“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub Featured

“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Azərbaycanda Atatürk Mərkəzinin zalında keçirilən tədbirin qonağı akademik, Əməkdar elm xadimi Nizami Cəfərov olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri açaraq Azərbaycan Universitetinin tələbələrinə bildirib ki, Nizami Cəfərovun tədqiqatları Azərbaycan dili tarixi, türkologiya və müasir ədəbi proseslə bağlıdır. Akademik, eyni zamanda, “Azərbaycanşünaslığın əsasları”nın yaradılmasına mühüm töhfə verib. 

Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova gənc filoloqların gələcək fəaliyyətində  belə görüşlərin rolundan danışıb və akademikə, tələbələrə vaxt ayırdığı üçün minnətdarlıq edib.

Nizami Cəfərov gənc həmkarlarına Azərbaycanda Atatürk Mərkəzinin yaranma tarixindən danışıb, dilçiliyin və türkologiyanın problemlərini təhlil edib. Azərbaycan Universitetinin tələbələri alimə coxsaylı suallar ünvanlayıb, akademikin əsərlərindən müxtəlif sitatlar səsləndiriblər.

Sonda Nizami müəllim tələbələrə öz kitablarını avtoqrafla hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

"Ulduz"lu görüşlər"in növbəti qonağı ədəbiyyatşünas alim Mətanət Vahid olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.