Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Ədəbiyyatda zamanla yoxa çıxmayan, zamanın içində yaşayıb onu məna ilə dolduran, məzmunca zənginləşdirən sənətkarlar olur. Tovuzda doğulub, yaşayıb-yaratmış görkəmli şair-publisist, Azərbaycanın Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 25.07.1935, Əsrik Cırdaxan - 2010, Tovuz), Azərbaycan miqyasında bu səviyyədə tanınan sənətkarlardandır. O, nəinki bir şair, həm də elin göz yaşının tərcümanı, uğurlarının tərənnümçüsü - ulusun söz adamı kimi çıxış edib. Günərin poeziyası etnokulturoloji kodlarla zəngin olub, gələnəksəl aşıq və dastan təfəkkürünü yansıdır, həm də azərbaycanlı kimliyinin mənəvi-mədəni sütunlarını şeirə çevirir.
Məstan Günərin şeirlərində ulusun arxaik yaddaşı – yaylaqla qışlaq arasında köç edən obaların dili, sazın ahəngi, gah sevinc, gah kədər ilə yoğrulan çağrımlar görünür. Bu, həm “Aran gözəlləməsi”, həm də dağla dərdləşən ruh halıdır. Dağ-aran varsa, gözəlləmə varsa, əlbəttə, bir gözəl də vardır oralarda:
“Çiçəyin iliksən, gülün nübəri,
Yazın xəbərisən, a yaylaq qızı.
Elə bilirdim ki, söz deyəndə mən,
Sən yönü bərisən, a yaylaq qızı.
Qurbanam dolanıb gəzdiyin çölə,
Yatdığın çəmənə, batdığın gülə.
Ürəkdə mən səndən, uşağam hələ,
Yaşda sən gerisən, a yaylaq qızı”.
Bu misralarda doğal gözəlliklərlə yanaşı, mədəni iqlimin qadına və gözəlliyə verdiyi mənəvi mövqe, doğa ilə insan arasındakı simvolik vəhdət var. Onu da vurğulayaq, Günər poeziyasında şifahi xalq ədəbiyyatının təməl obrazları – bülbül, yaylaq, dağ, qızılgül… - kimi obrazlar həm də poetik identiklik daşıyır.
Məstan Günərin poeziyası klassik aşıq şeiri və ümumən epos təfəkküründən irəli gələn ritmik, semantik və etik kodları yaşadır - həm barınıb, həm də barındırır. Hər misrada ritmin daşıdığı ürək döyüntüsü, kədərin təkcə şəxsi yox, milli olma hadisəsi, ağrının yalnız sevgi yox, həm də zamanla bağlılığı hiss olunur:
“Səni düşündükcə dönür əhvalım,
Çalxanır dərdlərin dəryası məndə.
Sinəmə xəncəri elə çaxıbsan,
Getdi ölənəcən yarası məndə.
Dünya gözlərimdə nə vaxtdan bəri,
Divanə mülküdür, qopub məhvəri.
Fikrimə gəldikcə boyun ləngəri,
Pozulur dağların sırası məndə.
Zər, səni itirdi sənin zərgərin,
Üzünə çıxmıram gül-çiçəklərin.
Edam sərgisidir biçənəklərin
İpəyi, atlası, xarası məndə.
Bir aləm Məstanə min aləm baxır,
Ahım bulud-bulud göylərə qalxır.
Sağımdan doğub da, solumdan yaxır,
Dövr edir gözlərin qarası məndə”…
Şeirdə həm qədim türkün kosmik təfəkkürü (“sağ” – Gündoğar, “sol” – Günbatar), həm də şəxsi sevdanın universal ruhaniyyətlə iç-içə olması görünür.
Şeirdə ulusun etnokimliyindən qaynaqlanan fərdi keyfiyyətlərin sevda dünyasında təcallası və doğa ilə iç-içəliyin fəlsəfi etüdləri öz poetik ifadəsini alıb.
Şairin sözü ilə həm də ulusun sevda yaddaşı çiçəkləyir…
Tovuz ədəbi mühiti səs, nəfəs, ruh olaraq ümumazərbaycan, Qafqaz miqyası alaraq Günər poeziyasında boy göstərib…
Bəli, Məstan Günərin poeziyasının kökü Tovuz aşıq məktəbinin ruhundan gəlir. Aşıq Hüseyn Bozalqanlı, Əlimardanlı Aşıq Nəcəf, Xəyyat Mirzə kimi ustadların poetik kodları onun misralarında da yaşayır. Dağlar, çaylar, sərt iqlim – bu doğa coğrafiyası eyni zamanda bir içdünyasını - dünyagörüşü, rəngarəng hisslərin kəskin ifadə dili olub:
“Yarpağı nəmlənən bağlar içində
Durub seyr edəsən gecə dağları.
Orda-burda sərin-seyrək dindirdə
Bülbülün köksünü qönçə dağları.
Bilirsənmi yarın hardan danışa,
Fikrə gedib uzaqlardan danışa.
İçdiyimiz bulaqlardan danışa,
Bir tərəfdən seçə-seçə dağları.
Ay nurunda durna dəsi qızılı;
Ağ buludlar sinəsindən yazılı –
Bağdad uzaq, qərib quşlar arzulu,
Təsbeh ola keçə-keçə dağları.
Mən niyə yarandım sevdalı canan,
Minnəti, möhləti eşitmir zaman.
Bilmirəm dünyadan gedəndə Məstan
Tərk edib gedəcək necə dağları”?..
Buradakı “qönçə dağları” fon olmaqdan ziyadə, poetik məkan, mədəni mənzərədir.
Məstan Günərin poeziyasında Azərbaycan insanının mənəvi dayaqları – sədaqət, vəfa, kişilik, ağsaqqallıq, dostluq – ardıcıl şəkildə vurğulanır:
“Bizim dost itirən vaxtımız deyil,
Artıq günortanı addaıyıb ömür”.
Bu misralarda həm vaxtın qiyməti, həm dəyərlərin itkisinə qarşı dirəniş, həm də insanlıq borcu poetik formada təqdim olunur. Özəlliklə, şeirin hər sətrindən keçən kişilik, mərdlik vurğuları – ulusal etikanın qısa, lakin sanballı formulu kimi meydana çıxır.
Məstan Günərin şair kimliyi, sözün sorumluluğunu yaşamaqla ölçülür. O, nə qədər sevgi, kədər və gözəllik haqqında yazırsa da, bu poeziya sadəcə estetika yox, mənəvi etiraz, zamana adil münasibət, ulusun içindən gələn xalis ün kimidir.
“Ağıl alar, cahil satar Məstanı,
Sevdəgərdən geri qaytar Məstanı”. –
Şair öz taleyini, şairliyin missiyasını və eyni zamanda ulus içində sözün nə qədər qiymətli olduğunu göstərir.
Beləliklə,
Məstan Günərin poeziyası:
Azərbaycan xalqının mənəvi kodlarını yaşadır;
şifahi xalq ədəbiyyatına bağlıdır, amma onu çağdaşlaşdırır;
milli identiklik, kişi əxlaqı, dostluq və sədaqət fəlsəfəsini qoruyur;
Tovuz ədəbi mühitini, aşıq dünyagörüşünü və köyün ilkinlik poetikasını daşıyır;
ən başlıcası – sözə məsuliyyətlə yanaşan əsl şair obrazı yaradır.
Ruhuna alqış!
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)