“Bütün sevgilərin təməlində insana sevgi dayanır” - MÜSAHİBƏ Featured

 “Ədəbiyyat və incəsənət” portalı Benqal şairi Koushik Ahmed Halimin Təranə Turan Rəhimli ilə müsahibəsini təqdim edir.

 

1. Uşaqlığınız necə keçib? O illərdəki ən xoş xatirəniz hansıdır?

 

- Çox xoşbəxt uşaqlığım olub. O qədər  xoşbəxt ki, o illərin hər anını xatırlayanda üzümə təbəssüm qonur, qəlbən rahatlıq tapıram. Bəzən bir xatirənin işığı belə bütöv insan ömrünü isitməyə yetir. Mənim belə xatirələrim çoxdur.  Kiçik yaşlarımdan çox hazırcavab, öyrənməyə həvəsli və bir də hədsiz dərəcədə gözəl geyinməyi, yeni saç düzümlərini və aksüssuarları xoşlayan uşaq olmuşam. 2 yaşımda elə bu xasiyyətimə görə başıma bir hadisə də gəlib. Həmin gün anam mənə yeni aldığı açıq çəhrayı rəngli bir paltar geyindirmişdi, boynuma paltarımla eyni rəngdə mincuq taxmış, saçlarımı darayıb "Gör saçların necə qəşəng  uzanıb?!" demişdi. Güzgüyə baxıb özümü çox bəyəndiyimdən evdə tək-tək hamının qarşısına keçib "mənə bax" deyirdim. Babam, nənəm, anam (atam o saatda evdə yox idi) hamısı mənə çox gözəl olduğumu söylədilər. Birdən yadıma düşdü ki, həyətdə taxtın üstündə oturan Balaxanım nənə də var.  Balaxanım nənənin 125 yaşı vardı, o, babamın bibisi idi, həyatdakı tək qohumu babam olduğu üçün o da bizimlə yaşayırdı. Mən tez qaçıb  pilləkənin sürahisindən yapışıb dabanlarımı yuxarı qaldıraraq aşağıya əyildim, çağırmağa başladım: "Balaxanım, mənə bax". Onun da tərif deməsini gözləyirdim. Balaxanım nənə taxtda oturub gözlərini uzaqlara dikmişdi, qarşısında çay içdiyi boş stəkan, nəlbəki və qəndqabı vardı.  Mən nə qədər çağırsam da o mənə baxmadı, sən demə qulaqları eşitmirmiş. Balaxanım nənə o vaxt mənə baxdı ki, mən ikinci mərtəbədən  yıxılıb onun az öncə çay içdiyi qab-qacağın üstünə düşmüşdüm. Armudu stəkanın şüşəsi qırılıb başıma dolmuşdu.

Bu hadisə ailəmizin yadında  ən bədbəxt gün kimi qalsa da, mən yalnız özümə qarşı o munis sevgini, əhatə olunduğum qayğı və şəfqəti xoş  duyğularla xatırlayıram. Öldüyümü düşünərək qışqırıb fəryad edən, məni qucağına alan nənəmin bir anın içində  al qırmızı qana boyanan mavi çiçəkli ağ paltarı, anamın qorxu, təlaş içində, ağlaya-ağlaya qonşuları  köməyə çağırması, həkim otağı, başıma yerdən batan şüşələrin təmizlənməsi.... bütün bunların heç biri yadımda kədərli bir əhvalatın təəssüratı kimi qalmayıb. Çünki çox sevildiyimi mənə o qədər dərindən hiss etdirmişdilər ki, o anda da yadımda qalan ancaq hamının məni necə əzizləməsi, həyatım üçün narahatlığı, qayğısı idi... Alnımın sağında, gicgahımdakı çapıq izi mənə ölümlə üzləşdiyim kədərli bir günü deyil, sevgi dolu uşaqlığımı xatırladır.

 Həyat yoldaşm isə hərdən zarafatla mənə deyir ki, o vaxt yıxılmasan şair olmazdın.

 

2. Həyatda ən böyük ilham mənbəyiniz kimdir və yaxud nədir?

 

- Ailəm, Vətənim və bəşəriyyət... Mənimçün sevgi sıralaması belədir. İlham mənbəyim isə onlara duyduğum sevgidir. Yəqin bu məşhur aforizmi eşitmisiniz: Ailəsini sevməyən insan Vətənini, Vətənini sevməyən bəşəriyyəti, bəşəriyyəti sevməyən heç birini sevə bilməz.  Əgər diqqət etsək bütün bu sevgilərin kökündə bütövlükdə İNSANa olan sevgini görərik. Və bu sevginin içində hər bir çalar, hər bir  rəng var. Ağaca, yarpağa, dənizə, dağa, bir sözlə, Allahın yaratdığı hər şeyə, insanın əmək verdiyi hər şeyə... sevgi.

