BİRİ İKİSNDƏ Rəşad Nağı Mustafa ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Rəşad Nağı Mustafanın şeirləri ilə tanış olacaqsınız.

 

 

Rəşad Nağı Mustafan -  Rəşad Mustafayev Qamboy oğlu 1991-ci il 13 iyun tarixində Bakı şəhərində anadan olub. 2010–2015-ci illərdə Azərbaycan Texnologiya Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində qiyabi təhsil alıb. “Endorfin” adlı şeirlər kitabının müəllifidir.

 

 

OĞLUM  MİKAİLƏ

 

İlahi, verdiyin nemətə şükür,

İlahi, yerdəki cənnətə şükür.

Məni cümə günü, sübh namazında

Yuxudan oyadan qismətə şükür.

 

Şükür əllərinin xırdalığına,

Şükür ürəyinin döyüntüsünə,

Şükür gözlərinə görsənənlərə,

Şükür evdən gələn körpə səsinə.

 

Bu uşaq atamtək yatır yatanda,

Əlinin içində gizlədir üzün.

Bu uşaq atamı görməyib axı,

Bəs necə atama oxşadır özün?

 

Bu yumru, ölməli dünyada təzədən

Var etdin ayaqdan başacan məni.

Oğlumun xətrinə yaşat, İlahi,

Atamın öldüyü yaşacan məni.

 

İlahi, mən onu başa düşürəm,

Bilirəm, ağlayıb nə deyir mənə.

Mən onun dilini öyrənirəm ki,

Uşaq dilində də yalvarım sənə.

 

 

GİLAS QANI

 

Pəncərədən baxıram ayı tutmuş ağacın

paxıl budaqlarına, şeir mızıldanıram.

Bu havası çatmayan şəhərdə, ey ağaclar,

mən sizə güvənirəm, mən sizə inanıram.

Küçədəki uşaqlar başınızın üstündə

özlərini öyürlər.

Hərdən yıxılanda da ən köhnə söyüşləri

təzə kimi söyürlər.

Mən də çıxıb yıxıldım,

dodağım gilas qanı,

əllərim ərik oldu.

Sizi bağışlamışam...

Sizin budağınızdan

nənəmə yun çubuğu,

babama çəlik oldu.

Qollarınız nə çoxdur, qollarınız açıqdır,

qəfil külək əsəndə məni də qucaqlayın.

Unutqandır adamlar, vəfasızdır adamlar,

siz bizə güvənməyin, yağışa bel bağlayın...

 

 

NƏFƏSİ

 

İndi mən ehtirasın köləsi,

ədəbiyyat sərkərdəsi,

üstündən dünya qoxusu gələnlərin ən yekəsi...

Qafiyə xətrinə qız adları axtarıram sevmək üçün,

sonra ölümdən yazıram yaşamaq istəməyənlərin xoşuna gəlmək üçün,

amma və lakin ölürəm yaşamaqdan ötrü.

Olanları və olacaqları gözümün önünə gətirib

tarix yazan yaşımda şeir yazıb tarixə düşürəm.

Və fikirləşirəm:

Mənim və mənim kimilərin tarixdə qalmağı

haqsızlıqdır on dörd yaşlı Şah İsmayıla.

İndi isə sən,

saçları çiyninə,

nəfəsi ciyərinə çatmayan kəs,

səni əlindəki spreyə bağışlayıram –

məndən tez doğulduğun üçün...

Özünü qoru,

bu dəfə məndən yox, özündən...

 

 

TABUTUN AYAQLARI

 

İnsan gedəndə ayaqlarından istifadə eləmirsə,

doğmaların çiyinləri tabutun ayaqlarına çevrilirsə,

deməli, gedən qayıtmayacaq.

Doğmasını itirməyən biri kimi,

nə atası ölən anamı,

nə qardaşı ölən atamı,

nə də dünən atasının üstünə torpaq atan dostumu başa düşə bilmirəm.

