“Ədəbiyyat və incəsənət” portalı 3 gün ardıcıl sizlərə Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Bu gün ilk 5 şeirlə tanış olacaqsınız.
***
1.
Baş açmırıq sözümüzdən,
Əyrimizdən, düzümüzdən,
Hər gün bir az özümüzdən
Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala,
Əyilirik sağa, sola,
Yada calaq ola-ola
Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında,
Dil yatıb düyün altında,
Bu boyda göyün altında
Yer necə əzilib gedir.
***
2.
Səni yeyib bitirdilər,
Bizsə sənin yemin olduq.
Böldülər ata malıtək,
Kimin idin, kimin oldun,
Belə vətən olmur axı.
Bir belə dar ağacların
Kimin üçün qurdun, Vətən?
Medal-medal, alqış-alqış
Üzümüzə durdun,Vətən,
Belə vətən olmur axı.
Tikələndin, parçalandın,
Torpağın göyə sovruldu.
Sən ki tərtəmiz mələkdin,
Nə vaxt şeytana vuruldun,
Belə Vətən olmur axı.
Halal harama qarışdı,
Gözünü qan örtdü, Vətən.
Sənin daşın, qayan olmaq
İndi ağır dərddi, Vətən,
Belə vətən olmur axı.
***
3.
Yadımdadı,
Balacaydım,
Qardaşım mələk olub uçmuşdu göy üzünə (elə deyirdi atam)
Uşaq ağlımla göy üzüylə haqq-hesab çəkirdim hər gün,
Hər gün məktub yazırdım Allah babaya anamın adından,
Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya.
Hər gün bir az da inanırdım dualarıma,
hər gün bir az da aldanırdım.
...Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar,
Üstündə üd qoxusu, bir də anamın göz yaşı.
Hər gün təkliyə çəkilib,
bağrıma basırdım, ciyərimə çəkirdim qoxusunu .
Bulaşırdı üstüm, başım anamın
göz yaşına.
Sonra gizlətdilər məndən süd qoxulu papağı,
Axtardım, çox axtardım, tapmadım.
Yavaş-yavaş öyrəşdim onsuzluğa,
Öyrəşdim, amma unutmadım,
Unutmağa qoymadılar axı –
Sağ olsun dırnaq içindəki qohumlar, yadlar,
yaxınlar, uzaqlar.
Bir də uzun-uzadı gecə darıxmaqları vardı,
Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı.
Girərdim qucağına, qoxumu içinə çəkərdi, ovunardı.
Vaxt keçdi, bütün qızların qardaşları böyüdü,
Bircə mənim qardaşım həmişə süd qoxudu.
Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək, nigaran –
Başında qovğa, qolunda təklik, gözündə intizar, ürəyində həsrət.
Sonra başıma nə çox "qardaş" yığıldı, İlahi –
İçlərində qaranlıq, baxışlarında sazaq, salamlarında minnət.
Yavaş-yavaş keçdim bütün qaranlıqları, töhməti, tənəni,
Küləyi də keçdim, yağışı da, sazağı da.
Sonra bütün bütlər sındı, dağıldı,
Gözəl-göyçək, bərli-bəzəkli ayrılıqlar gəlib tapdı məni –
Qatı açılmayan, təptəzə.
Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum,
Aşdım bütün divarları,
hasarları aşdım,
Beləcə barışdım –
Özümlə, taleyimlə, təkliyimlə...
Qurdlar, köpəklər çıxdı qarşıma hər addımbaşı,
yeridim bütün ağrıların, əzabların üstünə əliyalın, ürəklə –
Burnumda süd qoxusu, bir də üstümdə anamın göz yaşı...
***
4.
Köhnə kənd ,
Kərpic evlər,
Yollar, ağaclar, kölgələr.
Yalına yalmanan itlər,
Qoyunlar, quzular, atlar.
Araba cırıltısı,
Qurbağa qurultusu.
Dəryaz səsi,
Ot xışıltısı.
Aynabənddən sallanan arı pətəsi,
Qarışqalar, çəyirtkələr, İlanlar,
pişiklər, siçanlar.
Sərçə yuvasına daş atan uşaqlar,
Yolun qırağında tum satan qarı
ovcunda qabar,
qabarın üstündə dəmir pullar,
Pulların üstündə dualar...
Havada torpaq qoxusu,
İçində rəngli-rəngli arzular.
Ulduzlu gecələr,
Tər-tərtəmiz xəyallar...
Lampa işığı, kitablar...
Eh, nələr, nələr..
Sonra təyyarə biletləri,
Uzaq şəhərlər,
Binalar, küçələr,
Limanlar, dənizlər,
ayrılıqlar, əzablar...
***
5.
Yana-yana külüm qalıb,
Yağır külümün üstünə.
Səssiz-səmirsiz gedirəm,
Hər gün ölümün üstünə,
Nədi közümdən çəkdiyim?
Dörd tərəfim qaranlıqdı,
Mən də tənha yalquzağam.
Hardan tapdı bu Söz məni,
Mən ki, hamıdan uzağam,
Nədi sözümdən çəkdiyim?
Neynirəmsə çiçəkləmir,
Ürəyim daş yuvasıdı.
Çöldə günəş gülümsəyir,
Ruhumda qış havasıdı,
Nədi özümdən çəkdiyim?
Xəyallarım baş aldadır,
Aldadır dərə, dağ məni.
Görək harda azdıracaq
İçimdəki uşaq məni,
Nədi üzündən çəkdiyim?
“Ədəbiyyat və incəsənət”
(28.08.2025)