İlkin Əbəlfəzin “Küçə uşaqları” Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Gənc yazıçı İlkin Əbəlfəzin tezliklə işıq üzü görəcək romanı “Küçə uşaqları” adlanır. Roman valideyin himayəsindən məhrum edilmiş 6 uşağın taleyi barədədir.

Əlbəttə ki, belə uşaqlar az deyillər, onların taleyi hər bir kəs üçün maraqlı olmalıdır, bu uşaqlar valideyin himayəsindən məhrum olsalar da, humanist insanların və dövlətin qayğısını görməlidirlər.

 

Roman olduqca maraqla oxunur, dili sadə və anlaşıqlıdır, epizodlar bir-birini təqib edərək sonsuz maraq içində oxucunu kulminasiyaya və finala yaxınlaşdırır.

Bestseller yazmaq qaydalarına görə, 3-cü minillikdə oxucunu cəlb etmək üçün yazıçıya cəmi 3-5 abzas şans verilir.

İlkin Əbəlfəz bu qaydaya bacarıqla əməl edibdir. Roman elə ilk cümlələrdəncə oxucunu özünə cəlb edir:

 

“Mən Boranam.

      Bilmirəm, adımın xarakterimlə uyğunluğu nə qədərdir, amma hərdən özümdə qış     soyuqluğu, sonsuz qəzəb hiss edirəm. Tufan kimi, boran kimi coşmağm, çağlamağım da var.

Deyilənə görə, aləmlərin Rəbbi Adəm övladını yaradanda hələ ana bətnində ikən ilk olaraq onun taleyini yazıb. Dünyaya gəldikdən sonra isə özü ilə birlikdə ruzisini verib. Taleyi ilə ruzisi üst-üstə düşən insan bəxtəvər insan sayılıb. Bəxtəvər insanlar elə xoşbəxt insanlardır. Ta bizim kimi yox. Bizim bu həyatda nə bəxtimiz, nə də ruzimiz oldu. Yəqin bizim üçün onları yazmaq Tanrının ya yadından çıxıb, ya da həmin vaxt qələminin mürəkkəbi qurtarıb. Ona görə də hər şeyimizlə yarımçıq doğulmuşduq...

Bizə “küçə uşaqları” deyirlər. Mənasında nəyin nəzərdə tutulduğunu bilməsəm də,  bu sözü tez-tez eşidirəm. Ancaq biz küçələrdə yox, evdə yaşayırıq axı. Hərdən də “qaraçılar” deyib bizdən qaçırlar. Halbuki, biz heç qaraçı da deyilik. “Qaraçı” gəlmədir, deyilmi? Bizsə hamımız burada - Bakıda anadan olmuşuq. Hər halda, insanların gözündə biz fərqli görünürük, bizim onları gördüyümüz kimi...

İkiotaqlı bu balaca evimizdə biz beş nəfər yaşayırıq. Hamısından böyük olduğumdan ailəni, demək olar ki, mən idarə edirəm...”

 

İndi isə sizlərə romnın preambulasını təqdim edirəm. Düşünürəm ki, bu faktlar və statistik məlumatlar hamınız üçün diqqətçəkən olacaq:

 

“Dünyada yetim (ən azı bir valideyni vəfat etmiş) və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı ilə bağlı fərqli təxminlər mövcuddur, çünki məlumatlar ölkələrə və mənbələrə görə dəyişir.

BMT-nin uşaq təşkilatı olan UNICEF-i ən mötəbər qurum hesab edərək ona istinad etsək, dünyada təqribən 150–153 milyon uşaq bir və ya hər iki valideynini itirib.

Bu sahədə ixtisaslaşmış Humanium.org saytı da 147 milyon yetim uşaq olduğunu bildirir. Worldmetrics.org-a görə isə bu rəqəm 140 milyon civarındadır.

