Sonetlər ustasının anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayevi daha çox sonetlər ustası kimi tanınırdı. Bu janrı yaşatmaq əlbəttə ki, bir ayrı xidmətdir, belə ki, bu janr həqiqətən də poeziyaya bir gözəllik, dərin lirizm qatır.

 

Bu, onun son sonetidir:

SON SONET
Həyatıma qəsd edib dərd-azar neçə vaxtdır,
Ağrılar, üzüntülər əskilməyir canımdan.
Bilmirəm bu əziyyət haçan qurtaracaqdır,
Azad olacağammı qıfılsız zindanımdan?

Yaşamaq istəyirəm, axı şirindir həyat,
Yuvalanıb sinəmdə arzular dəstə-dəstə.
Sığmayır varlığımda neçə dolu kainat,
Heyif ki, səfərdəyəm... Yol üstəyəm, yol üstə...

Kaş yapışsın əlimdən Günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfüqləri.
Çağlasın varlığımda işıq dolu bir ilham.

Mən ömür istəmirəm riya, xəyanət üçün.
Yurduma gərək olan söz üçün, sənət üçün –
Qələmdən doymamışam, ömürdən doymamışam...

 

 

Adil Babayev 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olub. 1931–1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirib, Tbilisi şəhərində M. F. Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirib. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub. 1943-cü ildə Tbilisidə A. S. Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik edib.

Ədəbi yaradıcılığa 1939-cu ildən başlayıb. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxıb. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülüb. O, "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi, "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olub. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib.

Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil alıb. M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olub, sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləyib.

 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olub. Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində ta-maşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunub. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından (V. Şekspir, V. Vişhevski, N. Dumbadze və s.) çoxlu tərcümələr edib.

Onun tərcümə etdiyi — V. Vinnikov və Y. Osnosun "Ağ şanaküllə", Sao-Yuyyanın "Tufan", Ş. Miloravanın "Tbilisi Haqqında mahnı", N. Dumbadzenin "Darıxma, ana", M. Petrieskunun "Ölümü görmüş insan" pyesləri tamaşaya qoyulub. 1941–1945-ci illərdə "Əmək igidliyinə görə" medalına layiq görülüb.

 

Kitabları

1. İkinci simfoniya (poema)

2. Ürək nəğməsi

3. İlk addımlar

4. Xəzər sahillərində

5. Gənclik illəri

6. Şeirlər

7. Döyüş yollarında (poema)

8. Ana ürəyi

9. Unudulmuş yasəmən

10. Gecikmiş bahar

 

Adil Babayev 1977-ci il avqustun 19-da Bakıda vəfat edib. 2015-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş “Adil Babayev. Ata olsam belə, ata istərəm” adlı qısametrajlı sənədli-bədii televiziya filmi ona həsr olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.