“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Səttar Temuçinin şeirləri ilə tanış olacaqsınız.
Səttar Temuçin (Səttar Novruzlu) 1998-ci ildə Bakı şəhərində anadan olub. Bakı Slavyan Universitetində alman dili müəllimliyi ixtisasını bitirib. Şeirləri və yazıları dövri mətbuatda dərc olunur. “Müqəvva kədəri” adlı ilk şeir kitabını çapa hazırlayır.
ÜMİD
Mənə ümid yeri ver,
Qalmağa yerim yoxdur.
Mənə denən, gələcəm,
Gəlməsən, eybi yoxdur.
Denən ki, gecələri xəyal dediyin mənəm,
Denən, uzaq dediyin yerlər sənin yanındır,
Denən, unutmamışam, denən, çox darıxmışam,
Denən, buz bildiyin qəlb hər gün, hər an yanırdı.
Gecə ay işığının otağımda kölgəsi,
Sənə aşiq olduğum o küçənin döngəsi,
Məni hər gün oyadan bala pişiyin səsi,
Harda olsan, necə olsan, sonda mənə gələsi ol.
Mənim sözüm,
Zəif gözüm,
Səbir, dözüm,
Şeir yazmaq həvəsi ol.
Qoy mənə toxunacaq əllərin də olmasın,
Mənə baxa biləcək gözlərin də olmasın,
Ürəyimi kül edən sözlərin də olmasın,
Mənə sənin varlığın, o gül qoxun bəs edir,
Səni yada salanda lal ürəyim səs edir.
Mən hər ulduz axanda səni arzulamışam,
Xəyalın yastıq olub baş ucuma hər axşam,
Sənə hər addımımda özümü unutmuşam,
Sənsiz ölən deyiləm, yaşayıram ölənədək,
Birdən durub gələrsən, sağ ol, görüşənədək.
Mənə ümid yeri ver,
Qalmağa yerim yoxdur.
Mənə denən, gələcəm,
Gəlməsən, eybi yoxdur.
OCAQ
Nə eliyim bu təkliyin əlindən,
Hara gedim, hara qaçım, bilmirəm.
Çox olur ki özümlə rastlaşıram,
O danışır, mən susuram, dinmirəm.
Danışır ki, cəhənnəm ol başımdan,
"Cəhənnəm ol" sözə bax e, ay Allah!
Dediyini etsəm əgər cənnətə,
cəhənnəmi alarsanmı, ay Allah?
Yavaş-yavaş tüstülənir ocağım,
Özümü qucaqlamasam, boş qalacaq qucağım...
Bir də bu mənasız qafiyələr var, yapışıblar yaxama,
Hələ dedim gəlsələr, deyərsiz ki, yoxam, ha!
Deyərsiz ki, üşüyür bir ocağın dibində,
Deyərsiz, imkan olsa, gizlənərdi cibində,
Deyərsiz, öz-özünə uzaqdı bu aralar,
Elə bilir, yazdıqca sağalacaq yaralar.
Dərdimə yansın deyə, bu gün ağac kəsmişəm,
Necə nankorlaşmışam, necə şirindi dərdim.
Mən ki şeir yazmaqçun bir ağac incitmişəm,
İnan, şeir olsaydım, küsüb çıxıb gedərdim.
Hər dərdim bir ağacdı, bir quşun yuvasıdı,
Mənim dərdim o quşun Allaha duasıdı,
Ocağımı söndürüb için-için yanacam.
Bir quşun duasında Allahla rastlaşacam.
RA
(Tanrının avtobioqrafiyası)
Mən daha əvvəlki kimi hər şeyə üzülmürəm,
Daha insan deyiləm, bəlkə də, bəlkə, yoxam,
Bəlkə, gözlərimdəki kədər şəkilləri də
Köhnəlib, köhnəlib, güvə yeyib onları?
Köhnə, naftalin iyi verən o uşağın
Pencəyinə bükülüb məscid qapılarına
Buraxılan gözlərim qiblə divarlarına, dikilib, dikilib (heykəl kimi)
Yanımdan keçənlər məni görmədi, keçdi,
Görünməzlik arzumu unutmamışdı Allah.
Elə onda anladım, uşaq arzusu heçdi.
Gözlərini itirmiş mənim balaca dostum,
Ağlaya bilməmişdi,
Elə onda anladım, uşaq arzusu heçdi.
Mən kilsə kandarından baxırdım minarəyə,
Quşlar pərvaz edirdi azan səsi gəlincə,
Bennu tanrısıydımı, ya adicə quş idi,
Musanın əsasını ilana dönən kimi
Dimdiyində möhkəmcə tutub günəşə sarı
Ra, Ra, Ra çağırışları,
Boş idi, bomboş idi…
Bir də yerə çırpılmağı vardı
Günəşin batmasıyla,
Ümidlər sonda ölür, deyirlər,
Sonda ümidlər bic doğulurmuş
Yiyəsi yoxmu bəs bu tikə-para ümidlərin?