Təxminən 14–18 milyon uşaq hər iki valideynini itirib. Uşaq evlərində yaşayan uşaqlar (hansılar  ki bəziləri yetimdirlər, bəziləri isə valideyin imtinasına məruz qalıblar), yəni institusional qayğıda olan uşaqların sayı təxminən 2–8 milyon arasında dəyişir. Digər mənbələr bu rəqəmi 8 milyon və daha çox olaraq qeyd edir  “Yetim” anlayışı özündə bəzən yalnız valideyn ölümünü, bəzən isə valideynin uşaqla əlaqəsinin olmamasını (maddi, psixoloji, hüquqi səbəblərdən) ehtiva edir. Azərbaycanda “atalı-analı yetim” deyə bir ifadənin olması da elə buradan qaynaqlanır.

Statistika problemləri də mövcuddur. Statistlər bəzən qeyri-qanuni uşaq evlərinin uşaqlarını, küçə uşaqlarını və qeydə alınmamış halları hesaba qatmaya bilirlər. UNICEF, Humanium, lokal hökumət statistikaları arasında metodologiya və yanaşma fərqləri də olur. Bir valideynini itirən uşaqların sayı 140-153 milyon göstərilir. Hər iki valideynini itirən uşaqların sayı 14-18 milyon aralığındadır. Valideyin himayəsindən məhrum olan uşaqlar – yəni atalı-analı yetimlərin isə 2-8 milyon olması təxmin edilir.

Yetim, atılmış və valideyn himayəsindən məhrum olan uşaqların aqibəti çox vaxt ciddi risklərlə doludur. Onların həyat yolu yaşadıqları ölkənin sosial sistemindən, qanunlarından və yardım təşkilatlarının fəaliyyətindən çox asılıdır.

Bu uşaqlara olan psixoloji və emosional təsirlərdə travma və itki hissi başlıca rol oynayır. Valideyn itkisi uşaqların psixoloji inkişafına ciddi zərbə vurur. Çoxu depresiya, travma sonrası stress pozuntusu və özgüvən əskikliyi yaşayır. Sevgi və qayğı çatışmazlığı da öz sözünü deyir: Uşaq evləri və institutlar adətən şəxsi diqqət və emosional bağlılıq imkanları baxımından zəifdirlər, onlar ailəni əvəz edə bilmirlər.

Belə uşaqların istismar riski də həmişə aktualdır. Onlar pulsuz uşaq əməyinə cəlb oluna bilərlər: bu uşaqlar, xüsusən də yoxsul ölkələrdə tez-tez istismara məruz qalır – ağır işlərdə işlədilir və ya dilənçiliyə məcbur edilirlər.

Onların insan alveri və cinsi istismara məruz qalmaları da mümkün risklərdəndir: bəzi hallarda uşaqlar fahişəliyə və orqan mafiyalarına da yönləndirilə bilirlər.

Qız uşaqları üçün daha böyük bir risk də var – onlar erkən yaşda məcburi evliliyə məcbur edilə bilirlər.

Əlbəttə ki, bu səbəblərdən də valideyin himayəsindən məhrum olan uşaqların uşaq evlərində və ya institutlarda yaşamaları problemin ən yaxşı həll formasıdır. Bununla belə, bu vəziyyətdə də müəyyən risklər mövcuddur. Çünki uşaq evlərində və ya institutlarda qayğı keyfiyyəti aşağı olur: uşaq sayının çox, işçinin az sayda olması, sevgisiz mühit, təhsildə və sosial bacarıqlarda gerilik bu həyatın xarakteristik xüsusiyyətləridir.

Cəmiyyətə uyğunlaşmada çətinlik də Domokl qılıncı kimi uşaqların başlarının üstünü kəsdirir.  Bu uşaqlar yetkinlik yaşına çatdıqda tez-tez işsiz qalır, evsiz olur və ya cinayətə meyilli olurlar. Sonra isə  "18 yaş sindromu" özünü göstərməyə başlayır. Bir çox ölkədə 18 yaşdan sonra belə uşaqlara dövlət qayğısı kəsilir və uşaqlar həyatda tək qalırlar – evsiz qalmaq, işsizlik və sosial izolasiya riski artır.

