Nohur gölü, Yeddi gözəl şəlaləsi var.
-Elədir, - Fərid təsdiq etdi,
- Dayı, dəniz niyə mavidir?
-Oğlum, əslində, dəniz mavi deyil, sadəcə uzaqdan mavi tonlarını özündə əks etdirir. Buna səbəb isə, dəniz suyunun rənginin su molekullarının işığını udması ilə bağlıdır. Dəniz suyu molekulları atmosferdə olduğu kimi işıq saçan zaman qırmızı olanları udur və bənövşəyi olanları əks etdirir. Yəni, suyun mavi rəngdə görünməsi işıq tezliklərindən və təbəqənin dərinliyindən asılıdır.
Fərid diqqətlə dayısını dinləyirdi, o da sözünə davam etdi:
-Əslində isə dəniz suyu rəngsizdir. Hə, bunu da deyim ki, Xəzər dəniz deyil, göldür. Sadəcə ərazisi böyük və suyu duzlu olduğuna görə dəniz adlandırılıb.
-Başa düşdüm - Fərid başını tərpətdi.
Bu vaxt arxadan bir səs eşidildi:
-Ş- ş- ş- Şahin!
Şahin adını eşidib geriyə çevrilincə qarşısında keçmiş qonşusu və sinif yoldaşı olmuş Kamiləni gördü. Fərid onun kəkələdiyini bilən kimi astadan pıqqıldayıb gülməyə başladı. Bunu görən Şahin ona acıqlı nəzər yetirdi. Sonra üzünü yenidən Kamiləyə tutdu:
-Ooo! Salam, Kamilə bacı. Necəsən? Nə var, nə yox? Uşaqlar necədir?
-Ə- ə- ə- -əleykum salam.
-Bi -bi -bi -biz -y- y- -y- -yaxşıyıq -deyə Kamilə cavab verdi, -sə -sə -sə --səndə -n-- -n -n -nə- var, nə yox? -b- b- b- bu -kimdir?
-Bizdə də hər şey yaxşıdır, -Şahin dedi sonra əlavə etdi:- Bu da Şövkət bacımın oğlu Fəriddir. Bizə gəzməyə gəlib.
-S -s -s- salam, F-f-f-f Fərid.
Fərid gülməyini gizlətmək üçün əlləri ilə ağızını tutub, Kamilənin salamını başı ilə aldı. Vəziyyəti başa düşən Kamilə son olaraq Şahinə:
-Bi- bi- bi- biz o- o- o- o -k- k- k- kafedəyik, s- s- s- s- sən də istəsən, g- g- g- gələrsən, - deyib pərt halda oradan uzaqlaşdı.
-Niyə gülürdün, Fərid? - Şahin təmkinli səslə soruşdu.
-Dayı, mən...
Fərid deməyə söz tapmadı.
-Qulaq as, oğlum, sənin kəkələyir deyə güldüyün o qadın, əslində, bir qəhrəmandır.
-Qəhrəmandır? - Fərid duruxdu.
-Hə, yaxşısı budur ki, hər şeyi başdan sənə danışım,- Şahin dərindən köksünü ötürüb ağır-ağır danışmağa başladı,- Kamilə ilə mən qonşu və sinif yoldaşı olmuşuq. Onun əsl adı Kamilla idi. Milliyətcə də gürcüdür, amma burada doğlub, böyüyüb. Atası onun altı yaşı olanda ürək tutmasından ölüb. Onların burada heç kimləri yox idi. Mariya xala, yəni Kamlənin anası da Gürcüstana getmək istəmədi. Beləcə, ana -bala tək-tənha qaldılar. Mariya xala un kisəsindən zənbil düzəldib satmaqla Kamiləni böyütməyə çalışırdı. Kamilənin məktəb çantası da həmin zənbildən idi. Heç yadımdan çıxmaz. Bizim dəri çəkmədə ayağımız donduğu halda, Kamilə məktəbə qışın ortasında rezin yay başmağı ilə gəlirdi.
