İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Niyə ziddiyyətli?
Orasına gələcəyik.
Hələlik isə onu deyək ki, bu gün Azərbaycan yazıçısı Rafiq Tağının doğum günüdür.
Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Masallı rayonu Təklə kənd orta məktəbini, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
Bəli, buradək Rafiq həkimdən danışdım.
Amma bizlər onu məhz yazıçı kimi tanıyır.
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" rayon qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.
2004-cü ildə "Qafqazın qartalı Şaumyan belə…" (Səməd Vurğun) adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin noyabrında daha bir qalmaqallı yazı ilə gündəmə gəlib - "Sənət qəzeti"ndə dərc etdirdiyi "Avropa və biz" essesinə görə həbs olunub. 2011-ci ilin noyabrında bıçaqlanmasının da əsasən onun yaradıcılığı ilə bağlı olduğu ehtimal edilib. Yazıçı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğuna inandığını söyləyib. "EQO" Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.
Kitabları
1. Yanaşı ulduzlar
2. Düşmənimin xatirinə
3. Pozitiv. Neqativ
4. Şahzadə Dipendranın məhəbbəti
5. Ucaboy liliput
6. Gənc qraf Kenterberiyski
Qeyd etdik ki, 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi qalmaqallı "Avropa və biz" məqaləsinə görə o, həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılıb.
Həbsdən sonra, sən demə, onu ölüm gözləyirmiş.
2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib.
Yazıçının 2006-cı ildə "Sənət" qəzetində çıxan və öncə adını çəkdiyimiz "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası verdiyi məlum idi.
Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)