Amma tam ümidsiz də olmayaq. Bütün yetim uşaqların həyatı fəlakətlə nəticələnmir. Bir çox beynəlxalq və yerli təşkilatlar bu uşaqların həyatını yaxşılaşdırmaq üçün çalışırlar. Məsələn, UNICEF, SOS Uşaq Kəndləri, Save the Children kimi təşkilatlar bütün dünyada valideyin himayəsindən məhrum uşaqlara təhsil, sığınacaq və psixoloji dəstək təmin edirlər.

Vəziyyətdən ən ümdə çıxış yolu, bir növ, xilas növü isə son illər daha da aktuallaşan Himayəçilik - Foster care sistemləridir – bəzi ölkələrdə uşaq evləri əvəzinə ailə mühitində qayğı sistemi uğurla tətbiq olunur. Əlbəttə ki, valideyin qayğısından məhrum olub da buna ehtiyac duyan uşaqlar vardırsa, bu və ya digər səbəbdən valideyin ola bilməyən ailə cütlükləri də vardır, bu halda sadəcə iki tərəfi bir-biri ilə uzlaşdırmaq lazımdır.

Əmək bacarıqlarının inkişafı, təqaüd proqramları, mentorluq layihələri ilə də bu uşaqların həyatında dönüş yaradıla bilər.

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların aqibəti haqqında daha konkret faktlara istinad etsək, aşağıdakı mənzərənin şahidi olarıq:

2023-cü ilin iyulunda Prezident sərəncamı ilə ölkədə rəsmi “foster family” institutu tətbiq olunmağa başlayıb. Hazırda 47 uşaq bu sistemə yerləşdirilib (18 oğlan, 29 qız), onlardan 25-i Bakıda, 22-si müxtəlif regionlarda yaşayır.

Dövlət bu ailələrə aylıq maliyyə dəstəyi göstərir: 0–6 yaş 355 AZN, 7–13 yaş 375 AZN, 14–18 yaş 395 AZN.  Uşaqlarda əlillik varsa, məbləğ daha yüksək olur.

Foster family və digər daha uğurlu vasitələr tətbiq olunduqca əvvəlki institutların tədricən bağlanması nəzərdə tutulur ki,  2006–2016-cı illərdə “Deinstitutionalization and Alternative Care” proqramı çərçivəsində ənənəvi uşaq evlərində uşaq sayları 14 500-dən  təqribən 10 000-ə düşüb. Lakin təkcə səkkiz müəssisə transformasiya olunub – bu islahatlar hələlik yetərincə sürətli deyil.

Reformların məhdud problemləri ondadır ki, uşaq evlərində nadir hallarda fərdi inkişaf planları və monitorinq var. Bu sistemlər hələ də qeyri şəffaf, korpusiya riskli və qeyri-kafi resurslarla işləyir.

Rəqəmlər göstərir ki, Azərbaycanda təxminən 10 000 uşaq böyüklərə aid müəssisələrdə yaşayır; infiradlı qayğı və əmək istismarı halları da məlumdur.

Dövlət komitəsi, UNICEF, AIDA, USAID və digər qurumlar tərəfindən psixoloji, sosial, təhsil məqsədli layihələr həyata keçirilir.

Azərbaycan uşaqlarının bir şansı da onlara arxa-dayaq olan Heydər Əliyev Fondunun mövcudluğudur.

2025-ci ilin iyununa qədər 360-dan çox autizmli və əlilliyi olan uşağa reabilitasiya xidməti göstərilib; övladlığa götürmə yolu ilə 730-dan çox uşaq ailələrə verilib, son iki ildə isə 47 uşaq isə, qeyd etdiyimiz kimi, “foster” sisteminə daxil edilib .

Dövlət büdcəsi, AIDA və xarici donorlarla əməkdaşlıq nəticəsində ən yoxsul ailələrə yardım və sosial proqramlar tətbiq olunur. 2022-ci ildə 63 000 ailə dəstək alıb.

Beləliklə, gələcək prioritetlər arasında Foster care-i genişləndirmək, regionlarda nəzarəti gücləndirmək, istismar hallarını aşkar etmək və ailə üçün sosial motivasiyanı artırmaq əsas məqsədlərdir.”

 

P.S. Kitabın sentyabr ayında işıq üzü görəcəyi planlaşdırılır. Xoş mütaliələr.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.