Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Rus ədibi Anton Çexovun “Albalı Bağı” adlı pyesi var.
Bu pyesdə xanım Ranovskinin ailəsinin durumu tədricən iflasa doğru gedir və tənəzzül mərhələsindədir. Onların bu dünyada qalan yeganə dəyərli varidatı, xatirələrlə dolu albalı bağıdır və bu bağ artıq satışa çıxarılmaq məcburiyyətindədir...
Bağın satılması, keçmiş xatirələrin geridə qoyulması və unudulması deməkdir.
Bağın sahibi Ranovski, bağa olan dərin bağlılığına baxmayaraq, onun satışına qarşı heç bir müqavimət göstərmir. O, sadəcə keçmişi unutmaqda aciz qalmağının əzabını yaşayır. Ranovski keçmişlə vidalaşa bilmir, bu isə onun ən böyük iztirabıdır.
Burada söhbət ümumilikdə acizlik və iradəsizlikdən gedir; bu, əsərin bütün qəhrəmanlarını birləşdirən ortaq cəhətdir. Elə bil ki, hər biri öz iradəsini itirib. Dəqiq nəzər salsaq görərik ki, hər kəs nəyinsə qarşısında acizdir: Ranovski itki qarşısında, onun qardaşı həyatın məqsədsizliyi qarşısında, Varya dilə gətirə bilmədiyi sevgisi qarşısında və xidmətçiləri isə öz ölümünün qarşısında.
Bu ailənin nə gələcəklə üzləşmək gücü var, nə də keçmişi geridə qoyub unutmaq taqəti. Demək olar ki, onlar bu iki mərhələ arasında qalmış bir növ bərzəxdə yaşayırlar. Maraqlıdır ki, bu insanlar əslində zəif deyillər, sadəcə olaraq gülünc şəkildə öz istəkləri uğrunda heç bir səy göstərmirlər. Məsələn, Ranovski bağın qorunması üçün heç nə etmir və əsərdə müşahidə etdiyimiz sevgi də asanlıqla ifadə olunmur, hər an itə bilər. Bütün personajlar sanki bir kölgə teatrının oyuncaqlarıdır və hər biri öz rolunun çərçivəsindən kənara çıxmır.
Bu məqamda Trefimov obrazına toxunmaq yerinə düşər. Onu digər burjua həyatına qərq olmuş personajların əksi kimi görmək olar. Trefimov, əslində əsərin yeganə işıq nöqtəsidir və gələcəyə ümid rəmzi kimi çıxış edir. O, sənədsiz, lakin savadlı, azad ruhlu bir insandır və yalnız odur ki, inqilabdan, gələcəkdən və dəyişiklikdən danışır. (Çexovun digər personajların içindən məhz belə bir tipajı seçməsi, sənədsiz və varidatsız bir insanın aydın təfəkkür sahibi kimi təqdim olunması, burjua cəmiyyətini daha sərt tənqid etmək məqsədi ilə atılmış çox uğurlu və düşünülmüş addımdır.)
Trefimovun düşüncəsi sadəcə bu bağla məhdudlaşmır. O, daha geniş bir mənzərəni görür. Onun baxışında bütün Rusiya bir albalı bağıdır. O, daima xəbərdarlıq edir ki, gələcəklə üzləşmək üçün keçmişi arxada qoymaq zəruridir. Şübhəsiz ki, bu bağ, keçidi simvolizə edən bir körpüdür. Heç kim keçmişdən tam şəkildə qurtula bilmir, sadəcə keçidi gözləyir və ona hazırlaşır.
Bu baxımdan demək olar ki, “Albalı Bağı” Çexovun son əsəri və bir növ vida sözü olaraq, yalnız burjua sisteminə qarşı bir istehza deyil, eyni zamanda insanlığın bütövlükdə süqutuna dair onun dərin ümidsizliyini əks etdirir.
Lakin Çexov tamaşaçını bu ümidsizlik bataqlığında başlı-başına buraxmır. Əksinə, qaranlığın ortasında kiçik bir işıq nöqtəsi saxlayır. Bu işıq nöqtəsi Trefimovdur. Trefimov, hər birimizin daxilində yaşaya biləcək bir obrazdır. Əgər bağda ağacların baltalanması və yıxılması keçmişin məhvinə işarədirsə, Trefimov da gələcəkdə həmin ağacların bir-bir yenidən cücərməsi ehtimalının səsi kimi dəyərləndirilə bilər.
Ümumilikdə isə “Albalı Bağı”, göründüyü qədər sadə bir əsər deyil və demək olar ki, onun hər elementi simvolik xarakter daşıyır.
Mənə görə bu kitab, teatr ədəbiyyatını yeni oxumağa başlayanlar, xüsusilə də rus ədəbiyyatı ilə tanış olmayanlar üçün bəlkə də uyğun seçim sayılmaz. Çünki həm çoxsaylı obraz adları, həm də mövzu dərinliyi baxımından müəyyən qədər çətinlik yarada bilər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)