“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə şeir vaxtında – Anar Aminin şeirləri təqdim ediləcək.
ŞEİR VAXTI
Anar AMİN
Yazıçı Cəmilə Rüstəmzadə
üçün oxunmuş şeirlər
BİRCƏ ADDIM İMİŞ
ALLAHIN BOYU
Nənələr nənəsi Həvva nənəmiz,
babamız Adəmin içində imiş.
Bir qız bir oğlanın, nənəm babamın,
anam da atamın içində imiş.
Lal ola tufanın, susa dənizin,
suyun iki bölüb əsa dənizin.
İbrahim alovun, Musa dənizin,
İsa da edamın içində imiş.
Kilid qəlbindədir, dilində deyil,
kilidin açarı əlində deyil...
Həqiqət adamın çölündə deyil,
həqiqət adamın içində imiş.
Qoyma nəfsə çatsın tamahın boyu,
çatsa, boy verəcək günahın boyu...
Bircə addım imiş Allahın boyu,
Allah bir addımın içində imiş...
İBRAHİMİN BİR TELİ
Nəmrud İbrahimi oda atdırar,
İbrahim Nəmrudun odundan çıxar.
Alov peyğəmbərin bir telin ütsə,
dünya ləzzətindən, dadından çıxar.
Əynin qalındımı, odda üşüdən,
kimdir bu hay-küydə səni eşidən?!
Bərəkət Allahdan, xeyir kişidən,
şər olan nə varsa, qadından çıxar.
Hazır ol, dünyadan köçməyə hər gün,
cismində Sibir var, ruhunda sürgün...
Hər şey yaddaşından silinər bir gün,
hər şey yavaş-yavaş yadından çıxar.
NƏMRUDUN TONQALI
Alovda yanmayan həzrət İbrahim
Nəmrudun odundan o yanda imiş.
Peyğəmbər ömrünün ləzzəti, tamı
ağzının dadından o yanda imiş.
İçməyə su gəzən, daxma axtaran,
yeməyə bir tikə loxma axtaran,
bu ögey dünyada doğma axtaran,
yaxının yadından o yanda imiş.
O tonqal gör kimdən ötrü qalanmış,
İbrahim, bəlkə də, sənin balanmış.
Nə varsa, qadına qədər yalanmış,
həqiqət qadından o yanda imiş.
QADINDAN O YANDA
Həzrət Adəm qabırğadan,
həzrət Musa dənizlərdən,
həzrət İbrahim Nəmrudun
odundan keçib gedirmiş.
Bir gün dadmaq istədiyin
o dünyanın dadı, tamı,
bu dünyanın ləzzətindən,
dadından keçib gedirmiş.
Göydə qəfil gurultusu,
Yerdə qəfil təkanı var.
O laməkan olanın da
hardasa bir məkanı var.
Hər bir kəsin qismətində
adın böyük sükanı var.
Hər kəsin bəxti, taleyi
adından keçib gedirmiş.
Haqqa boylan, sən Haqqa bax,
"bax" qadından o yandadır.
Səni o Haqqa bağlayan
"bağ" qadından o yandadır.
Nahaq qadından bu yanda,
haqq qadından o yandadır.
Haqqa gedən o Yol ki var,
qadından keçib gedirmiş.
AYRILIQ QOXUSU
Zodan meşəsinə düşən ildırım
palıdı yandırır, cökəni yaxır.
Payız sarısını udub... qorxudan
göylər guruldayır, şimşəklər çaxır.
Buluddan ayrılıq qoxusu gəlir.
Ayı pəncəsindən canın qurtaran
qartal dimdiyində caynaqlanırsa,
sonuncu ölənə ümid deyirlər,
bir ümid gümandan qaynaqlanırsa,
"ümid"dən ayrılıq qoxusu gəlir.
Yel vurub yellənən yemişanların
budaqların qırıb barın yeyirlər.
Sonra da bax heç nə olmamış kimi,
"olub keçənləri unut" deyirlər.
"Unut"dan ayrılıq qoxusu gəlir.
"Dağlar haqqı, hər şey yaxşı olacaq,
bir azca səbir elə, bir azca döz" de...
Bənövşə ətirlim, tülpan dodaqlım,
susma, qurban olum, mənə bir söz de.
Sükutdan ayrılıq qoxusu gəlir.
Qırılmış budağın altında qalan
bir gülü oxşayıb çiçəyi ovut.
Ağacdələn bilir, ağac nə çəkir:
bir koğuş min ölən yarpağa tabut.
Tabutdan ayrılıq qoxusu gəlir.
ZƏLZƏLƏDƏN
SONRA
O vaxt ölən igidləri
birinci atlar ağlayıb.
Atlar, atalar, analar,
sonra tabutlar ağlayıb...
Tabut vardı, hara baxdım,
ora baxdım, bura baxdım.
Zəlzələdən sonra baxdım –
divarda çatlar ağlayıb.
Çatlayan divardan tutdum,
nəfəs dərib hava uddum.
Qəfil yuxum gəldi, yatdım,
elə biliblər, ölmüşəm,
yaxınlar, yadlar ağlayıb.
Boğdu məni qəhər, durdum,
yaz idi, birtəhər durdum,
axşam yatıb səhər durdum –
gördüm ki, otlar ağlayıb...
ADLARIN ALIN
YAZISI
Gördülər, həmişə meyxoş haldayam,
meylər oğulluğa götürdü məni.
Yerlər yiyə durub sahib çıxmadı,
göylər oğulluğa götürdü məni.
And olsun bu yaşıl tut ağacına,
barından ən yaxşı şərab çıxmağı,
tutların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Nə yaxşı, böyüyüb qoyun olmadı...
nənəmin... bir mələr quzusu vardı.
Nənəm nə biləydi, bizim həyətdə
hansısa bir qurdun ruzisi vardı?
İnsanın, heyvanın, ağacın, quşun...
külli-kainatda elə hər şeyin,
hər şeyin bir alın yazısı vardı.
...Hansısa divara, hansısa daşa,
hansısa bir vaxta necə düşməyi
çatların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Arandan yaylağa köç edən çoban
yurd tutar, yurd salar, yurd, yuxusunda.
Otlar yuxusunda quzu görərlər,
quzular qurd görər, qurd, yuxusunda.
Mal-heyvan səsinə bu yaz səhəri
diksinib yuxudan sərsəm durmağı...
otların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah.
Nə yaxşı, Allahı dərk etmək üçün...
deməyə sağlıq var, içməyə mey var.
Gəlin badə-badə düşünək, niyə? –
başımız üstündə yeddi qat Göy var;
yerdə də, Göydə də qat-qat olmağı
qatların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Nə qədər qorxu var bu Yer üzündə;
yaxın qorxusu var, yad qorxusu var.
Hələ də üzümdə ötkəm atamın
o cod əllərinin cod qorxusu var.
Yerdə, Yupiterdə, Uranda, Marsda –
külli-kainatda yana biləcək
hər şeyin canında od qorxusu var.
Bir göz qırpımında, bax, göz görəni
necə yandırmağı, necə yaxmağı
odların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Sevinc oxşarlığı, dərd oxşarlığı,
kədər oxşarlığı vardır hər kəsin.
Tale oxşarlığı, bəxt oxşarlığı,
qədər oxşarlığı vardır hər kəsin.
Bütün olanlara, olacaqlara
ələstə dediyim o "BƏLİ" haqqı,
ağıllı dayanıb fikirləşincə
çayı vurub keçən o dəli haqqı,
alın yazısını adamların yox,
adların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)