GAP Antologiyasında Rza Nurinin “Boğaz yollarına zair...” şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Rza Nuridir.

 

Rza Nuri

Xiyav

 

2.

Boğaz yollarına zair düşmüş adını

Göz qapaqlarını rol etdiyin əfyun bir yuxuda

Halqa-halqa üfürdüm

Enib-qalxdım

Ağız boşluğunun çəkməcəsini açıb-bağlayan ağciyərimlə

Səsim azad sulara dağılan adalar

Səsim qafiyə yerinə barmağın ucu, əzilən kağızlar

Səsim izləyicilərini çeynəyən bir səhnə

Səsimdə Urmu ozon qatı dəliyindən qarqara edir

Quş dedikdə

Yuxuların mürəkkəb qabına batmış boyalı-bayğın başım

Göy qursağı sayaq atılır protez dişlərim

Buraq min işarətə bağladığın sözün çərpələng uçuşunu

Həyatımın alt yazısını qatarla sürübsən gözlərinə

Burax təmas xəttini ötmüş bir təyyarənin

Hava limanında yumurtalamasını.

Xiyabanın əli duraqda

Cibində gilə-gilə udmuş avtobusu,

boyununa qol-boyun meydançalarda 

qalstukunu bağlayan avtobusa udulur İona, 

udulur Ahab

Sırğa sayağı itmiş,

şin saxlamış evini sapmış küçələrə su səpmisən

Çəkib düymələ küçəni

Boyununu süpür yığ qulağına

Murtazlar zurnasına qalxan bağırsağım

Xəyyam parkında bir misra olan skamyada oturan 

qocanın korluğuna çəlik olur

Boğaz yollarına zair adın

Min qucaq ağaclarda baş yerinə bölünən sözün versiyalarını uzatmış

Asılqandan asladığım ağciyər salxımları söyləmində

Boyununun sayıqlayan döngələri var

Qorxmaz dərəcəsində qıvrıq saçın

Əqrəblərin əks istiqamətdə qət edən dəniz dalğalarının 

kələfindən bir parçadır

Boğaz yolları zair adına

Əfyun yuxulara bağla gözünü.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.