“Eyni yolla gedirik biz fərqli-fərqli mənzillərə” - Cavidan Hacıyevin şeirləri Featured

Cavidan Hacıyev ixtisasca hüquqşünasdır. Şeirə marağı isə sonsuzdur. Və bu maraq da onu ara-sıra şeir yazmağa kökləyir. Yazır, özü də pis yazmır, get-gedə də püxtələşir.

Buyurun, “Ədəbiyyat və incəsənət”in Həvəskarlar rubrikasında bu gün Cavidan Hacıyevin şeirləridir.

 

Eyni yolla

 

Eyni yolla gedirik biz fərqli-fərqli mənzillərə
Eyni yolu gedirik biz, heç bilmirik mənzil nərə.
Heç bilmədən səbəbini lal sularda axanlarıq,
Diriləri basdırırıq, meyitlər ilə yaşarıq.


Sevgimizlə isidirik qəlbimizdə nifrətləri,
Sonra isə üşüyürük, qucaqlayıb cəsədləri.
Dönüb biz də buz oluruq, qucaqlayıb buz meyiti -
Məzardakı nəfəslərdən qalxıb yerin hərarəti.


Peyğəmbəri çarmıqlayib, peyğəmbəri daşlarıq biz.
Tanrıları öldürmüşük, indi adi daşlarıq biz. 
Atmayın siz daşı suya, min bir dərdi, min ahı var.
Daş nə qədər daş olsa da, onun da bir Allahı var.

 

Təzə top


Qəlbimdə incidim güzgüdən o gün,
Baxanda, gözümə sataşdı ağ saç.
Yadıma düşmür ki, nə vaxt böyüdüm?
Dünən oynayırdıq axı gizlənpaç.

Axı o günlərdə dəlilər kimi
Həyətdə səs-küylə biz top qovardıq.
Bəzən də qırardım evdə şüşəni,
Anam əsəbləşib, küncə qoyardı.

O gün də təzə bir oyuna baxdım,
Almaqçün atamdan pul da istədim. 
Evə çatandasa… qapını açdım,
Qızım «ata» deyib, üstümə gəldi.

O anda ad günüm yadıma düşdü:
Üç, iki yazmışdı tordakı şamlar.
Saç hara tələsir? — bu nə vərdişdi?
Otuzu saymasaq, iki yaşım var.

Otuzu saymasaq dünya dağılmaz.
İsanı satıblar otuz qəpiyə.
Zaman ki hissizdir, zaman acımaz:
Ürəksə top istər oyna
sın hələ.

Dünya başdan-başa ucsuzdur bəlkə,
Ancaq o dünyada doğma küncüm var.
Anam, topdan göz ol, qurbanam sənə.
O topla hələ də oynayasım var. 

Yox, qəti küsmürəm mən o aynadan.
Bu otuz eyləyib məni ərköyün...
...Ana, az qalsın ki, çıxmışdı yaddan,
Qızıma təzə top almışam o gün.


 

Aşıqsayağ


Bir cənnətdir Vətənimin torpağı.
Ulu
onun hər dərəsi, hər dağı.
Həsəd etdi qara libaslı yağı:
Qarlı qışdı — eldən düşdük didərgin.

Nə biləydik dostlar Yalıncıq oldu?
Ədən saydığımız bağçalar soldu.
Biz Əyyubduq — səbr kasamız doldu.
Həmin gecə sonu gəldi zülmətin.

Divə dönüb -  düşmənləri yıxdılar,
Yalın əllə qayalara çıxdılar,
Şimşək olub Qıratlardan çaxdılar
Nağılları gerçək edən şəhidim.

Şəhid çıxdı hər dərədən, hər düzdən.
Ölüm özü o an qorxurdu bizdən.
«Cənnət» ya «El»? — seçsək bu iki sözdən:
Vətən yoxsa, nə dəyəri Cənnətin?

Vətən bağı — yenə xarı bülbül var.
Xan əmilər yenə muğam oxuyar.
«Adaxlı qız bəy corabın toxuyar».
Yenə şair dağa salam söyləsin.

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.