Ancaq dəqiq bilirəm ki,

onun ağlamağı ən yaxşı feil,

mənim susmağım ən yaxşı təsəllidir.

Və susmağım

dilimin “Necəsən?” vərdişini tərgitməyindən bəllidir.

 

 

HƏYA

 

Budaqlar, budaqlar...

Elə bilirlər, böyüyüb

ağac olacaqlar;

mənə budaq ümidi ver, İlahi!

Əsmək üçün budaqlardan istifadə eləyəcək küləklər,

sonra bir gün bir kənara atacaq

və utanıb öz rəngini dəyişəcək yarpaqlar;

mənə yarpaq həyası ver, ilahi.

 

Bir qadının yoxluğuna dözmək üçün

mənə qadın dözümü ver, İlahi.

 

 

BULUDLARIN ANA DİLİ

 

Artsa da evlərimizdəki dərman qutularının sayı,

yenə üç dost adama bir siqaret yandırıb unutmağa çalışırıq

Ayseli, Güneli, Günayı...

Bəh-bəhlə yaşananlardan danışırıq,

sanki fəxr edirik xatirələrimizin çoxluğu ilə.

Amma üçümüz də yaxşı bilirik ki,

ən xoşbəxtimiz xatirəsi ən az olandır,

ən kökümüz ən çox qəm yeyəndir –

bu, söz oyunu deyil.

Depressiya kökəldir,

repressiya arıqladır.

Ən yaxşı şairimiz yaza bilməyəndir,

Ən çox yaşayanımız ölmək istəyib

ölə bilməyəndir.

 

Toz bassa da evimizdəki şəkil qutularını,

qonaqlıq versə də son zəngin oyuncaq ayısı bit-birələrə,

indi boyumuz rahatca çatsa da şkafın üstünə,

səngərdan boylanan yaralı əsgər kimi baxırıq xatirələrə...

 

Sonra yerinə düşür göyün guruldamağı,

yağışın yağmağı.

Buludları ana dilində eşidirik.

Və biz yenə də söz veririk bir-birimizə:

Sabahdan siqareti,

birigündən darıxmağı tərgidirik.

Yenə üç dost adama birini yandırdıq –

Ayseli, Güneli, Günayı...

 

 

MÜHARİBƏ BAŞLAYIB

 

Müharibə başlayıb.

Nəbatat bağındayam.

Hava yaman soyuqdur, özüm də bir az xəstə.

Heyif, evdən çıxanda papaq da qoymamışam,

Anam elə bilir ki, ölüm ayağındayam.

Müharibə başlayıb... Nəbatat bağındayam...

 

Mən səni gözləyirəm...

Eləcə dayanmışam Eldar şamının altda.

Gör e, adam adında ağaclar var həyatda.

Ağacların üstündən yıxılan balacalar böyüyür,

igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə də,

bu ağacın adaşı Şuşada şəhid olur.

 

Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən vətən səninçün nədir?

Bax indi dediklərim hamısı bəhanədir:

Anamın olduğu yer, atamın yatdığı yer,

bir də sən hardasansa, ora mənə vətəndir.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndir.

Mən də mütləq öləcəm, elə Eldar şamı da.

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

bir də əziz şəhidlər ölmür, başına dönüm.

Məni bərk qucaqlama, axı atan deyiləm,

məndən barıt qoxusu gəlmir, başına dönüm.

 

Hər şeyə baxmayaraq,

yenə də məni sevmək

çox xoşuna gəldisə,

dua et, ayrılmayaq,

duadan yaxşı nə var,

ürəyin gözəldirsə?..

 

 

***

 

Qırılar qanadın, qırılar qolun,

Uçma, qurban olum, sən hələ xamsan.

Mən yazan şeirdən düşdüsə yolun,

Bəxtəvər adamsan, xoşbəxt adamsan.

Mənə lazım deyil sənin “sağ ol”un,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Quşların uçmağı aldadır səni,

Onlarda adətdir, səndə həvəsdir.