Bir səs ucalar:
Var, var, var!
Dəli oluram, Allah,
Götür məni, apar bir qadının ovcuna,
De ki, cəzandı, götür!
Kimsən, nəçisən, qadın,
Kimin ovcundayam, nədir ki sənin adın?
Həvva, Həvva, Həvva...
...
Ağzımda süd tamıyla, dodağım şişkin-şişkin,
Tərin-suyun içində, bir az da bitkin-bitkin,
Toyuqların su içib başını qaldıranda,
Gizlənpaçda bir uşaq heç cür tapılmayanda,
Gözlərimi açıram sakitcə yatağımda.
Qaranlıqdı, gecədi, nədir, axı necədir?!
Bilmirəm ki, nə bilim, bəlkə, gözlərin çıxıb?
Baxım güzgüyə hələ...
Heç nə görə bilmədim.
Zibilə qalsın elə,
Ya hələ də yatıram, ya da yuxu çin çıxıb.
MÜQƏVVA
Buludlar yağardı yağışlara.
Mən bütün dağıdılmışlara biçarə,
Əllərim ağac, ayağım yox, başım saman.
Bir aman-zaman tarlam var,
Nə anam var, nə atam.
Mən unudulmuşlara işarə.
Allah, məndən alma bu tənhalığı,
Baxma insanlara, danışan mənəm, mən
Ağac adam – müqəvva
Bax, mən səndən üz döndərmərəm,
Mən nə Adəməm, nə Həvva...
Mənəm, mən – müqəvva.
Külək hər əsdikdə üzülürəm ki,
Hansısa quşun yuvası dağılar.
Və külək dayanarkən o quşlar
Hücum çəkər saman ürəyimə
Yeni yuva ümidinə...
Nə bu quşlar elçidir,
Nə adamlar Allah.
Yanılmışam və...
Yanılmışam və...
Yanılmışam və...
Başqa bir dünyanı xatırladım,
Son dəfə məni çarmıxa çəkirdilər.
Xatırladım və...
Xatırladım və...
Xatırladım və...
(Sərt küləkdən sonra Müqəvvadan bir daha xəbər olmadı.
Quşlar bir daha oraya qayıtmadı.
Uzaqdan karvan səsi gəlir...)
HEROQLİFLƏR
Kor olub güzgüdəki əksim,
Nəfsim – tar, həqiqət – tək sim.
Dilimi kəsdilər, amma
Hələ də öz-özümə danışa bilirəm.
Qulaqlarım ilan yuvası,
Yalan – ilan duası.
İnan, dost, inanılması çətin olsa da.
İnanmasan, bir gün biri gələr və
İlan yuvasına çomaq salar.
O zaman nə edərsən öz-özünlə?
Birdən ölərsən,
Kim danışar səninlə?
Heroqliflərlə dərdini yazsan,
Rəsm sanarlar,
Ah insanlar, insanlar...
Ona görə də inan.
Birdən "rəssam" dedikləri gələr,
Və öz-özünlə danışdıqlarının bir vəhy olduğunu deyər.
Əllərini qaldırmaq istəyərsən,
Amma əllərin olmaz.
Bəs bu heroqliflərlə yazını kim yazıb?
Rəssam?
OĞRU
Bu kölgə mənimlə bir gəlməliydi,
İşıq əyilməliydi qarşımda.
Başımda küçə itlərinin səsi
Güllə səsiylə kəsilməliydi.
Çünki işıq həqiqətin özü yox,
Onun kölgəsiydi.
Mən nəyisə dərk etmiş yox,
Tərk etmiş adamam.
Sənin ayaq izlərindən keçməz ləpirlərim.
Skamyada yatan əyyaşın
Ölmək arzusundan
Və özünü quş kimi gördüyü ucsuz yuxusundan,
"Birdən yağış yağar, islanar qanadları" qorxusundan,
Bax beləcə özünü ölü, yuxusunu sağ görmək duyğusundan keçər sətirlərim.
Əlimdən uşaqlıqda oğurlanan palıd qozasının indi ağac olması
Mərhəmət hissimə kölgə salır.
Başım elə fırlanır ki, dünya, elə fırlanır ki,
Bapbalaca komamın hər küncünü döngə sanır.
İndi əlimdə bir palıd qozası ilə günəşə əl etməyim,
Günəşə silah çəkməyim kimidir.
