POETİK QİRAƏTdə Əlizadə Nuri “Hər gün bir həqiqət ölür dünyada...” şeiri ilə Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən sevilən şair Əlizadə Nuridir. Bu dəfə:

 

Hər gün bir həqiqət ölür dünyada

Min yalan yığılır başsağlığına...

 

-deyir şair. Razılaşın ki, bu şair təkrarsızdır və mükəmməldir.

Xoş mütaliələr! 

 

Hər gün bir həqiqət ölür dünyada

 

Çiçəyi əzilən bağça kimidi,

Arısı yol azan bir pətəkdi bu.

Güldana qoyduğun saxta gül ilə

Baharı komanda keçirməkdi bu...

 

Dünyanı şeytana kim uduzdurub,

Bəs şeytan allaha  uduzar haçan?

Bu ömür dediyin nədir ki belə-

Bəlkə yol getməkdir ulduzlaracan?

 

Allah yaxındadı, çox yaxındadı,

Baxma göy üzünün uzaqlığına.

Hər gün bir həqiqət ölür dünyada

Min yalan yığılır başsağlığına...

 

Həyat- gördüyümüz qorxulu yuxu,

Haqsız da bilir ki, ayrılıq haqdı.

Ölüm də son dəfə evindən çıxıb

Bir daha geriyə qayıtmamaqdı.

 

Sevinc yalquzaqtək yaxına gəlməz,

Götürüb baxtına yamaq vurasan.

...İlahi, bu dünya bar verə bilmir-

Bəlkə bu dünyaya calaq vurasan?!..

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.