Ədəbiyyat sahəsinin böyük alimi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan ədəbiyyatı tarixini araşdıran şəxsiyyətlər az olmayıbdır, onlar arasında ən görkəmliləri sırasında bir nəfər də yer alıbdır - Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadə. Bu gün doğum günü olan bu unudulmaz alimimizi xatırlamaq, düşünürəm ki, lap yerinə düşər.

 

Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olub. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayıb. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olub, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

 

1949–1952-ci illərdə İnstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olub, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləyib.

BDU-da, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs deyib. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Kamal Talıbzadə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olub.

 

O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olub, Kamal Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərib. 1972-ci ildə professor seçilib. İlk mətbuu əsəri - Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevə həsr etdiyi oçerki 1944-cü ildə "Azərbaycanın şanlı oğulları" kitabında çap olunub.

 

Əsərləri

1. Azərbaycan sovet ədəbiyyatı sülh və demokratika uğrunda

2. Abbas Səhhət

3. Qorki və Azərbaycan

4. XX əsr Azərbaycan tənqidi

5. Tənqidimiz haqqında qeydlər

6. M. Qorki haqqında məqalələr məcmuəsi

7. Ədəbi irs və varislər

8. Vətəndaş şair (Abbas Səhətin anadan olmasının 100 illiyi münasibətilə)

9. Sənətkarın şəxsiyyəti

10. Şaiqanə yad et (xatirələr, məqalələr, bədii əsərlər)

11. Azərbaycan ədəbi tənqidinin tarixi

 

1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilib. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilib. 1985-ci illərdə "Bilik Cəmiyyəti", mükafatına layiq görülüb, 1993-cü ildə Azərbaycan Elmlər Akademiyası alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970-ci ildə "Fədakar əməyə görə", 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın "Əmək veteranı" medalları ilə təltif edilib, "Qabaqcıl maarif xadimi" fəxri adlarını alıb. Azərbaycan Jurnalistlər İttifaqı isə 1998-ci ildə tədqiqatçıya "Kamaliyyə" diplomunu təqdim edib.

Alim 19 yanvar 2006-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.