Şəhərin ciyəri yanır... – TƏRANƏ DƏMİR Featured

 

“Ədəbiyyat və incəsənət” portalı 3 gün ardıcıl Təranə Dəmirin 11 yeni şeirini  təqdim edir.

 

5.

 

İyulun nəfəs qarsan istisi,

Günortanın tən yarısı,

Günəş döyür başına küçələrin,

ağacların, göyərçinlərin, şəkillərin,

 afişaların, heykəllərin.

Bir-biriylə  yarışa  çıxıb maşınlar, adamlar,

Unudanlar, unudulanlar.

Hərəsinin öz  sürəti  var.

Yoldan keçənə yalmanır  üst-başı kirli,

çəlimsiz  pişik balası.

Bir dadımlıq  dönərə, bir sığallıq  sevgiyə yalmanır,

Daşa, divara, kölgəyə yalmanır.

Dili bir qarış çöldə gəzən küçə itlərinin nəfəsindən od  tökülür

cızdağı çıxan asfaltın üstünə,

Şəhərin  ciyəri  yanır.

Yanaqlarını gün aparan dilənçi qadına

kimsə təbəssüm yollayır əlli qəpiklik boyda,

Qadının gözləri  sığallanır.

Birdən xəfif  meh əsir,

Günəşin üzünə düşür buludun kölgəsi.

İstidən nəfəsi  kəsilən  küçələrin dodağına

su çilənir göy üzündən sərin-sərin.

Ürəyi  yerinə gəlir  şəhərin.

 

 

6.

 

Ağaclar  kökündən  yapışıb durub,

Külək acığını  budaqdan çıxır.

Yayın ortasında, küləyin altda

Ağaclar  neçə qat  yarpaqdan çıxır.

 

Döyür  gözlərini  yenə küçələr,

Edir bir-birinə tənə küçələr,

Təzə  paltarında  köhnə küçələr

Yenə  külək-külək  sınaqdan çıxır.

 

Divarlar  küləklə verir səs-səsə,

Hayları, küyləri  düşür dənizə,

Bu gün dəli olub küləklər  nəsə,

Gah qaradan çıxır, gah ağdan çıxır.

 

Gah göyə  dırmaşır, gah  yerdə  əsir,

Dənizdə, limanda, sahildə  əsir,

Şəhərin  üstündə  ayrılıq   gəzir, 

Bir şair  hirsini  varaqdan çıxır.

 

 

7.

 

Bu qoca  ağacın  neçə canı var?

Hər xəzəl  altından  yüz  yarpaq  çıxır.

Kəsilir, qırılır, qopub, tökülür, 

Bütün  sınaqlardan üzüağ çıxır.

 

Gör  necə  bağlıdı  kökünə  ağac,

Min tufan yerindən  qaldıra  bilmir.

Durub   kölgəsinə  daş  atsalar  da

Heç kim  bu ağacı  öldürə  bilmir.

 

Sarılıb  qoluna, budaqlarına,  

Qıraqdan heykələ oxşayır  ağac.

Yayda  günəşinə, qışda  qarına

Bürünə-bürünə yaşayır  ağac.

 

Hələ ki, dayanıb öz kökü  üstə,

Yerindən, yurdundan  güc  alır  hələ.

Küləklə, yağışla, dumanla, çənlə 

Savaşa-savaşa qocalır  hələ.

 

 

8.

 

Baxıb saçımın ağına

Məni  qoymadı  yaxına,

Keçdim soluna-sağına,

Tanımadı güzgü məni.

 

Güldü  üstümə, başıma,

Gəlmədim  deyən xoşuna,

Tutdu  tənə yağışına,

Tanımadı  güzgü  məni.

 

Düşmədi  üzüm yadına,

Söhbətim, sözüm  yadına,

Oxşatdı   hansı  qadına?

Tanımadı  güzgü  məni. 

 

Məni  sual-sual  süzdü,

Məni  xəyal-xəyal süzdü,

Mən  danışdım, güzgü  susdu,

Tanımadı  güzgü  məni.

 

Yatmışdı, gəldim  oyatdım,

Ağladım, güldüm, oyatdım,

Yaz  getdim, payız  qayıtdım,

Tanımadı güzgü məni.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.