Bu məqamda Şahin kimi Fəridin də gözləri yaşardı.
-Hətta Kamilə 7-ci sinifdə oxuyarkən Mariya xala ona məktəb forması almağa pul tapmadığı üçün qıza pəncərə pərdəsindən forma tikmişdi. Bizlərin hər fənndən bir dəftəri olduğu halda Kamilənin bütün fənnlərdən cəmi bir dəftəri varidi idi. Çox vaxt da o, zibil qutusundan yığdığı ağ kağızlardan özünə dəftər düzəldirdi, amma bununla belə sinif əlaçısı idi. Şəkli şərəf lövhəsindən düşməzdi.
Şahin fasilə verib sonra davam etdi:
-Yazıq qız, oxumaq, özünü və ən çox da anasını bu əziyyətdən qurtarmaq istəyirdi, amma arzusuna çata bilmədi. Onun 16 yaşıı olanda, yəni 1989-cu ildə Qarabağ müharibəsi başladı. Bir vaxtlar halına acıyaraq torpaqlarımızda sığınacaq verdiyimiz yadellilər indi sığındıqları həmin torpaqlara əl uzadırdılar. Özünə kişi deyənlər həmin vaxt müxtəlif yollarla döyüşlərdən yayındığı halda Kamilə qadın olduğunu və əgər əsir düşərsə, başına hansı müsibətlərin gələcəyini düşünmədən könüllü olaraq döyüşlərə qatıldı. Üç il sonra, yəni 1992-ci ildə Tərtərin müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanaraq ağır kəllə-beyin travması aldı. Kəkələməyi də buna görədir. 2 il sonra isə bu cəsur qız elə özü kimi cəsur olan Asim adlı döyüş yoldaşı ilə ailə qurdu. O da müharibədə gözlərini itirib. Dinini də, adını da həmin vaxt dəyişdi. İndi onların Kamil adlı oğulları, Günəş adlı qızları var. Mariya xala da onlarla yaşayırdı. Beş il əvvəl o da əri kimi ürək tutmasından öldü. Bax belə, oğlum.
Fərid təsirlənmiş halda dilləndi:
-Dayı, məni onun yanına apar.
Şahin gözlərini silib dedi: -Yaxşı, gəl gedək.
Onlar Kamilənin bayaq göstərdiyi kafeyə girdilər. Şahin içəri girən kimi Kamiləgilin oturduqları masaya yaxınlaşıb onları salamladı:
-Salam, millət.
-Ooo! Şahin, xoş eşitdik səni, buyur, gəl, qonağımız ol.
Şahini səsindən tanıyan Asim onu mehribanlıqla qarşıladı.
Şahin əvvəlcə ona əl uzadan uşaqlarla, sonra onu masalarına dəvət edən Asimlə görüşüb onun yanında əyləşdi. Fərid isə özünü təqdim etdikdən və hamı ilə görüşdükdən sonra kənara çəkilib əlinin işarəsi ilə Kamiləni yanına çağırdı. Onlar birgə çölə çıxdılar. Fərid elə qapı ağızındaca üzünü Kamiləyə tutub kövrək səslə dedi:
-Bayaq sənə qarşı elədiyim tərbiyəsizliyə görə məni bağışla, xala, əgər bu gün bu torpaqlarda azad və rahat gəzə bilirəmsə, bunu sən və sənin kimi qəhrəmanlara borcluyam.
Kamilə ağzını açıb nəsə demək istəyirdi ki, Fərid imkan vermədi. Az yaşında cəsarət göstərib vətənin müdafiəsinə qalxan bu zərif qəhrəmanı qucaqlayıb bağrına basdı.Sonra hər ikisi mehriban halda kafeyə qayıtdılar.
“Ədəbiyyat və incəsənət”
(02.09.2025)