“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün RƏvan Cavidin şeirləri ilə tanış olacaqsınız.
Rəvan Həsənəliyev 1998-ci il yanvarın 19-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Tekirdağ Namık Kemal Universitetində Sosial politologiya və iqtisadiyyat ixtisası üzrə təhsil alır. "7", "Mavi boyalı ev" şeirlər kitabı, "Absürt menü" esselər kitabı (Türkiyə türkcəsində) və "Gecəni axtaranlar" adlı roman və hekayələrdən ibarət nəsr kitabı çap olunub.
AĞ QOÇ, QARA QOÇ
Bir cüt simurq lələyi yandır, tulla ocağa,
Ürəyində arzu tut, gəlsin ağ qoç, qara qoç.
Dünən üzü küləyə, bu gün üzü sazağa,
Bitmir səndəki inad: yarı oğlaq, yarı qoç.
İşin yoxdu, tərpətmə nəzarətli o qulu,
Yerusəlimə gedir, boğçası kəfən dolu.
Allah bir də yazmasın belə bəxtə bu yolu,
Qurtarginən davanı, bir az ağla, zarı, qoç.
Ağlar qaldı qıraqda Mədinəsi, Məkkəsi,
Yerə-göyə sığmadı Süleymanın hikkəsi,
Gördü yenə bilmədi, uduzanda şəkk kəsir,
Fironun güvəndiyi səltənətdi, o da borc.
Kimdən gəldin, kimədi bu yolun, bu cığırın?
Hansı haqqı səndədi bu yazığın, fağırın?
Yerdəki nabələddi, göydən adam çağırın,
Desin, nədi bu ömür – əvvəli puç, sonu puç.
***
Açıq qalan qapılar ürküdür içimdəki
Əli, qolu bağlanmış qaşqabaqlı məhbusu.
Açıq qalan pəncərə, açıq qalan işıqlar:
Azadlığın qurduğu bu oyun, bu bic pusu.
Sən də ağzını açma,
Səsindəki soyuqluq üşüdür duyğuları,
Azadlıq qorxusudu,
Mən tez vərdiş edirəm bu qərib qayğılara.
Yarımçıq siqaretin narahat qoxusunda
Divarlara sinirmiş yalqızlığın qorxusu.
Divarlar necə ölür, indi bir mən bilirəm,
Bir də müharibənin o evsiz uşaqları,
İndi dustaqdır çoxu, divarları havayı.
***
Neçə üsyan bayrağı asmalısan damlardan?
Neçə devrim təmizlər,
ayağın altındakı bu mavi zibilliyi?
– səmalara sinməmiş bu qədər insan iyi.
Nəyin sevdalısısan?!
Bu günəş, bu da torpaq,
dənizə nəğmə qoşan bir cüt bəyaz qağayı,
bu maşın, bu da asfalt,
bunun da adı həyat: pəncəsi qanlı ayı.
Neçə şeir sağaldar içindəki yaranı?
Neçə liman bəs edər küsdüyün gəmilərə?
Neçə mavi bant ataq sapsarı zəmilərə?
Gecəyə günəş asdım, sönməz bir ömür boyu,
Həsrətin yol saldığı bu nankor şəhərlərdə
tək qalmayasan deyə,
gözündə yaş olmuşam,
azsan, ağla,
qorxsan, ağla,
darıxsan, ağla...
NEY ÜFÜRMƏDƏN...
Salam Sarvana Şərq sualları
Soruşun, neçə il axtarıb aşiq
quyudan qeyb olan yaşsız qocanı?
Biz hansı dənizin ləpədöyəni,
hansı çöldə yanan közsüz ocağıq?
Soruşun, Şəmsini tapdımı Rumi?
Kərbəla içdimi Hüseynin qanın?
İsa qovuşdumu bəs atasına?
Musa tapmadımı qutsal olanı?
Məcnuna Leylini vəd edən yolun
sonunda nə vardı, bilinmədimi?