 

Qanadın buluddan böyük deyilsə,

Kədərin Uhuddan böyük deyilsə,

Lap böyük olsa da, qorxma, mən varam.

Sənin gəlişinə aşiq olmuşam.

Vurulmaq bir dəfə olur, bilirsən,

Bir də gedişinə vurulammaram.

 

Uçma, qurban olum, sən hələ xamsan.

Uçsan da, unutma, yerdə mən varam.

Qırılsa qanadın, yansa qanadın,

Yerə bərk düşməyə səni qoymaram.

 

Sən yaxşı adamsan, yaxşı adamsan.

Atam deyilsən ki, qəfil öləsən.

Əlini qaşığın altına tutub

Anam deyilsən ki, yemək verəsən.

 

Eybi yox, mənimçün nar dənələmə,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Səni Qış parkında gözləyəcəyəm,

Tələsdir özünü, mənə tələsdir...

 

 

***

 

Qırdım qanadını, qolunu qırdım.

Nə səni uçmağa qoydum, nə özüm

səninlə yanaşı uça bilmədim.

Gəl sənə öyrədim bağışlamağı,

Gəl sənə öyrədim, bağışla məni,

Sənə “gəl” dediyim yerə gəlmədim.

 

Qırdım qanadını, qolunu qırdım.

Qorxma, qanadların qırıq olsa da,

Sən uça bilərsən, uça bilərsən.

Uçmağa qanad yox, ürək gərəkdir,

Mənim də ürəyim naşı ürəkdir,

Eləcə döyünür, sevməyi yoxdur.

Yağış da, bulud da bietibardır.

Mən ki vəfasızam, sən uç, yaxşısı,

Göyün səndən başqa, heç nəyi yoxdur.

 

Qorxma, qanadların qırıq olsa da,

Sənə uçmaq üçün ürək də bəsdir.

Mənim məhəbbətim bir ovuc qumdur,

Məni unutmağa külək də bəsdir.

Yerdə gözləyənin olmadı sənin,

Tələsdir özünü, göyə tələsdir.

 

Bilirsən, nə varsa, göydə var elə,

Yerə səpələnən dənə aldanma.

Mənim Qış parkından yolum düşmədi,

Bir də məni sevmə, mənə aldanma.

 

Qırdım qanadını, qolunu qırdım.

Mən səni Allahdan arzulamışdım,

Səni axtaranda göyə baxırdım.

Bir gün ölüm gəldi, qapını döydü.

Mən evdə yox idim, olsam, açmazdım.

O gün atam öldü. 40 gün keçmədi,

Qəbrinin üstünə bir şeir yazdım.

 

Ağlaya-ağlaya bir şeir yazdım,

Anama oxudum, atam eşitdi.

Atamın üçündə atamı gördüm,

Başını götürüb harasa getdi.

Mən onda bildim ki, atam sağdır, sağ,

Gedib əl açanda baxdığım yerə,

Mən ölən günədək qayıtmayacaq.

 

Bir xeyli dəyişdim atamdan sonra,

Təzə qafiyəsin tapdım yağışın.

Sonra nə oldusa, yadıma gəlmir,

Şeirin əzbərlədim Eldar Baxışın.

Sonra bir qız gördüm, yanağı dəlik,

saçları dalğalı, gözləri belə.

Gördüm, şeir-zad da qanır, üstəlik.

 

Sevdim mən bu qızı, belə, qəribə,

Elə bil xurmanı peyğəmbər sevir.

Necə başa salım, necə sevmişəm?

Atasız yetimlər nə təhər sevir?

 

Sonra atam kimi, fikrə getdim,

sol əlin şəhadət barmağı ki var,

götürüb apardım gicgah tərəfə.

Mənim harda idi sağ əlim onda?

Onu da qoymuşdum Allah tərəfə.

 

Qoymur unutmağa Allah atamı,

Mən də sağ bilirəm, o da sağ bilir.

Mən səni sevmişəm – bunu bilirsən.

Mən necə sevmişəm – bir Allah bilir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.