 

3. Ömrünüzdə  hansı anını həyatınızı dəyişdirdiyini düşünürsünüz?

 

- Mən o qədər də həyatı dəyişdirmək  həvəsində olmamışam.  Allahın mənə verdiklərinə qane olan və hər şeydə xoşbəxtlik görən bir insanam.  18 yaşımdan sonra ömrüm öz haqqımı  tələb etmək, əvvəl tələbə, sonra akademik karyeram üçün hüquqlarım uğrunda,  məsləyim  yolunda mübarizələrdə keçdiyindən heç də rahat həyatım olmayıb.  Lakin buna baxmayaraq  aldığım tərbiyə, oxuduqlarım, öyrəndiklərim məni həyata daha müdrik baxmağa vadar edib. Mübarizələrlə əldə etdiyim hər şeyin dəyərini bilirəm və  özümü xoşbəxt hiss edirəm. Həyatımı nəyin dəyişdirdiyini düşünməli olsam, yəqin ki, buna cavab tapa bilmərəm. Ancaq ömrümə böyük təsiri olan bir  tarixi xatırlamaq  yerinə düşər.  2016-cı il,  20 fevral, İtaliya, Taranto, Aldo Moro Universiteti...  (20 fevral həm də mənim doğum günümdür) Həmin gün beynəlxalq ədəbiyyat festivalının qala gecəsi idi. O gün mənim bütün dünyada dəyərli dostlar qazanmağıma səbəb oldu. Sanki  həmin gün bütün dünyaya açılan DOSTLUQ qapısının açarı idi.

 

4. Yaradıcılıq  səyahətləriniz necə başladı?

 

- Bunu xatırlamağa çalışsam...  ilk məktəb illərində ölkəmin fərqli şəhərlərinə səfərlərim yadıma düşür. Mən tez-tez müxtəlif ədəbiyyat müsabiqələrinə qatılırdım. Bədii qiraətim çox yaxşı idi, ona görə də bəzən bədii qiraət müsabiqələrinə, bəzən də şeir, məqalə yarışlarına qatılırdım. Çox vaxt qalib olurdum, 2-ci, 3-cü yeri qazanırdım. Bu isə məni 1-ci yer qazanmaq üçün yeni müsabiqələrə qatılmağa vadar edirdi. Azərbaycanın bir çox şəhərlərini o müsabiqələr sayəsində görmüşdüm. Sonralar həm öz ölkəmdə, həm də müxtəlif ölkələrdə çox sayda müsabiqələr, beynəlxalq festivallar,  simpoziumlar, çeşodli  elmi, ədəbi tədbirlərin iştirakçısı, 1-ci yer qalibi oldum.  Bunlardan ən yaxın tarixə aid olanı isə İtaliyada hər il keçirilən Mugello Beynəlxalq Poeziya  Müsabuqəsində 2025-ci ilin  1-ci yer qalibi seçilməyimdir.  İlk dəfə ölkəmdən kənara yaradıcılıq səfərim 2000-ci ilərin başlanğıcında Türkiyə ilə başladı. Türkiyədə nüfuzlu Beynəlxalq bir təşkilatın - Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun Beynəlxalq Ədəbiyyat Festivalının iştirakçısı oldum. Ondan sonra beynəlxalq tədbirlərə dəvətlərin sayı hər il çoxalaraq artdı.

 

5. Həyatınızda ən çətin maneə hansı olub? Onları necə aşdınız?

 

- Mən həyatda maneələrin olmasına normal baxan bir insanam. Rahat heç nə yoxdur. Əgər yaşayırsansa, deməli, getdiyin yol hər zaman hamar  olmayacaq. Ancaq bu prosesin özü də təbii axarıyla getməlidir. Həyatın təbii şəkildə qarşıma çıxardığı maneələrlə mübarizə aparmaqdan heç vaxt yorulmamışam. Ancaq insanların süni şəkildə özündən qondardığı, məcburən yaratdığı, kindən, paxıllıqdan qaynaqlanan saxta maneələr məndə ikrah hissi doğurub.  Belə maneələrə qarşı mübarizə aparnaqdan yorulduğum, hətta iyrəndiyim (ifadəyə görə üzr istəyirəm) vaxtlar olub. O maneələrin hansılar olduğunu söyləmək həmin insanları ifşa etməkdir, ona görə söyləməməyi tərcih edirəm. Amma necə mübarizə apardığımı söyləyəcəyəm. Həmişə təmkinli və prinsipial oldum, mənə maneə törədənlər nə qəfər israr etdisə, mən öz məqsədimə çatmaqda onlardan daha çox israr etdim. Və mən haqlı olduğumdan daha güclü oldum və  qalib gəldim.

