“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Səid Sadiqifərdir.
Səid Sadiqifər
Ərdəbil
Küçə ayağında duran kilkəli imgə
Qapılar bağrına sürtülən kəhrəba nəğmə
Küçə yarısında gözlərini qoruyur
Çatlaq bir daxma
Gözlərini döngələrdən
Döngələrini özgələrdən
Budur həqiqət,
Kiçicik daxmalar cırığından
Zil gözlərini izləmək
Gizli-gizli süzülmək
Zamanla toqquşmaq
Və yenə də taksilər gecikməsi...
Dağdağan yarılacaqdı,
Bu evin bucağında asılan zaman
Bu yollar ağardı çox
Bu çuxurlar çıxarsızdı çox.
Dəmir qapı yeriklədi cüftəsiz əllərə
Ah...
Gecənin əlləri soyuqdur
Səhərin gözləri mor
Divarlar zəhmimi yaran zaman
Günəşin hökmü ağır
İndi bu iki mərtəbəli damdadır bütün mutluluqlar
Hər şey özətlənir onun dörd bucağında
Kərpiclərindən qopan sıcaqlara
Sığırçınlar intihar edir
Onsuz hırnayırlar
Ona qısqanırlar
Bütün küçədəki yaltaqlar.
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)