“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Elnar Eyvazın şeirləri təqdim ediləcək.
Əllərim üşüyürdü:
çiçək aldım özümə
aldatdım əllərimi...
***
Mənsiz necə dözürsən,
aldığım nəfəs Adam?!
Sənsiz hər şey heç nədir,
hər tərəf qəfəs, Adam...
***
Öldürdün ümidləri,
yasına da gəlmədin.
Qırılan ürəyimin
səsinə də gəlmədin.
Tutmadığın sözlərin
arasından yıxıldım.
Bilmədin, arzuların
harasından yıxıldım.
Daha niyə küsürəm?!
Ummadığım yerimsən.
Sən də nəsə itirdin,
Sən də mənim birimsən...
***
Arzularım boy-boy düzüldü
ayaq səslərini eşitcək.
Xəyallarım ətəklərini əllərinə alıb
yoluna çıxdılar: yolun da uzaq…
Biz gözlədik səni:
əl-ələ verib
ümidimizi üzümüzə tutduq:
ya udaq, ya uduzaq.
Günləri, ayları caladıq bir-birinə,
hörük hördük…vaxtı öldürək deyə.
Vaxt da salıb tərsliyə…
Bir də gördük
gəlmisən:
gözlərində işıq,
işığa qarışıq yaraşıq,
əllərində tumar,
dodaqlarında nəm çəkmiş sözlər…
Ürəyinin döyüntüsü qulaqlarımdadır:
köksündə bir dünya xoşbəxtlik vardı…
Hamısını birnəfəsə gətirdin,
göstərdin,
apardın…
***
Gəldin,
görə bilmədim
bir doyunca üzünü.
Yol uzaq, həsrət yaxın…
Getdin,
deyə bilmədim:
“Səni sevirəm axı…”
***
Yenə sənsiz,
yenə tənha, yenə tək.
Yenə sığmır qəfəsinə
bu ürək.
Hamı doğma,
hamı əziz,
mən yadam.
Niyə yoxsan bəxtim kimi,
ay Adam?!
***
Bir az fərqli ola bilərdi
tale, qədər, yazı.
Çox demirəm ki,
azı
iki kəlməlik fərq.
Elə gözəl olardı
həyat onda.
Məsələn,
üstünü mən örtərdim
gecələr oyananda…
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)