“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə şeir nümunələri təqdim ediləcək, Alik Ədiloğlunun şeirləri ilə tanış olacaqsınız.
ŞEİR VAXTI
Alik ƏLİOĞLU
SOTEROYA
"Bu yol günəşə gedir?"
ohoooo,
Sotero...
Qaşqabağını sallama,
Bilirəm, içkilisən...
ağzında sevgi tamı,
azadlıq ləzzəti var...
Ora bax, kişi nə qışqırır:
"Qoyun əti var!"
ohoooo,
Soterooo...
bir dulusçudan
vətəninə xəyanət gözləmə...
O da hamı kimidir...
Məktub yazmışdın,
Juliyen kimdir?
Bədbəxt fransız...
pəncərədən özünü atıb
ölə bilmədiyinə görə
həbs elədilər.
Tv-lərdə dayandı filmlər,
cizgi, bədii, sənədli, ero
və Sotero,
sənin ölümündən danışdılar...
Son sözlərini dedilər bir-bir:
"Hə, bu yol günəşə gedir..."
***
Atamın əziz xatirəsinə
Yuxuda atamı gördüm...
Hələ də həminki kimi arıq
və ciddidir...
"Ata, adamlar məni yaman incidir..." – dedim.
Gözü yaşardı...
Sonra hardasa
top oynadıq...
Mən uddum.
Atam məni qucağına
alıb başımdan öpdü...
Sonra yerimə uzandım,
üstümü örtdü
və getdi...
YAD ŞƏHƏRDƏ
Səhərlər durub tanımadığımız
Bir şəhərin dar
Küçələrini süpürürük, zibilini daşıyırıq…
Gecələr
Oyanıb dərisini gün yandırmış
Qıvrım, cod saçlı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq...
Kimsə gəlməlidir.
Günlər uzanır və heç kəs gəlmir.
Geriyə baxmaq dəhşətlidir.
Görürsən ki,
İllər öncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığınçün
Səni gətirib uzaqlara atıblar...
Görürsən ki, yiyəsizsən...
Görürsən ki, bu amansız məhəllədə
Günbəgün itlər də yoxa çıxır,
Pişiklər də...
Bilmirsən öldürürlər, ya azdırırlar...
Və sən
Bilmirsən hönkürüb ağlayasan,
Ya sadəcə, kədərlənəsən...
Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxulamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə toxuyub yoxlamaq istəyəsən...
Günlər uzanır, heç kəs gəlmir...
Və sən bir-bir ölürsən...
***
Atamın və oğlumun xatirəsinə
Martın son günləridir.
Ayaq üstə dayanıb
Hamının susduğu kimi susuram.
Sinəmə çəkdiyim hava,
Ayağımı basdığım torpaq
Məni sərxoş edir...
Dağın başında kimsə gedir.
Uzaqlaşmaqda...
Dönüb boylanır,
Havada yellənir bir əl...
Çağırır:
Gəl, gəəl!
Bilirəm ki, indi getməsəm,
Bu köhnə evdə
Toz-torpaq,
Köhnə şəkillər,
Çirkli pəncərələr
Və bozarmış paltarlarım
Var...
Bilirəm, təklikdə öləcəm burda...
Martın son günləridir.
Həyətdə oturub
Hamının susduğu kimi susuram.
Küçələr boşdur,
Uşaqlar oynamır.
Adamlar köçüb gedib.
Bütün qəsəbə
Sükut içində...
Mən öz evimi sevirəm!
Mart bitir.
Pəncərə önündə
Hamının susduğu kimi susuram:
Həyətimdəki boş yelləncək
Mənimlə birgə gözləyir:
atam – qucağında oğlum – gələcək!
QADININ TƏKLİYİ
Ah, bu nə ümidsizlikdir
Gecədə,
Yerimin içində
Anamın ağrıdan iniltisini və
Bethovenin musiqisini dinləyirəm...
“Təklik” deyə vahiməli
qadın pıçıltısı gəlir qulağıma...
Tək yaşayan qadınların kişisidir ağrı,
Xəstəlik...
Hələ üstəlik,
Bir az da gərginlik və əsəb...
Ah, qadın və əzab...
Sevgi görməyən gözlərini
Torpaqdan ayır,
Göyə bax,
Günəş saçını darayır...
Ondan bir az sevgi istə
Allaha qucaq-qucaq,
Bu dəfə sonundan başla,
Axşama günəş çıxacaq...
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)