Ona görə də palıd ağacının küskünlüyü var günəşə,
Ona görə də həmişə altı kölgə olur palıd ağacının,
Qəlbim elə qırılıb ki, dünya, elə qırılıb ki,
Bir ağac misalı...
Yandırıla və canım qurtula bu zibilə qalmış ürəkdən.
İndi bir dəcəl uşaq tapılmayacaqmı burada
Ovuclarımdan palıd qozasını oğurlaya
Və ata günəşə sarı, güllə ədasıyla,
Canı qutara bu bəşərin... Canı qurtula...
SƏDA
Dəniz kənarı. Qədim daşlar.
Söykənib bütün keçmişini içən əyyaşlar,
Başladar başından keçənlərlə baş-başa qalmağı,
Allah, bəlkə də, sükutdur, vəhy hər kəsin öz-özüylə danışmağı.
Əuzu billahi minəş-şeytanir rəcim...
Torlar zindan, qırmaqlar dar ağacı, balıqlar münəccim.
Ulduzlar birləşər üfüqdə dənizlərə,
Ayaq qaçar, di gəl, qalar fikir sahildən izlərə.
Uzaqdan izlərəm, çökər qum üstdə dizlərə,
Dua – savab,
Sual-cavab,
Ümid – suda qarışqa gözləmək,
Unut, bağışla, gözləmə.
8-ci not
Sən bilərsən, bu durnalar başqa yerə köçəndə
Bu yerlərin soyuğundan küsürmü?
Sən bilərsən, balıqçının torunda çırpınanda balıqlar
Dənizlərdən, görən, incik qalırlar?
Sən bilərsən, payız olar, yarpaqlar xəzan olar,
Yarpaq kimi bir fəsillik yolunu azan olar?!
Asan olar, deyirlər, adamın qəlb qırmağı,
İçimdə natamamlıq – vergül balıq qırmağı.
Boğazıma ilişib belə çıxıb getməyi,
Amma kimə lazım ki, bir fəsillik qalmağı.
Unutmağın bəs edər inancımı qırmağa,
Soyuq idi, kaş qoyardın ürəyində qalmağa.
Sən bilərsən, yeddi notun hansı daha gözəldi?
Gözlərimi ağ bürüdü, səkkizinci düzəldi.
NANƏLİ ÇAY
Qapı cırıltısına oyanan körpələrin hıçqırıqları.
Son nəfəsini verən köpəyin çırpınışları.
Yay yağışının yaratdığı iyrənc səssizlik.
"İndi nəsə baş verəcək" simfoniyası.
Əsa, təsadüfən düşər yada,
dənizləri bölən səda
"Mən təkəm" demə,
Xuda dənizləri süzər qaba,
Deyər, için-için yanır içim,
bir qurtuma səma udar buludları,
yağışla püskürər, amma
Duama mübtəla, əks qütblərə səla.
Sükut.
Azan və fatihə, qunut...
Unut, sən hər şeyi unut
Diz çök!
Ki, yalvarış, qırış yaratsın diz qapaqlarında
Mənəm o Allaha dua edən ki,
Duam çatınca Allaha
qabaqlaram daha.
Bitdi.
Yağış yağır yay günü,
kimsə öləcək məhəlləmizdə.
Özümü pis hiss edirəm.
Gedirəm ölməyə – evin arxasında,
Siqaret çəkiyim yerdə,
İki divar arasında.
Cansız bədənim, qarışqalar,
Gözlərimin didilməsi,
Ölüm səsi.
Mən onsuz da ölmüşəm,
Siqaret kötüklərini yığın,
Anam görüb üzülməsin.
Siqaret qoxusunu hiss etməsin deyə,
Nanələri yeyərdim,
Anam da yazıq ilbizləri söyərdi...
Kaş ölmədən nanəli çay içəydim,
Burnum axır...
Eh, qan imiş.
SÜD QOXUSU, SÜD YOLU
Son duadı,
Sondu adı,
Söndü adı,
Ürəyimdə kül oldu.
Soldu adı,
Kitablarda qurudulan gül oldu.
Gün oldu ki, dövran dönsün,
Geri dönmə, mən dönərəm başına,
Unutduğun nəsə varmı, düşünmə,
Necə olsa, bir cür çıxar qarşına.
Gözlərinə, göz yaşına qarışsam,
Yanağından süzülməkçün yarışsam,
Bu yarışda uduzmaqla barışsam,
Qalsam orda həmişəlik, əbədi,
Yarış bitdi, mən uduzdum, necədi?!
Ocağımda süd daşır,
Süd qoxusu,
Süd yolu,
Məni münəccim bilib dar ağacından asır,
Məni sinəndə yatır, dar ağacı gül açır.
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)