POETİK QİRAƏTdə Əlizadə Nuri “Sevda türküsü” şeiri ilə Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

Gülsən, ya güldən artıq-

Səni necə dərməyim?!

Susma, bir kəlmə söz de

Səsini əzbərləyim...

-deyir şair. Razılaşın ki, bu şair yenə də həyacanlandırır, duyğulandırır.

Xoş mütaliələr! 

 

Sevda türküsü

 

Mən sənin görüşünə

Uçaraq gəlməsəm də,

Uçunaraq gəlmişəm.

Mən bayaq yerdə idim-

Nə yaman dikəlmişəm?!

 

...Baxıb baxışlarına,

Gün özünü danırdı.

Mən dəniz istəyirdim-

Saçın dalğalanırdı...

 

Ovçu olardım, ancaq,

Əl tətikdə utanır.

Sənin gözəlliyindən 

Gözəllik də utanır.

 

Gülsən, ya güldən artıq-

Səni necə dərməyim?!

Susma, bir kəlmə söz de

Səsini əzbərləyim...

 

Gəlib açdın dünyanı,

Getsən, qapı bağlanar.

Sən bu qədər yaxınkən

Vermərəm uzaqlara...

 

Sevgi də bir vətəndi-

Hamıya pay tən düşə.

Səhər səndə açılar

Axşam da səndən düşər...

 

...Batlm şirin əzaba,

Dərə enim, dağ çıxım.

Düşdüyüm bu qəzadan

İstəmirəm sağ çıxım...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.