 

6. Əldə etdiklərinizə nail olmağın arxasında hansı şüar dayanıb?

 

- Həyatda tək şüarım var:  Heç nə mənim iradəmdən güclü deyil!

 

7. Ən çox sevdiyiniz vərdiş və ya hobbiniz, gündəlik işiniz hansıdır?

 

- Ən çox sevdiyim  vərdiş dekorativ tətbiqi sənətlə məşğul olmaqdır. Boş vaxtlarımda sənətin bu növünə can atıram və artıq bir sərgilik əsərlərim var.  Bir də çoxlu  gündəlik işlərimin içində ən sevimlisi mətbəximlə bağlıdır. Mənə görə mətbəx də yaradıcılıqdır. Dünya mətbəxindən yeni yeməklər bişirməyi xoşlayıram,  hər gün yeni  nəsə edirəm. Və bişirdiyim hər yeməyin dadın ailəm, qonaqlarım  bəyənəndə,  xüsusi diqqət və sevgiylə hazırladığım dekorları  hamı evində görmək istədiyini deyəndə bu məni çox xoşbəxt edir.

 

8. Həyatda hələ də yerinə yetirilməmiş arzularınız varmı?

 

- Əlbəttə, var. Arzular  - yaşamaq istəyidir, məqsədlərin çıxış nöqtəsidir. Ailəmlə bağlı, karyeram, elmi və bədii yaradıcılığımla bağlı arzularım çoxdur. Onların gerçəkləşməsi üçün çaba həsr etmək, əmək vermək həyatın mənasıdır. Arzular sabahlara yol almağa stinul verir. Ən böyük arzum isə SÖZün zirvəsinə çatmaqdır.

 

9. Əgər zamanı geri qaytara bilsəydiniz, nəyi dəyişərdiniz?

 

- Əslində imkansız olan şeylər haqqında heç vaxt düşünməmişəm. Amma indi  bu sual mənə çox cazibəli göründü. Nəyi dəyişdirərdim? Yəqin ki, ilk olaraq  öyrənmək baxımından bu gün boşluqlar hiss etdiyim sahələri doldurmağa çalışardım. Məsələn, ən azı beş dil öyrənərdim, professional şəkildə üzgüçülük və şahmatla məşğul olardım. Amma mənim gəncliyimdə bu mümkün deyildi. Çünki gənclik illərim ölkəmin çox çətin illərinə təsadüf edirdi. Sovet İmperiyası dağılmışdı. Milli müstəqilliyini əldə edən ölkəmdə siyasi və iqtisadi çətinliklər  hökm sürürdü. Bir yandan bitmək bilməyən Qarabağ müharibəsi, torpaq, insan itkisi, bir  yandan hər gün sürətlənən pul infilyasiyası... Azərbaycanda  bir ictimai quruluşdan digərinə (sosializmdən kapitalizmə)  keçid hadisəsi çətinliklərin içindən keçirdi. O çətinlikləri bizim gənclik çox dərindən hiss etdi. Və bu proses başa çatanda mənim də gəncliyim keçib getmişdi. Ona görə də gəncliyimdə oxumaqdan və problemlərdən başqa heç nə yadıma düşmür. "İtirilmiş nəslin" nümayəndəsi olduğum üçün yəqin ki, bütöv halda gənclik illərini geri qaytarardım.

 

10. Yeni nəslə hansı mesajı vermək istərdiniz?

 

- Daha çox öyrənməyə çalışsınlar. Bilməklə xoşbəxt olmaq arasında gözə görünməz tellər var. Bilgilərimiz xoşbəxtliyin, rahatlığın açarıdır. Vaxtında harada daha çox lazım olduqlarını və ruhlarının rahat olduğu yeri tapsınlar. İnsanın ruhu rahat olanda həyatı daha keyfiyyətli, beyni daha məhsuldar olur. Təbiətə daim yaxın olsunlar, çünki  insan təbiətdən uzaqlaşanda saxtalaşır və bir daha  özü ola  bilmir.

 

11. Mənimçün maraqlı cavablar oldu, oxucuların da belə düşünəcəyini zənn edirəm. Çox təşəkkür edirəm və qlobal ədəbi mühitdə yetərincə tanınan imzanızın daim mötəbər uğurlar siyahısnda olmasını arzulayıram.  Əlavə etmək istədiyiniz nəsə varmı?  Ənənəvi olaraq Və...

 

-  Və... suallarınız çox maraqlı və düşündürücü idi. Fikirlərimi bölüşmək imkanı yaratdığınız üçün çox sağ olun.

                                                 Banqladeş, 2025.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.