İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Çağdaş Azərbaycan ədəbiyyatında özünə ad edə bilmiş yazarlardan birinin - Etimad Başkeçidin bu gün doğum günüdür. Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. Kirovisi orta məktəbində və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb.
Təbii ki, SSRİ-nin ən istedadlı gənclərinin ədəbiyyat uzmanlarından dərs aldığı bu məktəbdə oxumaq onun yazıçı kimi püxtələşməsində rol oynayıb.
Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri, "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi, universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru, Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi, Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi olub. Fəaliyyətini dayandərana qədər Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşı da olub.
2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü olub. Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir. Rus və türk dillərini bilir.
Kitabları
- Panoptikum (şeirlər və hekayələr)
- Y.Polyakov, Süddə çəpiş
- L.Anninski, Ceviz ləpəsi
- S.Kinq, Ölü zona
- V.Jirmunski, Xalq qəhrəmanlıq eposu
“Ədəbiyyatı və incəsənət”
(14.07.2025)