Min ildir axtarıb tapammadılar
Kərəmi yandıran o sarı simi.
Hansı bomba idi, yaxıb kül etdi
şərqin uzağında sakuraları?
Neçə əli kəsib Xəzərə atdı
Yoldaş Stalinin dil şuraları?
Soruşun, kim idi edam günündə
öz xalqına baxıb köksü odlanan?
Otuz yaşlı məğrur, əyilməz əzmi
edam səhbasında dəyərsiz qılan.
Kim idi göylərə yol çəkən adam,
niyə yandırmışdı yazdıqlarını?
O hansı dəliydi, baxıb gülürdü
sırayla məftildən asdıqlarına?
Kim idi sübh vaxtı minarədəki,
niyə kəsilmişdi büllur avazı?
Hansı uşaqlıqdı, mərmi altında
hələ də gözləyir ətirli yazı?
N dairəsi
Sən də mənim kimi yadına salma,
hansı küçə idi bizi ayıran?!
neçə il təqvimə baxa bilmədim,
neçə ildi həmin günü sayıram,
neçə ildi güllər fidan qalıbdır,
neçə ildir açmır yaz bənövşəsi,
bu necə kədərdi, rüsvay elədi
içdiyim qəhərin sərxoş nəşəsi.
Bu necə yol idi, tozu-torpağı
hələ də üstümə sinmiş kimidir,
hansı xəyanətin yıxmışdı məni,
qürurum təzəcə dinmiş kimidir,
hansı acizliyin köləsi idim,
kim idi başımın üstündə cəllad?
Mən niyə inandım, hələ bilmirəm,
mən ki tanıyırdım günahları adbaad,
çox da fikirləşmə, gözümün nuru,
mənim sahilimdə mirvari çoxdur,
qaç, qurtar özünü qəmin əlindən,
neçə gözəl gördüm, qəmə yoluxdu:
saçları tiftikləndi, üzləri soldu,
gözləri qəm çanağı, səsləri bərbad.
Nəbadə, yadına salma ayrılığı!
ÖLÜM ÜÇÜN
Ölümdü də,
gələr ömrün bir cığalbaz yazında
yaşıl otlar üstündə
burnumuzda yonca qoxusu
gözlərimizdə günorta yuxusu.
Ölümdü də,
gələr yayın ortasında
qorabişirən istidə:
sahil, dəniz, soyuq pivə...
Ölüm də bunlar kimi bir meyxoş hissdi də.
Gələr ən səmimi payızda,
təzədən aşiq olub
bir qızın ətrinə aldandığımız noyabrda,
ayaqlarımız xəzəlləri əzdikcə
ömrümüz əzə bilməyəndə əcəli
bir şeir də yadigar qoyarıq kağızda,
içində ölüm sözü keçən bütün surələr
yarımçıq qalar ağzımızda.
Ölümdü də,
gələr bir qış gecəsi,
sobabımızın buxarı təzəcə səngiyəndə,
belimiz torpağa əyiləndə –
insan nə gözəl sualdır qocalanda
"Bu hansı yoldur?" cümləsinə.
Ölümdü də
ya iyirmi beşdə, ya əllidə,
guya fərqi nə?
Ya yaşıl otlar üstündə,
ya da isti yorğan-döşəkdə,
guya fərqi nə?
yollardı da, hərəsi bir səmtdən gəlir,
eyni səmtə çıxmaq üçün,
soyuq dodaqlarımız hərəkətsiz,
gözlərimiz dolu hüzn.
QALATA
Yenə bir ulduz uçdu
sənin məmləkətindən mənim məmləkətimə,
yenə birinin ovuclarında yetim qaldı arzusu,
yenə ömür dediyin yalnızlığa məhkumdur.
Sənin yolunu sevdim, nə qədərmiş yolçusu...
ən böyük yalanımı da sənə söylədim,
mən saf sevgilərin qədər ovçusu.
Mərmərəyə axıtdım bütün göz yaşlarını,
yumruğum havada ağlaya bilmərəm,
amma içimdə sancı, içimdə bir ağrı var,
bizim davamızın neçə ildir bağrı qan.
