“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Səid Muğanlıdır.
Səid Muğanlı
Tehran
QUCAĞIN ƏMNİYYƏT,
GÖZÜN TERRORİST
Gözlərin, gözlərin, ala gözlərin...
Gözlərin Alagöz mahnı
Gözlərin ölüm ensiklopediyasıdır
Və qadınlığın
Tarixin ikinci yarısı...
Üşüyürəm
Məni bağrına bas
Lənət olsun o mavi gözlərinə
Sən ölümlə yaşamın
Dönüş nöqtəsisən!
Qucağın əmniyyətdir
Gözlərin terrorist!
2.
Şairin işi sevməkdir,
Sevgi gündəki işimdir.
Sevmək ən gözəl şeydir,
Sevirəm, bu mənim peşəmdir.
Şairin bir işi sevməkdir
Bir işi yalan söyləmək.
Bir işi aşiq olmaq
Bir işi tərifləmək.
- Buyur gözlərində can verim qadası
- Buyur ucaman tanrının qız qonşusu!
Şairin bir işi sevməkdir
Biri yalan söyləmək!
Şairin işi sevməkdir,
Bir işi yalan söyləmək.
Bu günlər işsizəm
Sevmirəm səni!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)