TƏQDİMAT – gənc qəzəlxan İslam İslamov Featured

Ülviyyə  Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

" Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyicilərinə salam olsun. "Əhdinə" sadiq qalaraq portalımız gözəl ədəbiyyat nümunələrini, istedadlı gəncləri izləyicilərinə təqdim etməkdədir.

 

Bugünkü gənc qonağımız əruz vəznində gözəl nümunələr yaradan qəzəlxan İslam İslamovdur.

Gəncimizin qəzəlləri əruz vəznini sevənlər üçün çox qiymətlidir.

İslam İslamovun hər beytində könlünə açılmış mənəvi pəncərəni görə bilirik. Qəlbi hikmətlə, sözü nurla yoğrulmuş şairin iki qəzəlini təqdim edirik.

 

YERİNƏ

Əsəydi kaş ki, məhəbbət küləklərin yerinə,

Səpəydi aləmə ətrin çiçəklərin yerinə...

 

Yolunda büdrədim eşqin, çətin ki, tez düzələm,

Qapır vücudumu nəfsim köpəklərin yerinə...

 

Cəhanda bir kərə məs'ud olmadım, hər dəm,

Göründü qəm gözümə bər bəzəklərin yerinə...

 

Həvəslə yarə keçərdim məhəbbətin dərsin,

Tutardım incə əlindən lələklərin yerinə....

 

O gül cəmalını seyr etməyin həvası ilə,

Enərdim ərş'dən olsam mələklərin yerinə....

 

Nigarım özgəyə yar olduğunda dərk etdim,

İlahi daş qoyar hərdən ürəklərin yerinə...

 

Üzülmə heç nəyə İslam, səbr qıl, şükr et,

Behişti vəd edir Allah bu şeylərin yerinə...

 

 

BİRDƏFƏLİK

Xəstəyəm, könlümü şad eylə, gülüm birdəfəlik,

Məni ağuşuna al ki, düzəlim birdəfəlik.

 

Ya mənim qəlbimi bir anlıq ovutmaqçün gəl,

Ya da gəl, qəlbimə daş bağla, ölüm birdəfəlik.

 

Bu rəvadırmı, gözümdən gələ eşqim dən-dən,

Əl uzat sil, ya da əl çək ki, silim birdəfəlik.

 

Bu nə getməkdi, gedirsən, qayıdırsan tez-tez,

Gəlmə, getdinsə, gülüm, gözlə, gəlim birdəfəlik.

 

Könlümün qayəsi zülfündə qərar tutmaqdır.

Bir telin göstər, o səmtə yönəlim birdəfəlik.

 

Bağrımın başına basdın bu bəla baltasını,

Qəsdin ölmümdüsə, gizlətmə bilim birdəfəlik

 

Onsuz İslamə ölümdən daha ağırdı qəmin.

Gəl mənim canımı al, get, gözəlim birdəfəlik.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.