Bu gün şair Məstan Günərin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yarpağı nəmlənən bağlar içində

Durub seyr edəsən gecə dağları.

Orda-burda sərin-seyrək dindirdə

Bülbülün köksünü qönçə dağları.

 

Bilirsənmi yarın hardan danışa,

Fikrə gedib uzaqlardan danışa.

İçdiyimiz bulaqlardan danışa,

Bir tərəfdən seçə-seçə dağları.

 

Bu gün Azərbaycan Dövlət mükafatı laureatı Məstan Günərin doğum günüdür

Azərbaycan Yazıçılar Birliyinin üzvü Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunub. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlayıb.

Publisistik və tənqidi məqalələrlə də çıxış edib. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunub. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilib.

Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olub. Sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Gənclik" nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində işləyib. Bir müddət Azərinformun müxbiri olub.

O,Tovuz rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsində də çalışıb. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür. Jurnalistik fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

Əsərləri

 

1. Qartal

2. İlk görüş

3. Çəmən qızı

4. Nərgizim

5. Addımlar, addımlar

6. Nəğməli qovaq

7. Obalardan əsən yellər

8. Çalğıçı quşlar

9. Bir könüldən min könülə

10. Günərli şeirlər

11. Mən bir durna qatarında

12. Qoşmalar

 

Məstan Günər 2010-cu ildə vəfat edib. Azərbaycan Televiziyası tərəfindən Məstan Günərin həyat və yaradıcılığından bəhs edən “Aylı vadinin şairi” qısametrajlı sənədli televiziya filmi istehsal edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.