Xəlil Rza Ulutürkün “Əyilmə” şeiri və Ülviyyə Əbülfəzqızı Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, bu dəfə " Sevdiyin şeiri gələ mənə söylə" rubrikasının qonağı Ədəbiyyatı nəfəsi bilən, özünə hər  zaman Ədəbiyyat dəryasından  damla söyləyən Ülviyyə Əbülfəzqızıdır- mənəm.

Bəli, bu gün mən Ülviyyə olaraq, Əbülfəzqızına sual verəcəyəm, axı Ülviyyə ayrı biri, Əbülfəzqızı isə ayrı biridir. Bu rubrikamın ideyasını düşünürkən elə ilk özümə sual verdim.    -Əbülfəzqızı, " Gəl mənə sevdiyin şeiri söylə."

 

Rubrikamda Müasir Ədəbiyyatımızın tanınan bir çox dəyərli şairləri iştirak edib. Əlbəttə, onlar ovqata uyğun olaraq bir şeir seçiblər. Ədəbiyyatı həyat bilənlər, təbii ki, onun bütün janrları ilə "qidalanırlar." Rubrikanın şərtinə uyğun olaraq, daha dəqiq desək, ovqata uyğun olaraq bir şeir seçməliyik, deyə, bir şeir söyləyirik.

Elə mən də həmin an bir şeiri düşündüm.

O şeir mənim üçün "müqəddəsdir", bənzərsizdir, hava və su kimi dəyərlidir.

O şeirlə tanışlığım da çoxdan yaşlanıb...

Şeirin mövzusu elə o yaşda məni özünə çəkmişdi, ibtidai təhsil pilləsində olsam da, şairin bu şeiri mənə atam Əbülfəz bəyin tövsiyəsini xatırladırdı.

Təsadüf yoxdu - deyirlər. Bəli, mən buna çox inanıram. O şeir məni həyata hazırlayan "Ustad" oldu, o şeir mənə əyilmədən necə yaşamağın yollarını öyrətdi, o şeir ömrümün hər hər zamanında əllərimdən tutub ayağa qaldırdı, o şeir mənim "mənimin sarayında" hər gün oxunan nəğməyə döndü.

O şeirlə daha güclü oldum, zərif azyaşlı qızcığazı o şeir aslan kimi pəhləvana çevirdi.

O şeir mənə həyatın şirini deyil, acı təamlarını dadanda qürurla ayaqda durub başımı dik tutmağı öyrətdi.

Çox maraqlıdır, bu gün Ədəbiyyat dəryasından bir damla kimi sevilsəm də, bunda elə bu şeirin müəllifinin qardaşı, mərhum Məhəmməd Xəlilbəylinin böyük rolu var. Çünki məni Ədəbiyyata gətirən dahi Xəlil Rza Ulutürkün qardaşı, Salyanın sevimli ziyalısı Məhəmməd Xəlilbəyli olmuşdur. Elə ilk dəfə 7 yaşımda yazdığım şeiri redaktoru olduğu dillərdə əzbər olan " Qələbə" qəzetində yayımlayıb mənə Ədəbiyyat adlı həyat vermişdir. O gündən bu günə kimi mən Ədəbiyyatın əsiriyəm. İllərlə bu duyğunu basdırsam da, müəyyən səbəblərdən basdırılsa da, o duyğu indi gözlərindən ildırım saçan igid kimi boylanmaqdadır, qalibdir və bu qalibiyyətin dadını duymaqdadır.

Bəli, bəli, mənim dilimin əzbəri olan, məni mən edən şeir dahi türk şairi Ədəbiyyatımızda öz yeri olan Xəlil Rza Ulutürkün  “Əyilmə" şeiridir.

Təkrar edirəm, o şeiri ilk eşidəndə sanki atamı dinləyirdim.

Çünki atam mənim qəhrəmanımdır, o məni bütün neqativlərdən qoruyan güclü sərkərdəmdir. Beləcə bu şeir də atamın qanı kimi qanıma, ruhuma hopdu, bu şeirlə böyüdüm.

İllər keçdikcə bu şeiri hər dəfəsində daha da çox dərk etdim, qəvvas olub hər misrasının dərinliyinə baş vurdum.

Hər baş vuruşumda bir inci tapdım. Mənim bu tapdığım incilərdən ibarət böyük bir "sandığım" var.

Bu şeir məni göylərə qaldırır, qanad verir və ayna qarşısına keçəndə gözlərimə dik baxıb alnımı açıq görürəm, özümü sevirəm.

Xeyr, eqo məsələsi deyil, həm atamın, həm də dahi türk şairi Xəlil Rza Ulutürkün tövsiyəsinə əməl etdiyim üçün öyünürəm.

 

 

XƏLİL RZA ULUTÜRK - ƏYİLMƏ

 

Qalsan belə susuz, ac,

Yavan çörəyə möhtac,

Boğazına ilantək

Sarılsa da ehtiyac.

Ehtiyac ürəyini

Köksündən qoparsa da,

Odu, suyu, havanı,

Evindən aparsa da,

Ağız açma namərdə!

Ürəyində dərd, yaşa.

Sən insansan! Əyilmə

Yoxsul yaşa.

Mərd yaşa!

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.