Nurlana İşıq, “Ədəbiyyat və incəsənət” üçün
İtalyalı Roberto Benigninin “Həyat gözəldir” filmində yaddaqalan bir səhnə var: nasist əsgər yəhudi bir atanın kürəyinə silah dayamış halda onu aparır. Bu an ata altı-yeddi yaşlı oğluyla göz-gözə gəlir. Göz vurur və oğluna bunun sadəcə bir oyun olduğunu xatırladır. Bəli, oyun...
Qanlı müharibənin içində, ölümün nəfəsini hiss edərkən belə uşağının xəyallarını qorumaq üçün atanın seçdiyi yeganə yol – oyunu davam etdirməkdir. Gerçəkliyin ən sərt və qəddar olduğu bir yerdə, fantaziyanın, sevginin və inamın gücü ilə uşaq dünyasını qorumaq gerçək qəhrəmanlıqdır.
Bənzər bir duyğunu bizim şairəmiz Mina Rəşid də yaşayıb. Müharibənin içindən çıxan bu qadın poeziyasında oyunu, qarı, uşaq təmizliyini – yəni sülhü seçib. Silahı deyil, qarı seçib.
İstəyirəm qar yağsın,
Qara gün qarda batsın.
Adamlar bir-birinə
Güllə deyil, qar atsın.
Bu, sadəcə şeir deyil – bir arzudur, müqavimətdir, dualı bir ümiddir. Mina Rəşid silahı qarla, nifrəti oyuna, qaranlığı günəşlə əvəz edir. Bu arzuda sanki yəhudi atanın “oyun” adlı uydurması ilə Mina Rəşidin “qar” metaforası eyni mərkəzdə – sevginin və uşaq təxəyyülünün qələbəsində birləşir.
Filmdə “böyük oyun”un mərkəzində ata ilə uşaq, müharibə ilə xəyallar, həyatla ölüm qarşı-qarşıya gəlir. Uşaq müharibənin içində olduğunu dərk etmir. Oyun onu qoruyur. Oyun – həyatın gözəl qalan yeganə hissəsidir. Qərbdə bu film çəkilən zaman, Şərqdə Mina kimi bir gənc qadın müharibədən yenicə çıxmışdı. Ancaq onlar ikisi də həyata dair başqalarından daha çox nikbindirlər, daha çox ümidlidirlər.
Müharibə sözünü görüm
Qar-çovğun alsın.
Qar yağsın, qoy silahlar
Qarın altında qalsın.
Filmin sonunda oğul atasının söz verdiyi kimi tankı görür və qalib olur. Oyun bitir. Tankın içində gülümsəyən əsgər var. Güllə atılmır. Bu, oyunun və inamın qalib gəldiyi andır. Ata həyatda qala bilməsə də, onun nikbincəsinə qurduğu xəyalı qalib gəlmişdi.
Elə Mina da atasını itirmişdi. Amma onun da arzusu yerinə yetmişdi, çünki müharibəni qarğıyıb, sülhü alqışlamışdı:
Qara qəlblər ağarsın,
Dünyaya yağsın bu qar.
Qışın tən ortasında
Günəştək doğsun bu qar.
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)