Dostlarımı itirdim yalan pərvazlarında,
gözlərində dinməyən həqiqətin məşəli
söndü Promoteyin əlində.
Rum qızı, hardan tapdın bu yıxılmaz əzmini?
Mənə də öyrət, neçə güllə öldürər bu üsyankar ruhunu?
Güllə səsləri, qırılan şüşələr, polis siqnalı...
Mən Qalataya baxıram qolların arasından,
şəhər səma edir,
şəhər sanki səmazən.
***
yalanının xiffəti gör nə boyda dağ olub,
dağ yarılıb, div çıxıb, səsi ömrə çığ olub,
getmisən, dönməmisən – bu da ayrılıq olub,
axtar məni, gör məni, eşit məni, bil məni...
rüzgara de, yubansın, saçlarında əylənsin,
qumdan otaqlarım var, fəqirə rəhm eyləsin,
yolunu azan aşiq ünvanını neyləsin?
axtar məni, gör məni, eşit məni, bil məni...
köz üstündə yeridim, ağladım, odlanmadım,
qafil ovçu gecikdi, gizləndim, ovlanmadım,
sənə xatir yaşadım, tək qaldım, soylanmadım,
axtar məni, gör məni, eşit məni, bil məni...
and içdim qış ömrümün buzuna, sazağına,
zəmhərir gecəsinə, gün doğmayan çağına,
getdiyin yerdən qayıt, pıçılda qulağıma:
tapdım səni, gördünmü, eşitdinmi, bildinmi?!
***
Qaldırdım başımı –
buludlar, səma, ənginlik və sair.
Sağa baxdım –
mavilik, dalğalar, qızıl qürub –
hər şey dənizə dair.
Sola çevirdim başımı –
pəncərəsi açıq evlər,
küləklərlə rəqs edən bəyaz pərdələr,
budaqlarda sərçələr,
adam boyda divlər.
Yerə baxdım –
torpaq,
həmənki köhnə nəğmə,
min illərin ağısı,
min illərin ağrısı,
sonsuz yalnızlığın əbədi yurdu,
simurq qonmuş ağacın
budaqları qurudu.
***
Bu pinti sahillərin qosqoca Mərmərəsi,
Tutqun dekabr günü. Bir azdan yağış yağar.
Həmənki yelləncəkdə gözləyirəm baharı,
Sən gələrsən, yaz gələr,
Yaz gələr, günəş çıxar.
Gedərsən, qış qayıdar,
Buz səltənətin qurar.
Həmənki yelləncəkdə ayrılıram səninlə,
Tutqun dekabr günü. Bir azdan yağış yağar.
Dəniz lal-dinməz qalıb, sahil qaranlıq və pus,
Gözləyirəm, gələrsən,
Sən gələrsən, dağılar bu səssizlik, bu kabus.
Qutuda son siqaret, şüşə dibindən çaxır,
Tutqun dekabr günü. Bir azdan yağış yağar,
Bu gecəni qoruyan dili nəğməli sərxoş,
Ona qoşulub mən də dənizə daş ataram,
Bir ağacın dibində səhərədək yataram.
***
İnqilab nəğmələri bəstələmək istədim,
Fəhlələrin dilində ağı kimi oxundu.
Bayraqların üstünə qırmızı ulduz tikdim,
Masmavi parçalara sarı ulduz toxundu.
Həbsxana divarına yazmışdılar o gecə,
Yaşasın inqilablar! Yaşasın oktyabr!
Aldatmışdılar bizi, oktyabr deyildi,
Bir yanvar gecəsində biz etdik inqilabı.
Özü yeyib bitirdi devrim oğullarını,
Yarısı ipdə qaldı, yarısı mərmi altda.
İnqilab şairləri bir yaz günü öldülər,
Qələbə paradının başladığı saatda.
“Ədəbiyyat və incəsənət”
(16.07.2025)